
"Kənd təsərrüfatı ilə bağlı açıqlanan bu statistika gülüncdür" - Ekspert
Bu ilin yanvar ayında Azərbaycanda 547,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.
Verilən statatistik məlumatda göstərilib ki, bitkiçilik məhsullarının dəyəri 20,8 % artaraq 29,1 milyon manata çatıb. Heyvandarlıq məhsullarının dəyəri isə 1,3 % artaraq 518,7 milyon manat olub. Ümumilikdə isə Azərbaycanda aqrar sektor 2,2 % böyüyüb.
Kənd təsərrüfatında 2025-ci ilin yanvar ayında diri çəkidə 47,3 min ton ət, 159,7 min ton süd, 193,7 milyon ədəd yumurta və 25,5 min ton tərəvəz istehsal olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 2 %, yumurta istehsalı 2,9 %, tərəvəz istehsalı 24,3 % artıb, süd istehsalı isə 0,6 % azalıb.
Bəs göstərilən bu rəqəmlər nə qədər realdır?
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, bu rəqəmlər real olsaydı, buna sevinərdi:
"Çünki kənd təsərrüfatı Azərbaycanın yaralı yeridir. Biz öz əhalimizi kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı mənşəli ərzaqla tam təmin edə bilmirik. Yerli təminat təxminən 40-50 faiz civarındadır, təminatımızın 50-60 faizi isə xaricdən idxal olunur".
Akif Nəsirli qeyd edib ki, bu rəqəmlər gülüncdür:
"Açıqlanan məlumatda qeyd olunub ki, bitkiçilik məhsullarının dəyəri 20.8 faiz artaraq 29 milyon manata çatıb. Bu statistika gülüncdür. Yanvar ayında hansı bitki inkişaf edir ki, istehsal artır?
Lakin bu statistika heyvandarlıq məhsulları ilə bağlı daha real ola bilər. Çünki heyvanlar ilboyu bala doğur, ət və süd verir. İnkişafı real olan sektorda 1.3 faiz artım var, inkişafı mümkün olmayan sahədə 20.8 faiz artım var. Burdan aydın görünür ki, bu statistika tamamilə saxtadır".
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay