
"Tesla" sahibləri arasında qütbləşmə: Maskın davranışları satışlara necə təsir edir?
İlon Maskın Donald Tramp administrasiyası ilə yaxın münasibətləri bəzi "Tesla" sahibləri və potensial alıcılar arasında, xüsusilə Avropada mənfi istehlakçı reaksiyasına səbəb olub. Bunun nəticəsi olaraq, dünya üzrə "Tesla" salonlarında şənbə günü İlon Maska qarşı etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.
Valyuta.az xəbər verir ki, tədqiqat platforması "Jato Dynamics"in məlumatlarına görə, ötən ay Avropada "Tesla" satışları orta hesabla 44% azalıb. Şirkətin Avropa bazarındakı payı da eyni dövrdə 9,6%-ə düşərək son beş ilin ən aşağı səviyyəsinə enib.
Lakin Böyük Britaniyada vəziyyət fərqlidir. Motor İstehsalçıları və Tacirləri Dərnəyinin hesabatına əsasən, fevral ayında Böyük Britaniyada qeydə alınan yeni "Tesla" avtomobillərinin sayı təxminən 21% artıb. Hətta "Model 3" və "Model Y", "Mini Cooper"dan sonra ən çox seçilən ikinci və üçüncü avtomobillər olub.
Bu inkişaflardan sonra yüzlərlə "Tesla" sahibi "The Guardian" qəzeti ilə əlaqə saxlayaraq, "Tesla" sahibi olmağın onlarda zamanla hansı duyğusal dəyişikliklərə səbəb olduğunu paylaşıb. Onların fikirlərindən bəziləri aşağıdakı kimidir:
Conatan, 64 yaş, Oksford: "Qızımız bizdən maşını satmağı xahiş edir"
"2019-cu ildə həyat yoldaşım doğum günü sürprizi olaraq mənim üçün "Tesla Model S" test sürüşü təşkil etdi. "İnanılmaz bir avtomobildir" deyə düşündüm. Həm rahat, həm sürətli, həm də ekoloji baxımdan daha üstün bir nəqliyyat vasitəsi idi. Nəhayət bir dənə satın aldıq.
İndiyə qədər 130 min kilometrdən çox məsafə qət etmişik. İsveçrəyə, İtaliyaya və keçən yay Fransanın cənubuna səyahət etdik. Avtomobil son dərəcə qənaətcildir, etibarlıdır, genişdir və demək olar ki, heç bir texniki xidmətə ehtiyac duymur.
Lakin Tramp və Maskın siyasi mövqeləri bizi ciddi şəkildə narahat edir. 26 yaşlı qızımız maşını satmağımız üçün daim bizi razı salmağa çalışır. Tramp və Maskın Ağ Ev qarşısında "Tesla" modellərini tanıtdıqları görüntüləri məni narahat etdi. Tesla sahiblərinin iştirak etdiyi forumlarda isə fikirlər çox qütbləşib.
Hazırda bir dilemma içərisindəyik. Digər insanlar kimi maşına "CEO-nu deyil, avtomobili sevirəm" tipli stikerlər yapışdırmaq məcburiyyətində qalmaq istəmirəm. İkinci əl bazarı zəifləyib. Zəmanətimiz 2027-ci ildə başa çatır, ondan sonra vəziyyəti dəyərləndirəcəyik. Bir avtomobil sahibi olmağın bu qədər mürəkkəb olacağını heç vaxt düşünməmişdim".
Patrik, 40 yaş, Belçika: "Peşmanıq? Əxlaqi baxımdan bəli. Pratik baxımdan, yox"
"Keçən yaz sevgilimlə yeni bir avtomobil axtarırdıq. Əslində "Tesla" ağlımızda belə yox idi, amma digər elektrikli alternativlər arasında qiymət baxımından daha sərfəli variant oldu. "Test" sürüşü zamanı indiyə qədər sürdüyüm ən yaxşı avtomobil kimi hiss etdirdi... "Bir sınayaq" dedik.
Mask keçən yay Trampı dəstəkləməyə başlayanda, avtomobillə bağlı suallar almağa başladım. İndi isə vəziyyət daha da pisləşib. Dostlarım və ya iş yoldaşlarım daim "Demək, Maskı dəstəkləyirsiniz?" kimi zarafatlar edirlər. Mənim üçün sağçı siyasətə aid bir simvola çevrilmiş bir avtomobilə sahib olmaq son dərəcə narahatlıq doğurur. Vicdanımız rahat deyil.
Peşmanıq? Əxlaqi baxımdan bəli. Pratik baxımdan yox. Ümid edirik ki, bu vəziyyət keçici olacaq və "Tesla" brendi Maskdan daha uzunömürlü olacaq. Ola bilsin ki, gələcəkdə şirkətə başqa bir CEO rəhbərlik edər".
Anri, 50 yaş, Bedfordşir: "Tesla"nın keçmiş azarkeşiyəm"
"2019-cu ildə iş üçün Las-Veqasa səfər edəndə ilk dəfə "Tesla" sürdüm və çox təsirləndim. "Ford Mondeo"ma geri qayıtmaq mənə sanki zamana geri getmək kimi gəldi. Bir "Model 3" aldım və daha sonra "Model Y"yə keçdim.
Ancaq sağçı siyasi dəyişikliklərin bu qədər təsir edəcəyini düşünməzdim. Maskın Trampı açıq şəkildə dəstəkləməyə başlamasına baxmayaraq, "Avtomobil yenə də mükəmməldir" deyə düşünürdüm. Lakin Maskın mübahisəli Faşist salamı jestindən sonra vəziyyət dəyişdi. O günü xatırlayıram: Vay dedim.
Bir neçə həftə əvvəl avtomobilimi yeniləməyin vaxtı gəlmişdi. "Tesla" ilə danışırdım, məni qalmağa razı salmağa çalışırdılar. Elə bu vaxt yanımdan "Polestar 4" keçdi. Həmin gün test sürüşü üçün yazıldım və indi "Polestar 4" avtomobilimin gəlməsini gözləyirəm.
Mənə dedilər ki, proqram təminatı baxımından bəzi geriləmələr olacaq. Amma düşündüm ki, “Əxlaqi dəyərlərimə sadiq qalmalıyam, çünki onlarsız heç kim deyiləm.” Buna baxmayaraq, "Polestar"ın Çin istehsalı olması da düşündürücüdür. Günümüzdə tam etik bir təchizat zəncirinə sahib olmaq demək olar ki, mümkün deyil. Amma Mask məni "Tesla"dan uzaqlaşdırdı. Mən artıq keçmiş "Tesla" azarkeşiyəm".
Tom, 51 yaş, İspaniya: "CEO-nun siyasi baxışlarına görə "Tesla"mı satmaq mümkün deyil"
"İnanılmaz avtomobillərdir. 2019-cu ildə "Model 3 Performance" aldım və daim proqram yeniləmələri alıram. Bu, avtomobilin inkişaf etməsinə və yeni funksiyalar qazanmasına səbəb olur. Bir dəfə "Tesla" sahibi olduqdan sonra geri dönüş yoxdur.
Bəzi aktivistlərin "Tesla" avtomobillərinə qəsdən zərər vurduqlarını gördüm. Dostlarım zarafatla "Maşınını oğurladılar?" deyə soruşurlar. Amma bu məni narahat etmir.
Maskın siyasi baxışlarına görə avtomobilimi satmaq ağlımdan belə keçmir. Onun bəzi fikirləri ilə razı deyiləm, amma bunu demək olar ki, hər kəs üçün deyə bilərəm. Əsas narahatlığım insanların bir şirkətə bu qədər sürətlə nifrət edə bilməsidir".
Stiven, 50 yaş, Slovakiya: "Mənim kimi biri üçün bu, çox ağırdır"
"Ehtiyatlarımızı yığıb elektrikli avtomobil aldıq. Avtomobil mənim üçün status simvolu deyil, sırf praktiki avtomobildir və biz karbon emissiyalarımızı mümkün qədər azaltmaq istəyirdik. Amma indi Maskın rəhbərlik etdiyi bir şirkətə pul xərclədiyimizi düşünmək bizi məyus edir.
Əgər bu gün avtomobil alacaq olsaydım, "Tesla" seçməzdim. Amma artıq dəyəri düşüb və ondan imtina etmək də çətindir. Bu, yaşadığımız mürəkkəb dövrün bir əksidir".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay