
Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?
Son illər kriptovalyuta texnologiyası qlobal iqtisadi sistemdə mühüm rol oynamağa başlayıb. Rəqəmsal aktivlərə marağın artması, Azərbaycanda da bu sahənin inkişafı və onun iqtisadiyyata təsirləri barədə sualları gündəmə gətirir. Kriptovalyutalar ənənəvi maliyyə sistemlərinə alternativ olaraq, sürətli və təhlükəsiz tranzaksiyaları təmin edir.
Bəs bu texnologiyanın Azərbaycanda tətbiqi ölkə iqtisadiyyatına hansı təsirlər göstərə bilər?
Mövzu ilə bağlı Valyuta.az-a danışan Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev bildirib ki, kriptovalyuta bazarında son 1 il ərzində qiymətlərin artması Azərbaycanda da korporativ şirkətlərin, həvəskar investorların və adi vətəndaşların rəqəmsal aktivlərə olan marağının daha da artması ilə nəticələnib:
“Qiymətlərin artması insanları kriptovalyutalara investisiya etməyə motivasiya edib. Çünki kriptovalyutalar riskli aktiv olmasına baxmayaraq, ənənəvi maliyyə alətləri ilə müqayisədə dəfələrlə gəlirli olmağı bacarıb. Azərbaycanda hazırda rəqəmsal valyutalara hüquqi status verilməyib. Rəqəmsal valyutalara hüquqi statusun verilməsi ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafını daha da stimullaşdıracaq”.
Elnur Quliyevin sözlərinə görə, kriptovalyuta əməliyyatlarının leqallaşdırılması, sadələşdirilmiş prosedurlar və optimal vergi dərəcəsini tətbiq etməklə 3 önəmli məsələni həll etmək mümkündür:
“Bunlar isə Azərbaycanda rəqəmsal aktivlər üzrə əməliyyatların statistik uçotunun aparılması, kriptovalyuta əməliyyatları üzrə dövriyyənin müəyyən olunması və vergiyə cəlb edilməsi və maliyyə texnologiyaları üzrə yeni biznes fəaliyyəti növlərinin (mübadilə servisləri, mayninq fermaları, kripto-birjalar) meydana gəlməsidir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda kriptovalyutaların tənzimlənməsi ilə bağlı əsas cavabdeh qurum olan Mərkəzi Bank hazırda beynəlxalq təcrübələri nəzərə alaraq milli standartların yaradılması üzrə işlər aparır:
“Bu istiqamətdə ilk addımlardan biri də “sandbox” rejiminin tətbiqidir. “Sandbox” xüsusi tənzimləmə rejimi maliyyə sektorunda innovativ maliyyə məhsullarının Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi üzrə qaydalar toplusunu əks edir. Yəni, xüsusi meyarlar üzrə seçilmiş şirkətlər müəyyən müddət (6 ay və ya 1 il) ərzində test rejimində öz innovativ məhsul və ya xidmətlərini təqdim edəcəklər. Mərkəzu Bank isə nəticələri analiz edərək ölkənin qanunvericiliyi çərçivəsində müvafiq tənzimləmə aktları qəbul edəcəkdir. Əsas məqsəd texnoloji və innovativ inkişafına mane olmadan milli standartların yaradılmasıdır. Ehtimal edirəm ki, 2025-ci ilin dördüncü rübündə müvafiq qanunvericilik aktları qəbul ediləcək”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay