
"Nokia"dan sonra daha bir əfsanəvi smartfon brendi tarixə qovuşacaq
2021-ci ildə mobil biznesini dayandıran Cənubi Koreya brendi LG yaxın iki ay ərzində mövcud istifadəçilər üçün dəstəyi tamamilə dayandıracaq.
Valyuta.az xəbər verir ki, bu barədə "9to5Google" portalı məlumat yayıb.
Məlumata görə, 2025-ci il iyunun 30-da LG öz smartfonlarının bulud yeniləmələrinə cavabdeh serverlərini söndürəcək. Bu tarixdən sonra istifadəçilər nə "Android" əməliyyat sisteminin yeni versiyasını, nə də "Google" təhlükəsizlik yeniləmələrini quraşdıra biləcəklər.
Bununla yanaşı, ehtiyat nüsxələrin yaradılması, məlumatların bərpası və proqram təminatının yenilənməsi üçün istifadə olunan "LG Bridge" adlı kompüter proqramı da fəaliyyətini dayandıracaq. Eyni zamanda, artıq silinmiş sistem tətbiqlərinin yenidən qurulması da mümkün olmayacaq.
Əgər sizdə köhnə bir LG smartfonu varsa, indi onu aktivləşdirərək son mövcud yeniləməni quraşdırmaq üçün son fürsətdir. Qısa müddət sonra bu imkandan da məhrum olacaqsınız.
Qeyd edək ki, LG smartfonları istifadəçilərə yüksək səs keyfiyyəti və qeyri-adi dizayn həlləri ilə xatırlanır. Bununla belə, şirkət mobil texnologiyalar bazarında maddi itkilərlə üzləşib və geniş auditoriyanı cəlb edə bilməyib. Şirkətin ən yadda qalan modellərindən biri də əsas ekranı fırlana bilən "LG Wing" olmuşdu.
Bundan əvvəl məlum olmuşdu ki, 2025-ci il ərzində "Nokia" brendi altında beş yeni telefon buraxıldıqdan sonra bu əfsanəvi ad da tarixə qovuşacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay