
Şirin su hövzələrində oksigen tükənir: Ekosistemlər dağıla bilər
Dünyadakı çaylar, bulaqlar, göllər və su anbarları həyat üçün əvəzolunmazdır və insanlar kimi onların da fəaliyyət göstərməsi üçün oksigenə ehtiyacı var. Lakin Utrext Universitetinin alimləri tərəfindən aparılan araşdırma göstərib ki, son 100 il ərzində şirin su hövzələrində oksigenin miqdarı xeyli azalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Scitechdaily" elmi jurnalı yazır.
Tədqiqatçılar vurğulayırlar ki, 1900-cü ildən bəri şirin su sistemlərində oksigenin istehsalı və istifadəsi əsasən insan fəaliyyəti nəticəsində kəskin dəyişib. Bildirilir ki, oksigen yalnız sualtı həyat üçün deyil, həm də karbon və azot kimi qida maddələrinin dövranı üçün mühüm əhəmiyyət daşıyır. Oksigen səviyyəsi çox aşağı düşdükdə (bu hal "hipoksiya" kimi tanınır), ekosistemlər dağılmağa başlayır: balıqlar ölür, qida zəncirləri pozulur, suyun keyfiyyəti pisləşir və bu nəticələr artıq dünyanın bir çox yerində hiss olunur.
Nəşr qeyd edir ki, bu araşdırma bir daha sübut edir: göllərdə və çaylarda baş verənlər lokal deyil, qlobal böhrandır və səbəbi birbaşa insan fəaliyyətidir.
Utrextli geoloqların - Cünci Vanq və Cek Middelburq - rəhbərliyində olan tədqiqat qrupu dünyada bütün şirin su hövzələrində oksigen dövranını təsvir edən qlobal model hazırlayıb. "Bu model vasitəsilə biz oksigen dövranını geniş miqyasda başa düşmək və problemlərin mənbəyini görmək, vaxtında müdaxilə etmək imkanı əldə edirik", deyə Middelburq bildirib.
Alimlər aşkar ediblər ki, qlobal oksigen dövranı, yəni oksigenin istehsalı və istehlakı artıb. Lakin əsas problem ondan ibarətdir ki, bu sular istehsal etdiklərindən daha çox oksigen sərf edirlər və nəticədə atmosfer oksigenini udan bir "mənbəyə" çevrilirlər.
"Daha çox kənd təsərrüfatı fəaliyyəti, daha çox çirkab suları, daha çox bəndlər və daha isti iqlim – bütün bunlar şirin su ekosistemlərinin fəaliyyətini dəyişir”, deyə Vanq izah edib.
Çaylara, göllərə və su anbarlarına daxil olan qida maddələrinin artması yosunların daha sürətli artmasına səbəb olur, lakin onlar öldükdən və parçalandıqdan sonra böyük miqdarda oksigen istehlak edirlər.
"Əsas səbəblər insan fəaliyyətindədir. Birincisi, həddindən artıq gübrələmə nəticəsində qida maddələrinin sulara daxil olması bu prosesin sürətlənməsində həlledici rol oynayır. İkincisi, bəndlər və su anbarları ucbatından şirin suyun dənizə çatma müddətinin uzanması da az əhəmiyyət daşımır", deyə Middelburq əlavə edib.
Eyni zamanda, temperaturun yüksəlməsi oksigenin suda daha az həll olunmasına, su qatları arasında hərəkətinin zəifləməsinə və onu daha sürətlə sərf edən proseslərin sürətlənməsinə səbəb olur. "İndiyədək elmi ədəbiyyatda temperatur artımının əsas səbəb olduğu düşünülürdü. Lakin bizim model göstərdi ki, istiləşmə bu hadisəyə yalnız 10-20 faiz təsir edir", deyə Vanq vurğulayıb.
Tədqiqatın nəticələri göstərir ki, bu gün şirin sularda oksigen dövranı 1900-cü illərin əvvəllərindəki vəziyyətdən xeyli fərqlidir. "Bu sular Yer səthinin cəmi kiçik bir hissəsini əhatə etsə də, hər il atmosferdən təxminən bir milyard ton oksigen çıxarırlar - bu da bütün okeanların atmosferə geri buraxdığı oksigenin yarısına bərabərdir", deyə Middelburq müqayisə aparıb.
“Artıq biz qlobal iqlim və oksigen balansında şirin suları nəzərə almadan davam edə bilmərik. Onlar düşündüyümüzdən daha sürətlə dəyişir və Yer sisteminin ən vacib parçasına çevriliblər", deyə Vanq yekunlaşdırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay