
Sərt və rahat dress-kodun fərqi - SƏHƏR OXUSU
Geyim mədəniyyətdir ifadəsini hamımız eşitmişik. Elə buna görə də iş yerlərində də geyim qaydaları şirkət mədəniyyətini və peşəkarlığı əks etdirən vacib amillərdən sayılır. Bəzi sahələrdə sərt-dress kod tələb olunaraq rəsmi görünüşə üstünlük verilir, digərlərində isə işçilərə daha rahat geyim seçimi imkanı yaradılır. Sərt dress-kod və rahat dress-kod arasındakı fərqlər nədir?
Valyuta.az iş yerlərində istifadə olunan əsas 2 geyim üslubunun işə təsirini araşdırdı.
Sərt dress-kod
Bəzi iş yerlərində işçilərin hər zaman xüsusi formada olduğunu görürük. Bu iş yerlərində qaydalar daha rəsmi olur və ciddi iş mühitlərində tətbiq olunur. Məsələn, kişilər üçün dəbdəbəli kostyum, qalstuk, dəri ayaqqabı, səliqəli saç düzümü uyğun görülür. Qadınlar üçün isə klassik donlar, kostyumlar, şalvar və ya ətək, düz və ya az hündürdaban ayaqqabılar iş üçün uyğun seçilir. Sərt dress-kod tətbiq olunan iş yerlərində adi, cins şalvar, idman ayaqqabısı, parlaq rənglər, açıq-saçıq və ya çox rahat geyimlər uyğun görülmür. Tətbiq olunan bu qaydanın məqsədi peşəkarlıq və ciddi iş imici yaratmaqdır.
Məsələn, banklar və maliyyə qurumları müştərilərə etibarlı və peşəkar görünmək üçün ciddi geyimlərdən istifadə edirlər. Hökumət və dövlət qurumları rəsmi görüşlər və tədbirlər üçün standart geyim qaydalarına üstünlük verirlər. Hüquq və konsaltinq firmaları məhkəmə, müştəri və tərəfdaşlarla görüşlərdə peşəkarlıq görüntüsü ortaya qoymaq üçün danışdığımız geyim üslubundan istifadə edirlər. Daxili təhlükəsizlik və hərbi qurumlar nizam-intizamı qorumaq və vahid standart yaratmaq üçün sərt-dress kod tətbiq edirlər. Nizam-intizamı və peşəkarlığı qorumaq üçün vacibdir və sərt-dress kod müəyyən sahələrdə işçilərin görünüşü ilə şirkətin imici arasında əlaqə yaradır.
Rahat dress-kod
Bəzi iş yerlərində rahat geyimlərə üstünlük verilir. Burada kişilər və qadınlar üçün cins şalvar, polo köynək, rahat köynəklər, idman ayaqqabıları və ya mokasinlərdən istifadə edilməsi normal görülür. Əsasən texnologiya şirkətləri, startaplar, reklam agentlikləri kimi daha az rəsmi iş yerlərində tətbiq olunur. Məsələn, texnologiya və startap şirkətləri işçilərinin daha sərbəst və yaradıcı hiss etməsi üçün bu geyim üslubundan istifadə edir.
Reklam və media agentlikləri kreativ sahələrdə fərdi üslubun ifadə olunmasına imkan yaradacağını düşünür. Dizayn və incəsənət sektoru işçilərin rahat işləməsi və öz üslublarını nümayiş etdirməsi üçün rahat dress-koda üstünlük verir. Müştəri ilə birbaşa təmasın az olduğu iş yerləri, ofis daxili və komanda yönümlü sahələrdə də bu geyim üslubuna üstünlük verirlər. Bu kimi işlərdə istifadə edilən bu geyim üslubunun əsas məqsədi rahatlıq və yaradıcılığı təşviq etmək, işçilərin özlərini sərbəst hiss etmələrinə imkan yaratmaqdır. Bu geyimlər stressi azaldır, çünki sərt geyim qaydaları olmadığı üçün insanlar özlərini daha rahat hiss edirlər.
Araşdırmalardan nəticə çıxararaq, deyə bilərik ki, sərt dress-kod ciddi qaydalara tabedir, peşəkar və rəsmi mühitlərdə tətbiq olunur. Rahat dress-kod isə işçilərə sərbəst geyim seçimi imkanı verərək onların özlərini daha rahat hiss etməsinə şərait yaradır. Sərt dress-kod daha çox müştəri və işgüzar görüşlərdə nüfuz yaratmaq üçün, rahat dress-kod isə şirkət daxilində yaradıcılığı və məhsuldarlığı artırmaq üçün istifadə olunur.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay