
100-lərlə şirkətə ziyan, 1,7 milyon viruslu proqram - Tarixdəki ən böyük 10 kiberhücum
Kibertəhlükələr artmaqda davam edir. Müasir texnologiya bizə rahatlıq və bir çox üstünlüklər təqdim etsə də, bəzi insanlar bu imkanlardan sui-istifadə edərək qlobal bizneslər və məlumat məxfiliyi üçün təhlükə yaradırlar. Məlumat sızmaları baş verdikdə, bu yalnız hədəf şirkətə deyil, müştərilər, tədarükçülər və digər tərəflərə də təsir edir. Təhlükəli olan isə odur ki, ekspertlər 2025-ci ilə qədər kibercinayətlərin ümumi dəyərinin 10,5 trilyon dollara çatacağını proqnozlaşdırırlar.
Valyuta.az xarici mənbələrə istinad edərək tarixdə qeydə alınmış ən böyük kibertəhlükələri araşdırdı.
1. Melissa virusu
Ən erkən və ən genişmiqyaslı kibertəhlükələrdən biri 1999-cu ildə proqramçı David Lee Smith tərəfindən yaradılan Melissa virusu olub. O, istifadəçilərə "Microsoft Word" faylı göndərdi, ancaq bu fayl virus daşıyırdı. Fayl açıldıqdan sonra virus aktivləşərək "Microsoft" da daxil olmaqla yüzlərlə şirkətə ciddi ziyan vurdu. Bu hücumu aradan qaldırmaq üçün təxminən 80 milyon dollar xərcləndi.
2. NASA kibertəhlükəsi
1999-cu ildə 15 yaşlı James Jonathan “NASA”-nın kompüter sisteminə hücum edərək qurumun fəaliyyətini 21 gün müddətinə dayandırdı. Bu müddət ərzində 1,7 milyon proqram yükləndi və NASA-nın təmir işləri üçün 41 min dollar vəsait sərf olundu.
3. 2007-ci il Estoniya kibertəhlükəsi
2007-ci ilin aprelində Estoniya dünyanın ilk genişmiqyaslı kiberhücumuna məruz qaldı. Hücum nəticəsində 58 dövlət, bank və media veb-saytı fəaliyyətini dayandırdı.
4. "Sony PlayStation" şəbəkəsinə hücum
2011-ci ilin aprel ayında Sony PlayStation şəbəkəsinə edilən hücum nəticəsində 77 milyon istifadəçinin şəxsi məlumatları təhlükəyə məruz qaldı.
5. "Adobe" kibertəhlükəsi
Başlanğıcda “Adobe” şirkətinin 2,9 milyon istifadəçisinin məlumatlarının oğurlandığı düşünülsə də, sonradan bu sayın 38 milyona çatdığı məlum oldu. Şirkət yalnız ilk 2,9 milyon istifadəçinin şifrələrinin və kredit kartı məlumatlarının sızdırıldığını iddia etsə də, qalan 35,1 milyon istifadəçinin hesab identifikatorları və şifrələri oğurlanmışdı.
6. 2014-cü ildə "Yahoo" kibertəhlükəsi
2014-cü ildə Yahoo böyük miqyaslı kibertəhlükəyə məruz qaldı və 500 milyon hesab sındırıldı. Hücum nəticəsində istifadəçilərin əsas məlumatları və şifrələri oğurlandı, lakin bank hesabları toxunulmaz qaldı.
7. Ukraynanın enerji şəbəkəsinə hücum
2015-ci ildə Ukraynada qeydə alınan bu kibertəhlükə tarixdə elektrik şəbəkəsinə edilən ilk kiberhücum oldu. Hücum nəticəsində İvano-Frankivsk bölgəsində minlərlə ev bir neçə saat ərzində işıqsız qaldı.
8. "2017 Wannacry ransomware" hücumu
2017-ci ildə tarixdəki ən böyük fidyə tələbi hücumlarından biri baş verdi. Hücum 150-dən çox ölkədə 200,000-dən çox kompüteri əhatə etdi. Bu kiberhücumun qlobal miqyasda təmir xərcləri 6 milyard funt sterlinqə qədər yüksəldi.
9. "Marriott" otellərinə hücum
Marriott və Starwood otellər şəbəkəsinə edilən hücum illərlə aşkar edilmədi və yalnız 2018-ci ildə ortaya çıxdı. Bu müddət ərzində 339 milyon qonağın şəxsi məlumatları oğurlandı. Nəticədə, Böyük Britaniyanın məlumat təhlükəsizliyi qurumu Marriott otellərini 18,4 milyon funt sterlinq məbləğində cərimələdi.
10. Ən böyük şifrə sızıntısı
2021-ci ilin iyun ayında RockYou2021 hücumu zamanı 8,4 milyard şifrə internetdə sızdırıldı. Bu, 2009-cu ildə 32 milyon hesabın oğurlandığı RockYou hücumundan sonra ən böyük məlumat sızıntısı hesab olunur.
Texnologiya və kibertəhlükəsizlik sistemləri inkişaf etdikcə, kibercinayətkarlar da yeni taktikalar hazırlayır. Onlar şirkətləri və işçiləri aldadaraq e-poçtlardakı linklərə və sənədlərə klikləməyə vadar edirlər. Buna görə də, bizneslərin kibertəhlükələrə qarşı hazırlıqlı olması vacibdir. Gördüyünüz kimi sadalanan kibberhücumlar dünyanın ən güclü şirkətlərini belə çarəsiz vəziyyətdə qoymuşdu.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay