
İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək
"Intel" və "TSMC" ortaq çip istehsalı üçün əməkdaşlığa hazırlaşır
Dünyanın aparıcı çip istehsalçılarından olan "Intel" və "TSMC" çip sənayesində mühüm əməkdaşlığa imza atmağa hazırlaşır.
Valyuta.az xəbər verir ki, "The Information" tərəfindən yayımlanan məlumata görə, tərəflər "Intel"in çip istehsalı zavodlarını idarə edəcək birgə müəssisə yaratmaq üçün ilkin razılaşma əldə ediblər. Yeni təşəbbüsdə "TSMC"nin payı 20 faiz olacaq.
Razılaşmaya əsasən, "TSMC" bu payını birbaşa kapital qoyuluşu ilə deyil, bəzi istehsal proseslərini "Intel" əməkdaşları ilə bölüşərək təmin edəcək. Bu çərçivədə "TSMC", "Intel"in mühəndis heyətini öz texnologiyaları üzrə təlimatlandırmağı öhdəsinə götürəcək. Analitiklər bu əməkdaşlığın "TSMC"nin ABŞ-da həyata keçirmək istədiyi genişlənmə planlarını dəstəkləmək məqsədi daşıdığını bildirirlər. Nəzərə çatdıraq ki, şirkət ötən ay ABŞ-da istehsal gücünü artırmaq üçün 100 milyard dollarlıq əlavə investisiya planını açıqlamışdı.
Bu razılaşmanın reallaşmasında "Intel"in mart ayında vəzifəyə başlayan yeni baş direktoru Lip-Bu Tan-ın da əhəmiyyətli rol oynadığı ehtimal edilir. Digər tərəfdən, "Ağ ev" və ABŞ Ticarət Nazirliyinin də uzun müddətdir "Intel"in yaşadığı böhranın aradan qaldırılması üçün bu iki nəhəng şirkətə əməkdaşlıq təzyiqi göstərdiyi qeyd olunur.
"Intel"in keçmiş rəhbərlərinin fikrincə, şirkət müştəri yönümlü xidmətlər və texniki dəstək baxımından "TSMC" ilə rəqabətdə geri qalır. Bu, istehsal gecikmələrinə və uğursuz testlərə səbəb olub. Nəticədə "Intel", süni intellektə yönəlmiş çip texnologiyalarına uyğunlaşmaqda çətinlik çəkir.
Qeyd edək ki, 2024-cü ildə şirkət, 1986-cı ildən bəri ilk dəfə olaraq 18,8 milyard dollar xalis zərər açıqlayıb. "Intel"in səhmləri ötən il S&P 500 indeksindəki 23 faizdən çox artımla müqayisədə dəyərinin 60 faizini itirib. Bununla belə, 2025-ci ilin əvvəlində səhmlər təxminən 12 faiz artaraq itkilərin bir qismini kompensasiya edib.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay