Rusiyada bu ölkələrin şirkətləri milyardlar qazanır - Siyahı
“Forbes” nəşri 2023-cü ilin nəticələrinə əsasən Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin illik reytinqini tərtib edib.
Valyuta.az xəbər verir ki, 50 ən böyük xarici şirkətin Rusiyadakı ümumi gəlirləri əvvəlki illə müqayisədə 31% artaraq 6,7 trilyon rublu (74,8 milyard dollar) ötüb.
Bildirilir ki, Rusiyada ən çox Çin şirkətləri fəaliyyət göstərir. 50 ən böyük xarici şirkətin siyahısında Çindən 11 şirkət var. Çinin “Chery” minik avtomobili istehsalçısı ilk dəfə olaraq “Forbes” jurnalına görə Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin reytinqinə başçılıq edib. “Chery”nin gəliri 2022-ci illə müqayisədə 4 dəfə artaraq 2023-cü ilin sonunda 590 milyard rublu (6,6 milyard dollar) ötüb. Şirkət Rusiya bazarında “Chery”, “Exeed”, “Omoda”, “Jaecoo” və “Jetour” brendləri altında 220 mindən çox avtomobil satıb.
Bundan əvvəl reytinqə Fransanın “Auchan” (2015-2019), “Renault” (2020) və “Leroy Merlin” (2023), ABŞ-nin “Philip Morris International” (2021) və Almaniyanın “Volkswagen Group” (2022) şirkətləri başçılıq edirdi.
Keçən ilin lideri – Fransanın məişət malları və təmir zənciri “Leroy Merlin” bu il siyahıdan çıxıb. Bunun səbəbi şirkətin Rusiya bazarını tərk etməsi göstərilir.
Bu ilki reytinq cədvəlinin ilk 10-luğuna “Chery”dən başqa, minik avtomobilləri istehsal edən daha iki Çin şirkəti – “Great Wall Motor” (5-ci sıra) və “Geely Automobile” (10-cu sıra) daxildir.
İki il əvvəl – 2022-ci il reytinqində siyahıda yalnız bir Çin şirkəti olub – “Huawei Technologies”. 2024-cü ildə reytinqə ilk dəfə Çin avtomobil istehsalçıları “FAW Group” (13-cü sıra), “Changan Automobile” (16-cı sıra), “JAC Group” (49-cu sıra) daxil edilib. Bundan başqa elektronika və məişət texnikası istehsalçısı “Hisense” (38-ci sıra), tikinti holdinqi CRCC (44-cü sıra) də siyahıya daxil edilib.
ABŞ-də qeydiyyatı olan şirkətlərin sayı iki il ərzində 10-dan 7-yə qədər azalıb. Rusiyada fəaliyyətini davam etdirən ən böyük ABŞ şirkəti tütün istehsalçısı “Philip Morris International” (3-cü sıra) olub. Bu şirkətin illik gəliri 440 milyard rubldan çox (5 milyard dollar) olub.
Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin illik reytinqinə aşağıdakı ölkələrin şirkətləri daxil edilib:
Çin – 11
ABŞ – 7
Almaniya – 5
Belarus – 4
Türkiyə – 4
İsveçrə – 4
Fransa – 3
Böyük Britaniya – 2
İtaliya – 2
Avstriya – 1
Belçika – 1
Macarıstan – 1
Danimarka – 1
Tailand – 1
Finlandiya – 1
İsveç – 1
Cənubi Koreya – 1
Yaponiya – 1
© Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay