
Almaniya iqtisadiyyatı üçün təhlükə: Xarici sərmayələr son 14 ilin ən aşağı səviyyəsində
Almaniyada birbaşa xarici sərmayələr ötən il 2011-ci ildən bəri ən aşağı səviyyəyə geriləyib.
Valyut.az xəbər verir ki, audit və konsaltinq şirkəti "EY Almaniya" birbaşa xarici sərmayələrlə bağlı hesabatını açıqlayıb. Hesabata əsasən, Almaniyada birbaşa xarici sərmayələrdəki azalma tendensiyası davam edir.
Ölkədə xarici şirkətlər tərəfindən elan edilən sərmayə layihələrinin sayı ötən il əvvəlki ilə nisbətən 17 faiz azalaraq 608-ə enib. Bu rəqəm 2011-ci ildən bəri ən aşağı səviyyə kimi qeydə alınıb və bu, ardıcıl yeddinci illik azalma deməkdir.
"EY Almaniya"nın ölkə üzrə idarəedici tərəfdaşı və İdarə Heyətinin sədri Henrik Ahlers məsələ ilə bağlı şərhində Almaniyadakı xarici sərmayə layihələrinin sayının davamlı olaraq azalmasının narahatedici olduğunu bildirib: "Bu, Almaniyanın iş və biznes mərkəzi kimi daha bir xəbərdarlıq siqnalıdır. Avropanın digər bölgələri çox daha yaxşı nəticələr göstərdiyi halda biz geridə qalırıq. Xarici sərmayələrdəki azalma sürətlənməkdədir".
Ahlers Almaniyanın sərmayə cəlbediciliyində zəifləməsinin bir neçə səbəbi olduğunu qeyd edərək deyib: "Almaniya son illərdə cazibədarlığının böyük bir hissəsini itirib. Digər Avropa ölkələri dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və işgüzar mədəniyyətlərini inkişaf etdirməklə irəliləyərkən, Almaniya yerində sayır. Yüksək vergi yükü, əməkhaqqı xərclərinin çoxluğu, bahalı enerji və eyni zamanda iflicedici bürokratiya... Bunlar illərdir şikayət olunan məsələlərdir. Almaniya dərin struktur problemləri və zəifləyən iqtisadiyyatla mübarizə apardığı üçün xarici sərmayəçiləri getdikcə daha çox çəkindirir".
Hesabatda qeyd olunub ki, Almaniyada sərmayə layihələrinin sayı 2017-ci ildəki rekord səviyyədən bu yana ümumilikdə 46 faiz azalıb və bu miqyasda azalma Avropanın heç bir əsas regionunda müşahidə edilməyib. Müqayisə üçün qeyd edilib ki, “Brexit”ə baxmayaraq, Birləşmiş Krallıqda sərmayə layihələrinin sayı eyni dövrdə yalnız 25 faiz azalıb.
Avropa miqyasında isə ötən il xarici sərmayəçilər tərəfindən elan edilən layihələrin sayı illik 5 faiz azalaraq 5383-ə düşüb. Fransa, layihə sayında 14 faiz azalma ilə 1025-ə geriləsə də, Avropada liderliyini qoruyub.
Siyahının ikinci pilləsində yer alan Birləşmiş Krallıqda isə layihə sayı 13 faiz azalaraq 853 olub. Almaniya isə üçüncü sırada qərarlaşıb. Avropanın əsas regionları arasında yalnız İspaniya və Polşa ötən il müvafiq olaraq 15 və 13 faiz artım göstərərək diqqət çəkib.
Almaniyanı sərmayə mərkəzi kimi seçən xarici şirkətlərin sayı azalmaqda davam etdiyi halda, Alman şirkətlərinin digər Avropa ölkələrinə marağı artmaqdadır.
Ötən il Alman şirkətlərinin Avropadakı sərmayə layihələrinin sayı əvvəlki ilə nisbətən 2 faiz artaraq 633-ə çatıb. ABŞ şirkətləri isə 942 layihə ilə Avropa ölkələrində daha çox layihə həyata keçirib.
Şərqi Avropada isə Alman şirkətləri 214 layihə ilə ən böyük sərmayəçi mövqeyində olub.
Son illərdə ABŞ şirkətləri Almaniyadakı fəaliyyətlərini əhəmiyyətli dərəcədə azaldarkən, Çinli şirkətlər Almaniyaya sadiqliyini qoruyub.
Çindən gələn sərmayə layihələrinin sayı 99-dan 96-ya enmiş olsa da, bu göstərici son 5 ilin ortalama səviyyəsində qalıb. Beləliklə, Çin ilk dəfə 96 layihə ilə ABŞ-ı (90 layihə) geridə qoyaraq Almaniyadakı ən böyük xarici sərmayəçi olub.
Avropa daxilində Almaniya, Çinli şirkətlər üçün açıq şəkildə ən çox üstünlük verilən ölkə olaraq qalır. Ötən il Avropada həyata keçirilən 260 Çin sərmayə layihəsinin 96-sı, yəni 37 faizi Almaniyada baş tutub.
Almaniyanı İspaniya 30, Fransa 27 və Birləşmiş Krallıq 22 layihə ilə izləyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay