
İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU
Son illərdə dünya üzrə, xüsusilə də ABŞ-də ixtisarların artması iş təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da gücləndirib. Mütəxəssislər bildirirlər ki, bu qorxular bəzən real risklərdən daha çox insanın daxili psixoloji vəziyyəti ilə bağlı olur.
Valyuta.az xəbər verir ki, Klinik psixoloq Ellen Hendriksen bu mövzu ilə bağlı qeyd edib ki, bir çox insan real təhlükə olmadığı halda da işdən çıxarılma qorxusu ilə yaşamağa davam edir. Onun sözlərinə görə, bu vəziyyət bəzən depressiya, tükənmişlik sindromu və ya anksiyete pozuntusu ilə nəticələnə bilər. Psixoloq beş əsas halı və bu narahatlıqların öhdəsindən gəlmək yollarını sadalayıb:
Hissləri fakt kimi qəbul etmək
İnsanlar özlərini qeyri-kafi hiss etdikdə, bu hissi işlərinin təhlükədə olması ilə əlaqələndirirlər. Lakin Hendriksenin fikrincə, hiss olunan qorxu hər zaman reallığı əks etdirmir. Bu hal "emosional düşüncə" adlanır və insanın bacarıqlarına obyektiv yanaşmasını əngəlləyir.
Fəlakət ssenarilərini şişirtmək
Bəzi insanlar işlərini itirdikdə həyatlarının tamamilə dağılacağına inanır. Bu ssenarilər əslində reallıqdan uzaqdır. Mütəxəssislər belə hallarda qorxuların ardıcıl mərhələlərini yazmağı və onların hər birinin baş vermə ehtimalını ayrıca qiymətləndirməyi tövsiyə edir.
Qeyri-müəyyənliklə yaşaya bilməmək
Hər kəs həyatında müəyyən risklərlə qarşılaşır. Lakin bəzi insanlar 100 faiz əminlik axtarır və bu mümkün olmadıqda özlərini güvənsiz hiss edirlər. Bu narahatlığı azaltmaq üçün real və spesifik suallarla rəhbərlə dialoq qurmaq və müəyyən qədər qeyri-müəyyənliyi qəbul etmək tövsiyə olunur.
Performansla özünü dəyərləndirməyi qarışdırmaq
İş nəticələrini şəxsi dəyər göstəricisinə çevirmək psixoloji gərginliyə səbəb olur. Mütəxəssislər öz dəyərimizi yalnız peşə uğurlarımızla deyil, digər insani keyfiyyətlərlə də tanımağı vacib sayır.
Hamını razı salmağa çalışmaq
Hər kəsin rəyini nəzərə almağa çalışmaq insanı daim narahat vəziyyətdə saxlayır. Bu halda isə əsas məsələ işin nəticəsinin məqsədə uyğun olub-olmamasıdır. Mütəxəssislər işin keyfiyyətini öz meyarlarımıza əsasən qiymətləndirməyi və öz rəyimizi birinci yerə qoymağı tövsiyə edir. Psixoloqların fikrincə, bu qorxuları tamamilə yox etmək mümkün olmasa da, onları idarə etməyi öyrənmək iş həyatında daha sağlam və dayanıqlı yanaşma formalaşdırmağa kömək edir.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay