
“Pul 90% emosiyadır, 10% məntiq” - SƏHƏR OXUSU
Əgər nə vaxtsa özünüzü “pul məsələsində uğursuz olmaqda” günahlandırmısınızsa yanılırsınız.
Bəzi maliyyə terapevtlərinin fikrincə, problemin kökü nə özünüidarə bacarığınızda, nə riyazi biliklərinizdə, nə də telefonda büdcə tətbiqinin olmamasındadır – əsas məsələ emosiyalarınızdır.
“Pul 90% emosiyadır, 10% məntiq”, – deyə “Croswaite Consulting” şirkətinin sahibi, sertifikatlı maliyyə terapevti Xara Krosveyt Brindl bildirir. “Neçə kitab oxusaq da, neçə podkast dinləsək də, bizi pul haqqında olan inanclarımız, düşüncələrimiz və hisslərimiz idarə edir.”
Krosveyt Brindl qeyd edir ki, qaydalara və cədvəllərə əsaslanan strategiyalar çox zaman effektiv olmur, çünki bu yanaşmalar insanın pulla münasibətini nəzərə almır. Bu münasibət isə, digər münasibətlər kimi, emosional bağlılıq stilindən təsirlənir.
Üç əsas emosional bağlılıq stili – narahatlıq, tələskənlik və güvənli – həm şəxsi münasibətlərdə, həm də gündəlik maliyyə davranışlarında özünü göstərir. Əgər büdcəyə riayət etməkdə çətinlik çəkirsinizsə və ya bazar enişləri sizi nəzarətsiz hiss etdirməyə vadar edirsə, emosional modelinizin maliyyə yanaşmanıza necə təsir etdiyini anlamaq uzunmüddətli dəyişiklik üçün vacib ola bilər.
“Hər qəpiyə nəzarət etməliyəm.”
Əgər gündə bir neçə dəfə bank hesabınızı yoxlayır, kifayət qədər yığımınız olsa belə maliyyə sabitliyinizlə bağlı narahatlıq hiss edirsinizsə, bu narahatlıq bağlılığından xəbər verə bilər.
Krosveyt Brindl bu cür yanaşmanı, sanki itirməkdən qorxduğun bir insanla münasibət yaşayırsanmış kimi təsvir edir. Bu qorxu, həm də real maliyyə fəsadlarına gətirib çıxara bilər – məsələn, bazar enişi zamanı yatırımların vaxtından əvvəl geri çəkilməsi və ya öz inkişafınıza sərf edilə biləcək xərclərdən qaçmaq.
Maliyyə terapevti Neyt Astl vurğulayır: “Narahat bağlılıq daim kifayət qədər pulun olmaması və ya hər şeyin qaydasında olmayacağı hissi ilə müşayiət olunur.”
Nə etməli? - Krosveyt Brindl gündəlik yoxlamaları azaltmağı, bank hesabını həftədə iki dəfə izləməyi tövsiyə edir. Həmçinin, sakitləşdirici musiqi və rahat mühitdə maliyyə yoxlamaları aparmaq, pulun təhlükəsiz olduğunu sinir sisteminə aşılamağa kömək edə bilər.
“Bank hesabımı görmək istəmirəm.”
Əgər ödənişləri görməzlikdən gəlir, büdcə planlaşdırması sizi narahat edirsə və maliyyə sənədlərindən qaçırsınızsa, bu bağlılıq stilini göstərir.
Krosveyt Brindl bu şəxsləri “başını quma soxan dəvəquşu” ilə müqayisə edir. Lakin məsuliyyətdən qaçmaq problemin həllini təmin etmir, əksinə daha böyük maliyyə çətinliklərinə yol açır.
Neyt Astl qeyd edir ki, bu davranışın kökündə laqeydlik deyil, emosional qoruma ehtiyacı dayanır.
Nə etməli? - Krosveyt Brindl kiçik addımlarla başlamanı – məsələn, 5 dəqiqəlik taymerlə bank balansına baxmağı – və etibarlı bir şəxslə birlikdə maliyyə məsələlərini müzakirə etməyi tövsiyə edir.
“Pul gəlir və gedir. Mən yaxşı olacağam.”
Əgər maliyyə məsələlərinə stresssiz yanaşır, ifrata varmadan yığımlar edirsinizsə və pul barədə rahatlıqla danışırsınızsa, bu güvənli bağlılığın stilidir.
Krosveyt Brindl əlavə edir ki, belə insanlar üçün maliyyə problemləri dünyanı dağıdan hadisələr deyil – onlar plan qurur və həyatlarına davam edirlər.
Necə qorumaq olar? Güvənli bağlılıq emosional balansı saxlamaqla mümkündür. Astl vurğulayır: “Pul sizin sahib olduğunuz bir şeydir, amma sizin kimliyiniz deyil.” Onun sözlərinə görə, utanc hissi dəyişimin qarşısını alan əsas maneədir.
Krosveyt Brindl isə pulun insanın dəyərini deyil, məqsədlərini əks etdirdiyini qəbul etməyin vacibliyini bildirir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay