
Elektrikli yük maşını nəhəngi niyə iflas etdi?
Elektrikli yük maşını istehsalçısı "Nikola" iflas etdiyini elan edərək aktivlərini açıq hərraca çıxaracağını bildirib.
Valyuta.az xəbər verir ki, şirkət maliyyə çətinlikləri və skandallarla üzləşərək, elektrikli nəqliyyat sektorunda mövcud olan sərt bazar şərtlərinə tab gətirə bilməyib.
Uzun müddətdir çətinliklərlə mübarizə aparan "Nikola" rəsmi olaraq iflas üçün müraciət etdiyini açıqlayıb. Məhkəmə təsdiqlədikdən sonra şirkətin aktivləri satışa çıxarılacaq.
Şirkət iflas prosedurunu idarə etmək və satış prosesini maliyyələşdirmək üçün 47 milyon dollar nağd vəsaiti olduğunu bildirib. Aktivlərinin dəyərinin 500 milyon-1 milyard dollar arasında, ümumi borclarının isə 1 milyard-10 milyard dollar arasında olduğu açıqlanıb.
Şirkətin prezidenti və baş icraçı direktoru Stiv Qirsku məsələ ilə bağlı bunları deyib: "Elektrikli nəqliyyat sektorundakı digər şirkətlər kimi, biz də bazar və makroiqtisadi faktorların təsiri altında qaldıq".
Elektrikli avtomobillərin gözlənilən sürətlə mənimsənilməməsi bu böhranın əsas səbəblərindən biri hesab olunur. Lakin "Nikola" yalnız bazar şərtlərinə görə deyil, həm də illərdir davam edən qalmaqallar və idarəetmə problemləri səbəbindən daha mürəkkəb bir vəziyyətə düşüb.
"Nikola" sıfır emissiyalı yük maşınları istehsal etmək məqsədilə 2015-ci ildə qurulub. Şirkət 2020-ci ildə "General Motors" (GM) ilə tərəfdaşlıq quraraq böyük diqqət çəkib. Lakin qısa müddətdə ciddi problemlərlə qarşılaşıb.
Maliyyə araşdırmaları aparan "Hindenburg Research" şirkətinin 2020-ci ildə yaydığı hesabatda "Nikola"nın dələduzluq etdiyi iddia olunub. Hesabatda şirkətin təqdim etdiyi bir videoda yük maşınının həqiqətən hərəkət etmədiyi, sadəcə yuxarıdan aşağı buraxılaraq hərəkət etdiyi görüntülənib.
Bu qalmaqalın ardından ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) şirkətin qurucusu Trevor Milton barəsində istintaq başladıb. Milton şirkətdəki bütün vəzifələrindən istefa verib və dələduzluq ittihamı ilə həbs olunub. Məhkəmə onu günahkar hesab edərək 4 il həbs cəzası verib."Nikola" isə SEC ilə 125 milyon dollarlıq razılaşma əldə edib. Bu qalmaqaldan sonra GM ilə tərəfdaşlıq dərhal dayandırılıb.
"Nikola" 2020-ci ildə səhmlərini ictimaiyyətə açdı və 2021-ci ildə ilk yük maşınlarını müştərilərə çatdırmağa başladıb. Lakin hesabatlara görə, şirkət hər satdığı yük maşınında yüz minlərlə dollar zərərə düşürüb.
Ümumilikdə yalnız 600 avtomobil istehsal edən "Nikola" bu avtomobillərin çoxunda ciddi qüsurlar aşkarlandığı üçün onları geri çağırmaq məcburiyyətində qalıb.
Bütün bu problemlər, şirkətin bazarda ayaqda qala bilməməsinə və elektrikli yük maşınları sektorunda uğursuzluğa düçar olmasına səbəb olub. İflasla bağlı son proseslər tamamlandıqdan sonra Nikola-nın aktivlərinin yeni sahibinin kim olacağı maraqla gözlənilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay