
Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı
Peyk məlumatlarına əsasən, Şimal Buzlu okeanında bu il maksimum buz örtüyü 10 gün gecikmə ilə 22 mart tarixində qeydə alınıb. Lakin bu ölçmələr, 47 il əvvəl başlayan peyk müşahidələri dövründən bəri ən aşağı səviyyəni göstərir.
Valyuta.az xəbər verir ki, bu da iqlim böhranının təsirlərinin getdikcə daha aydın şəkildə müşahidə edildiyini ortaya qoyur.
Cari ildə buz örtüyü sahəsi 14,33 milyon kvadrat kilometr olaraq ölçülüb ki, bu da 1981–2010-cu illər arasındakı orta göstəricidən təxminən 1,3 milyon kvadrat kilometr azdır. Bu itki, demək olar ki, Cənubi Afrika ölçüsündə buz sahəsinin iqlim dəyişikliyi nəticəsində yox olduğunu göstərir.
Kolorado Universitetinin Boulder kampusu nəzdində fəaliyyət göstərən Milli Qar və Buz Məlumat Mərkəzinin tədqiqatçıları, buz örtüyü ilə bağlı daha ətraflı təhlilləri yaxın həftələrdə dərc etməyi planlaşdırır. Hərçənd hava şəraitindəki dəyişikliklər və mövsüm sonunda müşahidə ediləcək artımlar yekun nəticələrə təsir edə bilər, lakin buz örtüyü səviyyəsinin olduqca təhlükəli olduğu artıq indidən aydın görünür.
Əvvəlki ən aşağı maksimum buz örtüyü səviyyələri 2017, 2018, 2016 və 2015-ci illərdə qeydə alınmışdı. Bu ilin göstəricisi isə, 2017-ci ildəki rekord səviyyədən belə 80.000 kvadrat kilometr daha aşağı olub. Üstəlik, maksimum buz örtüyünün baş verdiyi tarix, 1981–2010 ortalamasına görə 10 gün gec ölçülüb.
Kutup bölgəsində və ətraf dənizlərdə hava temperaturu, orta göstəricilərdən 1–2°C yüksək olub. Bering dənizi mövsüm boyunca zəif səviyyədə qalsa da, mart ayında orta səviyyələrə yaxın artım göstərərək ümumi buz örtüyünə müəyyən töhfə verib. Lakin bu artımlar ümumi eniş tendensiyasını dəyişdirməyə kifayət etməyib.
Şimal Buzlu okeanındakı bu dramatik azalma, qlobal iqlim dəyişikliyinin miqyasını göstərən ən son göstəricidir. 2024-cü il indiyə qədər qeydə alınan ən isti il olub. Əvvəlki ən isti 10 ilin hamısının son onillikdə qeydə alınması isə təhlükəli bir tendensiyanın göstəricisidir. 2025-ci ilin yanvar ayı da tarixə ən isti yanvar ayı kimi düşüb və bu il ərzində də yüksək temperaturların davam edəcəyi proqnozlaşdırılır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay