
“Azərbaycan Dəmir Yolları” ötən il 101,3 mln. manat zərər edib
“Azərbaycan Dəmir Yolları” QSC 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.
Valyuta.az xəbər verir ki, dövlət şirkəti 2023-cü ili 101,3 milyon manat zərərlə bitirib. Halbuki, QSC 2022-ci ili 48,07 mln. manat xalis mənfəətlə bitirmişdi. ADY-nin ötən ilin zərərlə başa vurmasının əsas səbəbi gəlirlərin cüzi artması fonunda, əsasən sair xərclərin kəskin artması ilə bağlıdır. Belə ki, 2022-ci ildə dövlət şirkətinin cəmi gəlirləri 601,4 mln. manat olduğu halda, 2023-cü ildə bu rəqəm 602,67 mln. manata bərabər olub.
Köhnəlmə və amortizasiya 83,5 mln. manatdan 108,34 mln. manata, əməkhaqqı və əlaqəli ödənişlər 204,15 mln. manatdan 264,3 manata, elektrik enerjisi, materiallar və texniki xidmət xərcləri isə 63,6 mln. manatdan 71,1 mln. manata yüksəlib. Ən əsası isə sair 52,5 mln. manatdan 126,89 mln. manata yüksəlib. Başqa sözlə, bir ildə ADY sair xərclərini 74,4 mln. manat artırıb. Nəticədə ADY-nin əməliyyatı ötən il 53,97 mln. manat həcmində zərərli olub.
Şirkətin mənfəət vergisi ödəmələri isə 20,8 mln. manatdan 2,3 mln. manata enib.
XƏRCLƏR NİYƏ ARTIB?
2023-cü il ADY-nin transformasiyasının tamamlanması baxımından əhəmiyyətli il olub.
2023-cü ildə Bakı-Gəncə sərnişin marşrutunun Ağstafayadək uzadılması, yeni Bakı-Qəbələ marşrutunun istifadəyə verilməsi, ölkə ərazisinə 4 ədəd “Stadler” markalı qatarın gətirilməsi, 7 milyon nəfərdən çox rekord sayda sərnişin daşınması, Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında Birgə Müəssisənin yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi üzrə işlərin xeyli sürətlənməsi, lokomotivlərin xarici ölkələrə təmirə göndərilməsinə başlanması, ilk dəfə daxili investisiya hesabına infrastrukturun müasirləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi, “ADY Mobile” tətbiqi və yükdaşımaları sahəsində rəqəmsallaşma layihələrinin həyata keçirilməyə başlanması kimi tədbirlər həyata keçirilib.
Qeyd edilmiş layihə və tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə əməliyyat və digər xərclərdə artım müşahidə edilib. Belə ki, müasirləşdirmə-tikinti işləri tamamlanmış infrastruktur sahələrinin və obyektlərinin, yeni alınmış lokomotivlərin, eləcə də yeni tikilmiş lokomotivlərin təmiri depolarının balansa qəbul edilməsi kimi uzunmüddətli aktivlərin istismara qəbul edilməsi amortizasiya xərclərinin artımı ilə nəticələnib.
Qeyd edilənlərlə yanaşı, xərclərin artmasında Orta Dəhlizin əsas strateji komponentlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi və buraxıcılıq qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tonadək artırılması işlərinin də payı böyük olmuşdur. Bununla bərabər, işçilərin sosial rifah halının yüksəldilməsi məqsədilə görülmüş işlər nəticəsində orta aylıq əmək haqqı 30% artırılmışdır. Həmçinin, strateji layihələrin həyata keçirilməsi üçün cəlb edilmiş xarici valyutada olan kreditlər - borc öhdəlikləri üzrə faiz xərcləri məzənnələrdə olan dəyişikliklərə görə (xüsusilə avro və isveçrə frankı məzənnələrində) artıb.
Qeyd edilən amillərin təsiri ilə 2023-cü il 101.3 mln manat xalis zərərlə yekunlaşıb.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay