
"ExxonMobil"in qazdığı quyu boş çıxdı - Yunan Kiprinin qaz fiaskosu
Kipr yunan administrasiyasının Şərqi Aralıq dənizində təbii qaz tapmaq ümidi ilə həyata keçirdiyi layihələrdən daha biri uğursuzluqla nəticələnib.
Valyuta.az xəbər verir ki, Amerikanın "ExxonMobil" şirkətinin dörd ay əvvəl qazıntıya başladığı 5-ci parseldə qaz ehtiyatına rast gəlinməyib.
Kipr yunan rəhbərliyi "çox böyük qaz yatağı var" deyə "ExxonMobil" şirkəti ilə birlikdə Şərqi Aralıq dənizinin Kipr adasının cənubunda yerləşən 5-ci parselində qazıntıya başlamışdı. Lakin aparılan qazma işləri nəticəsində heç bir ticari dəyəri olan qaz yatağı aşkarlanmayıb.
Səssiz şəkildə bölgəni tərk edən qazma gəmisi ilə birlikdə, Avropaya boru kəmərləri vasitəsilə qaz ixracı planlayan Cənubi Kipr Energetika Nazirliyi də açıqlama verməkdən yayınır.
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) bütün etirazlarına baxmayaraq, yunan administrasiyası Kipr adasının cənub və qərb sahillərini - bəzi hallarda Türkiyənin kontinental şelfini də pozaraq - 13 parselə bölüb və bu sahələri beynəlxalq şirkətlərə icarəyə verib. Lakin illərdir davam edən bu sondajlar nəticəsində ciddi bir təbii qaz ehtiyatı aşkarlanmayıb.
Yunan administrasiyası 2017-ci ildə Türkiyənin Antalya sahillərində elan etdiyi kontinental şelfə çox yaxın olan 5 və 10 nömrəli parselləri "ExxonMobil" və Qətər ortaq şirkətinə icarəyə vermişdi. "ExxonMobil" 2019-cu ildə "Glaucus" adlı 10-cu parseldə orta səviyyəli (təqribən 98 milyard kubmetr) qaz yatağı aşkar etmişdi. Lakin Aralıq dənizinin tam ortasında yerləşən bu yataqdan qaz çıxarılmasının iqtisadi baxımdan sərfəli olmadığı qiymətləndirilib.
Yanvar ayında ümidverici 3D seysmik araşdırmaların nəticəsinə əsasən, "ExxonMobil" 10-cu parselin bitişik sahəsi olan 5-ci parseldə qazıntılara başladı. Yunan tərəfi bu sahədən 800 milyard kubmetr həcmində ehtiyat gözləyir və qazın boru kəmərləri ilə Avropaya nəqlini planlaşdırırdı.
Lakin enerji sektoru üzrə xəbərlər paylaşan "Middle East Survey" portalı "ExxonMobil" mənbələrinə əsaslanaraq bildirib ki, şirkət dəniz dibindən 6800 metr dərinliyə qədər qazıntı aparsa da, geniş bir yataq əvəzinə parçalanmış təbii qaz klasterləri ilə qarşılaşıb və qazma işlərinə son verib. Energetika Nazirliyi mövzu ilə bağlı yerli mətbuatının suallarına cavab verməyib. Gözlənilir ki, yaxın günlərdə yerli administrasiya və "ExxonMobil" məsələ ilə bağlı rəsmi açıqlama yayımlayacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay