
80 il sonra ən çox və ən az əhali bu ölkələrdə olacaq
Dünya əhalisinin sayı 2080-ci illərin ortalarında 10,3 milyard nəfər olaraq pik həddə çatacaq və 2100-cü ilə qədər cüzi azalaraq 10,2 milyard nəfər olacaq.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il üzrə əhali hesabatında bildirilir.
Hazırda dünya əhalisi təxminən 8,2 milyard nəfərdir və bu rəqəmin 2037-ci ildə 9 milyardı keçəcəyi proqnozlaşdırılır.
Bəzi ölkələrdə əhali artımı artıq pik həddinə çatıb və azalmağa başlayıb. Məsələn, Çin, Almaniya, Yaponiya və Rusiya kimi ölkələrdə bu tendensiya müşahidə olunur.
Digər tərəfdən, Braziliya, İran və Türkiyə də daxil olmaqla 50 ölkədə əhali 2054-cü ilə qədər pik həddə çatacaq və sonra azalmağa başlayacaq.
Anqola, Niger, Somali və Konqo Demokratik Respublikası kimi Afrika ölkələrində isə əhalinin 2024-2054-cü illər arasında iki dəfə artacağı gözlənilir.
Ukrayna əhalisinin isə sürətlə azalacağı proqnozlaşdırılır, 2024-cü ildə 37,4 milyon nəfər olan əhalinin 2100-cü ildə 15,3 milyon nəfərə düşəcəyi bildirilir.
BMT-nin proqnozlarına görə, 2070-ci ilin sonuna qədər 65 yaşdan yuxarı insanların sayı 2,2 milyard nəfərə çataraq 18 yaşından kiçik insanların sayını üstələyəcək. Bu demoqrafik dəyişikliklər ölkələrin sosial və iqtisadi siyasətlərinə təsir edəcək və yaşlı əhalinin artan tələbatlarını qarşılamaq üçün yeni strategiyaların hazırlanmasını tələb edəcək.
Təşkilatın 2024-cü il əhali proqnozlarına əsasən, 2100-cü ilə qədər Avropada ciddi demoqrafik dəyişikliklər gözlənilir. Ən çox əhalisi azalacaq ölkələr əsasən Şərqi və Cənubi Avropada yerləşir, bəzi Qərbi və Şimali Avropa ölkələrində isə əhali artımı proqnozlaşdırılır.
Ən çox əhalisi azalacaq ölkələr:
Ukrayna: -61% (Ən böyük azalma)
Bosniya və Herseqovina: -56%
Latviya: -50%
Polşa: -49%
Bolqarıstan: -47%
Rumıniya: -43%
Andorra: -43%
İtaliya: -40%
Estoniya: -39%
Yunanıstan: -37%
Bu ölkələrdə doğum səviyyəsinin aşağı düşməsi, yüksək miqrasiya və yaşlanan əhali səbəbindən ciddi azalma müşahidə ediləcək.
Ən çox əhalisi artacaq ölkələr:
Monako: +24% (Ən böyük artım)
İsveç: +7%
Böyük Britaniya: +7%
Fransa: +3%
İsveçrə: +2%
Əhali artımı əsasən inkişaf etmiş ölkələrdə gözlənilir. Bunun səbəbi daha sabit iqtisadiyyat, yüksək miqrasiya və sosial rifah proqramlarıdır. Ümumilikdə Avropa qitəsi əhali azalması ilə üzləşəcək və 2100-cü ildə bu dəyişikliklərin sosial-iqtisadi təsirləri ciddi müzakirə olunacaq.
©modern.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay