BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7752
  • RUB
    1.6516
  • TRY
    0.0483
  • GBP
    2.1387
60071

Karyerasına müəllim kimi başlayır, 4 il Lənkəranda aktiv müəllimlik həyatı olur. Bu dövrdə 3 dəfə müxtəlif proqramlarla ABŞ-yə gedir. Sosial media marketinqinin yeni aktuallaşdığı dövrdə Bakıda bu sahədə iş təklifi alır və paytaxta köçür. Bir müddət işlədikdən sonra isə düşünür ki, bu sahədə daha yaxşı mütəxəssis olmaq üçün ABŞ-də təhsil almalıdır. Təqaüd proqramı qazanır və ABŞ həyatı başlayır. Təhsili başa vurandan sonra iş tapmaq dövründə çətinliklərlə üzləşsə də, ABŞ-də “Instagram”, “Facebook”, “Nvidia”, “HCT” kimi qlobal şirkətlərdə çalışmağa nail olur. Söhbət azərbaycanlı xanım Aytəkin Əliyevadan gedir.

O, 7 ildir ABŞ-də imiqrant qadınlara dəstək göstərən “Femigrants” təşkilatını qurub. Aytəkin xanım bugünlərdə ABŞ-də “İcma quran 100 qadın” mükafatına layiq görülüb.

Bu münasibətlə Valyuta.az Aytəkin xanımla həmsöhbət olub, onun karyera yoluna nəzər salıb.

- Karyeranızın başlanğıcında 4 il orta məktəbdə ingilis dili müəllimi olaraq çalışmısınız. Müəllimlik illərini necə xatırlayırsınız?

- Əvvəli çox çətin idi. Çünki yeni məzun olmuşdum, təcrübəm yox idi. Mən gəldiyim il məktəbdə 20 il İngilis dili müəllimi işləyən şəxs başqa ölkəyə köçürdü. Onun dərslərinin çoxunu mənə verdilər. Dərs yüküm də çox idi, üstəlik 9-10-11-ci sinif şagirdlərinə dərs keçirdim. Təcrübədə biz müəllim yanında dərs keçməyi öyrənirdik, amma tək auditoriyaya girib yuxarı sinif şagirdlərinə dərs keçmək ilk vaxtlar üçün elə də asan deyildi. Hardasa 1 il sonra biz o şagirdlərlə səmimi münasibət qura bildik. Ümumilikdə, çox maraqlı illər idi, bəzən həmin dövr üçün darıxıram.

- Şagirdlərlə səmimi münasibət qurmağınız necə oldu?

- Həmin dövrdə mən işlədiyim 5 nömrəli məktəb çox təmirsiz idi. Mən və başqa bir müəllim qrant layihə yazıb qalib olduq. O qrantla məktəbdə kompüter otağı açıldı. Bütün məktəb köhnə, amma o otağa daxil olanda elə bir başqa aləmdəsən. Yer parket, kompüterlər, kondisioner. “Project Harmony” layihəsi çərçivəsidə o otağı açmışdıq. Mən orada layihə meneceri işləyirdim. Sonra "Peace Corps" layihəsinin qalibi seçildik və o proqramla məktəbə amerikalı könüllü təyin olundu. Biz o könüllü ilə şagirdləri və icmanı aktiv fəaliyyətə cəlb etmək üçün birlikdə çox lahiyələr təşkil edirdik. Şagirdlərlə birlikdə qocalar evini, uşaqlar evini ziyarət edirdik, maraqlı tədbirlər keçirirdik. Həmin məktəbdə ilk dəfə İngilis dilində Əlifba bayramı keçirən müəllim mən olmuşam. Uşaqların sevincini hələ də xatırlayıram.

“Tam fərqli mühitə düşmüşdüm”

- Aktiv müəllimlik həyatınız olub. Müəllim işlədiyiniz dövrdə proqramla 3 dəfə ABŞ-a getmisiniz.

- Mən çox aktiv, öz üzərində işləyən biri olmuşam. ABŞ, Britaniya proqramları ilə bağlı treninqlərə gedirdim ki, uşaqlara İngilis dilini necə daha yaxşı öyrədə bilərəm? O aktivlik sayəsində müəllim işlədiyim dövrdə 3 fərqli proqramla ABŞ-da oxudum. Lənkəranda bir neçə il çalışandan sonra Bakıda iş təklifi aldım. Təklifi qəbul edib Bakıda bir müddət işlədim. İnternet və bloq sahəsində təlimlər keçirdim. Sosial media o zamanlar yeni yaranırdı və məndə bu istiqamətdə maraq artırdı. Bu səbəbdən, sosial media üzrə 1 illik təhsil almaq üçün təqaüd proqramı ilə ABŞ-yə gəldim. Tennessee ştatında sosial media marketinqi oxudum. Tam fərqli mühitə düşmüşdüm.

- Tennessee necə bir yer idi ki, tam fərqli mühit adlandırırsınız?

- Lənkəranda hamı bir-birini tanıyırdı, doğmalar ətrafda idi. Tennessee isə tam onun əksi olan mühit idi. Tennessee tornadosu məşhurdur. Orada oxuduğum zaman şahidi oldum. Hətta bir dəfə silahlı atışma olmuşdu. Belə bir yerdə kimsəni tanımadan yaşamaq stresli idi. Amma professorlar çox dəstək verirdilər. Silahlı atışma günü bir professor nə qədər strees keçirdiyimi bildiyi zaman məni yeməyə dəvət etdi. Bu, onların qonaqpərvər və dəstəkləyən olduqlarını göstərdi. Bir az təzadlı yer idi. Ailələr xarici tələbələrə çox dəstək olurdular. Orada magistr oxuyan yerli tələbələr xarici tələbələrlə ünsiyyətə maraqlı deyildilər. Çıxış yolu olaraq yemək bişirib bütün xarici tələbələri evə çağırdım. İndiki fəaliyyətimin başlanğıcı bilmədən də elə o vaxtdan olub (Gülür). Zamanla bütün xarici tələbələr bir-birimizi tanıdıq. Bayramlarda bir-birimizin evinə yığışırdıq, hardasa qeyd edirdik.

“Baxdıq ki, əlimizdə 300 dollar qalıb”

- Sonra artıq Kaliforniyaya gedirsiniz, amma orada iş tapmağınız elə də asan olmur.

- İş tapmaq çətin və stressli mərhələ oldu. Evin kirayəsini filan ödəyəndən sonra yoldaşımla baxdıq ki, əlimizdə 300 dollar qalıb. Soyuducuda hinduşqa əti, bir kiloqram kartof və 2-3 kilo düyü qalmışdı. O vaxt başa düşdük ki, gözləyə bilmərik. Nə olsun ki, birimiz ABŞ-da, birimiz Londonda təhsil almışıq. Eqomuzu bir kənara qoyub kritik vəziyyətdən çıxmaq üçün ən az gəlirli iş belə olsa, götürməliyik. Maddi vəziyyət bir az düzəldikdən sonra ixtisasımıza uyğun iş tapa biləcəyimizə inanırdıq. 2011-ci il idi, o vaxt “Uber”, “Lyft”, “Doordash” kimi şirkətlər hələ yox idi. İndi həmin şirkətlər vasitəsilə insanlar tez bir zamanda qazanc əldə edə bilmək üçün iş tapa bilirlər. Yəni taksi xidmətləri, yemək çatdırılması və s. Harasa iş üçün müraciət edəndə, deyirdilər ki, onlayn müraciət et. Edirdin, ona da gec cavab verilirdi, yaxud heç verilmirdi. Azərbaycanda valideynlərdən pul istəyə bilməzdik. CV-mizi kitabxanada pulsuz çap etdirdik və kiçik restoranlara CV verməyə başladıq ki, bizi ofisiant kimi işə götürsünlər. Çünki kiçik restoranlarda menecer qərar verə bilir. Məni ofisiant kimi də işə götürmədilər (Gülür). Amma yoldaşım ilk işini restoranda tapdı. Mən isə sonra bir imiqrant ailənin kiçik bir biznesində marketinqdə işlədim. Sonra startapa keçdim, sonra “İnstagram”da işlədim.

- Kiçik restoranda belə ilk vaxtlar iş tapa bilmədiyiniz halda qısa müddət sonra qlobal şirkətlərə keçidiniz necə oldu?

- “İnstagram”da işləməyim sürpriz oldu. Mən kiçik şirkətlərdə marketinq üzrə işləyirdim. Sonra uşaqlara görə işlərimi dayandırdım. Yoldaşım restoranda işləyən vaxtı bir az pul yığdı, öz şirkətimizi qurdu. Evdən yoldaşımın şirkətinin marketinq işlərini edirdim. Amma iş həyatına geri dönməyi çox istəyirdim. Hara müraciət edirdimsə, nəticəsiz qalırdı. ABŞ-da karyeranda 1-2 illik boşluq görəndə, sənə üstünlük vermirlər. Yoldaşımın şirkətində könüllü çalışdığım üçün məndə də o boşluq var idi. Sonda bir startapda işə başladım. İlk 3-4 ayım yaxşı keçdi. Sonra o startap başqa bir startapı aldı. Həmin startapdan gələn işçilərdən biri mənim menecerim oldu. Həmin şəxs mənim bütün işimə olan sevgimi alt-üst etdi. O qədər toksik şərait yaratmışdı ki, o işdə qala bilmirdim. CV-mi internetə yerləşdirdim. Bir hindistanlı zəng vurub “İnstagram”da iş təklif etdi. Ciddiyə almadım. Elə bildim spamdır. İşdə kefim yox idi. Dedim spamdır, bir az zarafat edim, dedim ki, mən də bu işdə maraqlıyam. Sonra ikinci zəng gəldi, suallar verirlər, cavablayıram. Sonra daha üst menecerlə danışdım. “Sabah “İnstagram”a əsas menecerlə müsahibən var” deyəndə, yuxudan ayılmış kimi oldum (Gülür). Həmin gün işdən icazə alıb bütün gün kitabxanada oturub müsahibəyə hazırlaşdım. Elə müsahibə günü dedilər ki, menecer səni bəyənib, işə qəbul edirlər.

“İstəyirdim ki, bura gələn imiqrantlar özlərini tənha hiss etməsinlər”

- Sonra artıq karyeranız qlobal şirkətlərdə davam edib.

- 2016-2018-ci illərdə “İnstagram”da çalışdım. Oranı çox sevmişdim. Sonra 1 il “Meta”nın "ARVR" bölməsində layihə meneceri kimi çalışdım. “İnstagram”da komanda mühiti var idi. Bir kollektivlə qolf oynamağa gedirdik, bir yerdə bayramları qeyd edirdik. Menecer hamı ilə bir-bir əlaqə qururdu. “Meta”da işlədiyim "ARVR" komandasında intravert mühit var idi. Düşündüm ki, uyğun olmayan mühitdənsə, öz layihəmə fokuslanım. “Femigrants” layihəsinə 2017-ci ildə artıq başlamışdım. “Facebook”dan ayrılıb 6 aylıq startapla bağlı təhsil aldım. Düşündüm ki, gələcəkdə layihəmi startapa çevirə bilərəm. Təhsil başa çatanda, “Nvidia”dan yaxşı təklif gəldi və qəbul etdim. 1,5 il orda işlədim. "HTC VİVE"a keçdim. Bu gün "ARVR"da “Meta”ya rəqib şirkətlərdəndir. 3 ilə yaxın orada layihə meneceri kimi işlədim. Hazırda heç bir şirkətdə işləmirəm, “Femigrants”a fokuslanmışam. 

- “Femigrants”ı yaratma səbəbinizdən danışarkən demisiniz ki, mənim keçdiyim çətinlikləri digər xanımların keçməsini istəmirəm. 

- Mən ABŞ-da uşaqlara görə işləmədiyim dönəmdə izlədiyim haradasa 4-5 miqrant qadın vardı. Çox tanınmış deyildilər, amma artıq uğurlu idilər. O vaxt düşünürdüm ki, mən onlardan necə tövsiyə ala bilərəm? Uğur qazanmaq mümkündür, amma yolu nədir? Düşünürdüm ki, miqrantlar üçün Amerikada bu cəhətdən boşluq var. Bura gəldikdə heç kəsi tanımırsansa, hardan başlayacağını bilmirsən, çaşqınlıq yaranır. İşə necə müraciət edim? Müsahibədə uğurlu olmaq üçün nə etməliyəm? Hansısa çox xoşladığım bir iş varsa, ora 100 nəfər müraciət edirsə, mən o 100 nəfər arasında necə seçilə bilərəm? Bu kimi suallarına real cavablar olanda, işin daha asan olur. Bəzən bir şəxs səni işlədiyi şirkətə məsləhət görür və sənin işə qəbul olma şansın xeyli artır. Təzə gələn insanın bunlara girişi olmur. Mən elə bir icma qurmaq istəyirdim ki, insanlar bir-birini tanısın, bir-birinə tövsiyə versin. Netvörk Amerikada çox önəmlidir. Bu səbəbdən, öz işim qaydasına düşəndən, əlimdə normal maliyyə olan kimi bu layihəni reallaşdırmaq qərarı verdim. İlk olaraq imiqrant qadınlarla müsahibələrə başladım. Onların hekayələrini sosial şəbəkə səhifələrində paylaşırdım. Sonra yavaş-yavaş tədbirlər etdik. İlk tədbirimizi edəndə, düşündüm ki, 20-30 nəfər gələr. 100 nəfər gəlmişdi. Onların 20-sini tanıyırdım, qalanları sosial şəbəkədən izləyib gələn imiqrant qadınlar idilər.
Biz ABŞ-da miqrantlara həm digər miqrant qadınların hekayələrini təqdim edirik. Görürlər ki, digər qadınlar hansı çətinliklərdən keçir, necə həll edir? Eyni zamanda tədbirlərimiz vasitəsilə miqrantların bir-birilə əlaqəsini təmin edirik. Bizim tədbirə gələnlərin birləşib biznes quranları olub. Yaxud biri iş qurub digərindən xidmət alır, işə dəvət edir, biri digərini işlədiyi şirkətə məsləhət görür və s. Bu kimi hallar mənim həyatımda olmayıb. Yeni gələn adam burda heç kəsi tanımırsa, özünə qapanır, özünə inamı itir. Kiminləsə kofe içərsən, söhbət edərsən, fikir mübadiləsi edərsən. Mən bunların hamsını təcrübə edən biri kimi istəyirdim ki, bura gələn imiqrantlar özlərini tənha hiss etməsinlər.

“Gecə 2-3-ə qədər “Femigrants” üçün çalışırdım”

- Qlobal şirkətlərdə işləsəniz də, bu layihəni 7 ildir davam etdirirsiniz. Bu gün isə sırf fokusunuz “Femigrants”dır. Bəs layihə sizə gəlir gətirir?

- Hazırda tək gəlirimiz tədbirlərin biletlərinin satışındandır. Bəzən sponsorlar cəlb edirik. Sponsorlar pul ödəyir, biletdən gələn gəlir tədbirə tam xərclənmir. O qalan pulu növbəti tədbirə xərcləyirik. Yəni “Femiqrants” aylıq xərcimi qarşılamır. Ümumiyyətlə, bu layihəyə gəlir gözü ilə baxmamışam. Gəlirim yaxşı olanda, əksinə bu layihə üçün nələrsə etməyə çalışmışam. Gəlir olsa da dayanmayacam, olmasa da. Mən həyatda bir iz qoymaq istəyirəm. Yaşlananda, yaxud həyatda olmadıqda məni həyatında iz qoyduğum şəxslər xatırlayacaqlar.

Sadəcə olaraq, maliyyə çox olsa, işi daha da böyüdə bilərik. Son altı aydır korporativ işlərdən ayrılmışam, ona görə düşünürəm ki, “Femigrants”ı gəlirli layihəyə çevirim və artıq 2-3 yerdə işləməyə məcbur qalmayım. İnsan yaşa dolduqca enerji azalır. Əvəllər mən şirkətlərdə işləyirdim, sonra gəlirdim evə 9-dan gecə 2-3-ə qədər “Femigrants” üçün çalışırdım. İndi 44 yaşım var və o rejimlə işləməyə enerjim yoxdur. Əvvəllər 4 saat yuxu ilə normal işə gedirdim. İndi isə 2 gecə yuxusuz qalsam 3 gecə bədən reaksiya verir.

Biz qeyri-hökumət təşkilatıyıq. İanələr ala, sponsorların sayını artıra bilərik. əgər tam gəlirli işə çevirə bilsək, korporativ işlərə baxmaram. Bu işdən zövq alıram.

- Aytəkin xanım, ABŞ-da icma qurucusu olan 100 qadından biri olmağınızla bağlı paylaşım etmişdiniz. Təbrik edirik. 

- Əslində, mənə elə bir mükafatın verildiyindən gec xəbərim oldu. Son illər “Linkedin”də aktivəm, izləyicim orda çoxdur. Bu səbəbdən, orda mesaj çox gəlir, çatdırıb baxa bilmirəm. 2 həftədən bir ancaq ora baxa bilirəm. Bir neçə gün öncə mesajlara göz atırdım, baxdım ki, Nick adlı bir şəxs yazıb ki, təbrik edirəm, siz icma qurucusu seçilmisiz. Sizi San Fransisko da keçiriləcək tədbirə spiker kimi dəvət edirik. Mən görəndə gec idi, tədbir bitmişdi. Göndərdikləri sayta baxdıqda siyahıda güclü qadınların şəklini gördüm. Öz şəklimi onların arasında görmək çox fərqli hiss yaratdı. “King Street Ventures” şirkəti bir neçə kateqoriya üzrə sorğu keçirir və sonda mükafatlandırma tədbiri təşkil edir. Ən güclü yüz qadın icma qurucusundan biri də mən oldum. Dünyada məşhur tədbirlərdən biridir. Tədbirdə iştirak şansını qaçırsam da, ən azından qalib olduğumu görəndə çox sevindim.

“Sara Ferguson məni qucaqladı və dedi ki, səninlə fəxr edirəm”

- Bu, gördüyünüz işlərin nəticəsinə verilən dəyərdir.

- “Femigrants”ı yaradanda, mükafat almaq, “Forbes”, “Business İnsider”, “Yahoo Finance”da dərc olunmaq kimi məqsədlərim yox idi. Amma buna qiymət verilib. Keçən il Londonda “Dünyanı dəyişən qadınlar”la bağlı mükafatlandırma tədbirində mən 3 nominasiya üzrə yer tutmuşdum. 2-sində birinci, digərində ikinci idim. Mükafatlandırma tədbirinə finalçı kimi getmişdim, amma qalib olacağımı, qızıl medal alacağımı bilmirdim. Birinci nominasiyada mükafatı alıb oturdum. İkinci nominasiya üçün kürsüyə dəvət edəndə, dedim mən danışmalıyam. Mən bu lahiyəni keçirmək məqsədimi danışdım, öz keçdiyim yolu qısa təsvir etdim. Bir də baxdım ki, Sara Ferguson səhnəyə çıxır. Gəldi məni qucaqladı və dedi ki, səninlə fəxr edirəm, güclü qadınsan, öz işinə davam et. Sara Ferguson Britaniya Krallığı ailəsindən gəlir. Kraliça Elizabetin ikinci oğlu Şahzadə Andrewin keçmiş yoldaşıdır. Sosial işlərdə çox fəaldır. O, mükafatı şəxsən özü mənə verdi. 

- Tədbirlərinizdə qlobal şirkətlərin də adını görürük. Onlar sizə hansı dəstəyi göstərirlər?

- Bizim tədbirlərimiz qlobal şirkətlər tərəfindən də dəstəklənir. Bizə ofislərində tədbir keçirmək üçün şərait yaradırlar. 2018-ci ildə “İnstagram”da treninq keçirmişdik. Kiçik biznes sahibi olan imiqrant qadınlara bu sosial şəbəkədən bizneslərini böyütmək, müştərini artırmaqla bağlı təlim keçmişdilər. Son bir ildə iki böyük tədbirimiz olub. Biz “Linkedin”in baş ofisində 150-dən çox imiqrantı bir araya gətirdik. “Plug&Play” startap akselerator proqramı var, orada 150-dən çox imiqrantın iştirak etdiyi tədbir keçirdik. Fevralın sonu “Microsoft”un “Mountain View” ofisində 300 nəfərlik tədbirə hazırlaşırıq. Bu tədbirdə təkcə imiqrant spikerlər olmayacaq. Orada kiçik yarmarka təşkil edirik. İmiqrantlarla işləyən vəkillər, bank işçiləri, kiçik biznes sahibləri iştirak edəcək və kitab yarmarkası olacaq. İmiqrant müəlliflərin kitablarını nümayiş etdirəcəyik. İmiqrantlar üçün bu formatda olan ilk layihədir. 

- Aytəkin xanım, qarşıdakı dövr üçün nə kimi planlarınız var?

- Yanvarda yeni bir podkasta başlayıram. İmiqrant investorları, iş adamlarını, böyük texnologiya şirkətlərində işləyən şəxslərlə müsahibə edib onu “Youtube”, “Spotify” və digər resurslarda yerləşdirəcəyik.
İş həyatıma gəlincə, sırf öz layihəmə fokuslansam da, korporativə qayıtsam da, paraleldə hər zaman öz üzərimdə işləmək planım var. Bu səbəbdən, yeni bir təhsil planlayıram. Yaxın zamanda olmasa da, bunu edəcəm. Deməli, mən Stanford Universitetində ictimai danışıqlarla bağlı kursa gedəndə, bizdə 65, 80 yaşlı tələbələr var idi. O vaxt düşündüm ki, bu adam 80 yaşda dərs oxuyub nə edəcək? Niyə gedib dincəlmir? Amma özüm 45 yaşa çatmışam, istəyirəm oxuyum (Gülür). ABŞ-da o düşüncə tərzi fərqlidir. 65 yaşda təqaüdə çıxanda həyatının dayandığını düşünmür. Pensiya yaşı çatanda işdən çıxır, amma gedib kitabxanada könüllü işləyir. Çünki ömür boyu işləyib, evdə oturmağa maraq göstərmirlər. Təhsil alırlar. Həyatlarına maraq qatırlar. Yoldaşım da. Mən də bu yaşda könüllü işləmək düşüncəsindəyik. “Femigrants”ı illərdir davam etdirməyim bunun göstəricisidir.

Aygün Asimqızı / Valyuta.Az
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşğulluq Agentliyi bu şəxlərə təlim keçəcək - Yarım milyon manat ayrılıb

Mərkəzi Bank "Magic Povvder"i nədə ittiham edir?

Çinlə ABŞ arasında "çip müharibəsi" davam edir

Sosial Xidmətlər Agentliyinin 2, 3 milyonluq tenderi ləğv edildi

Trampın yaratdığı yeni böhran: "Panama kanalı" və tarixi - "Bloomberg"

"Belarus Ticarət Evi" QSC inzibati məsuliyyətə cəlb edilib

"ABC-Telecom" məhkəmə qarşısında

Hindistan neft emalı zavodları Rusiya neftini əvəz edəcək variantlar axtarır

"xAI", investorlarından 6 milyard dollar topladı

Səhiyyənin Təminatı Mərkəzi 1,8 milyonluq mebel alacaq

BOKT məhkəməyə verilib

"Səhmləriniz ucuzlaşanda axmaq qərarlar verəcəksinizsə, ümumiyyətlə almayın" - Baffetin zamansız məsləhəti

Yanvarın 1-dən "WhatsApp" 19 smartfon modelində işini dayandıracaq

"Star Park" cərimələnə bilər

94 yaşlı Baffet 2025-ci ilə rekord məbləğdə nağd pulla girir

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

"Azərbaycan Dəmir Yolları" "ATEF"i niyə məhkəməyə verib?

Dünyanın ən böyük çip istehsalçısı TSMC rekord qırdı

Süni intellektdə inqilab - Bir milyard dəfə daha sürətli texnologiya gəlir

Agentlik 10 ədəd evakuator alır - Biri 218 min manata

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə RENKİNQİ

Sabah bu ərazidə qaz olmayacaq

Bu QSC-yə 20 milyon ayrıldı - Sərəncam

Prezidentdən məhkəmələrlə bağlı Fərman

Sığorta şirkətlərinin yığımlarının SİYAHISI

Azərbaycanda macəra turizmi: Adrenalin sevənlər üçün bu imkanlar var

Qış təkəri seçərkən nəyə diqqət etmək lazımdır?

Sədr Aydan Rəcəbovanı rəis təyin etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin