Orta aylıq əməkhaqqının hesablanması nə üçün lazımdır?
Orta aylıq əməkhaqqı ilə bağlı xəbərlərin bir çoxunda “Orta aylıq əməkhaqqı nəyə lazımdır?”, “10 min alanla 500 manat alanı hesablayıb orta əməkhaqqı çıxarırlar, doğru deyil” və s. kimi rəylər görürük. Deyək ki, şəxs 500 manat maaş alır, amma oxuyur ki, yaşadığı ərazidə orta aylıq əməkhaqqı 1000 manatın üzərindədir. Ümumiyyətlə, orta aylıq əməkhaqqının hesablanması nə üçün lazımdır?
Valyuta.az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov deyir ki, orta aylıq əməkhaqqı iqtisadi təhlillər, sosial siyasətin həyata keçirilməsi göstəriciləri baxımından tam şəkildə əsas göstərici kimi qəbul oluna bilməz:
“Xüsusilə də, bu, qeyri-taraz iqtisadi sistemlərdə daha açıq şəkildə görünür. Çünki əməkhaqları arasındakı kəskin fərqlər şəraitində orta əməkhaqqı əmək bazarındakı real vəziyyəti heç də dolğun şəkildə əks etdirə bilməz. Bu, sadəcə olaraq əməkhaqlarının cəmlənməsi və son nəticədə əməkhaqqı alan insanların sayına bölünməsidir. Təbii olaraq burada hansısa sosial baxımından tam ədalətli yanaşmadan söhbət aparmaq sadəlövlük olar. Buna görə də, orta əməkhaqqı ilə bağlı narazılıqlar anlaşılandır”.
Ekspert bildirdi ki, daha effektiv göstərici kimi median əməkhaqqıdan istifadə oluna bilər:
“Median əməkhaqqı, əməkhaqqı sıralamasında ortada olan real göstəricidir. Yəni, əmək bazarında çalışanların iki yerə bölünməsi və əməkhaqlarına görə ortada olan göstəricilərin əsas götürülməsini ehtiva edir. Bu, sözsüz ki, daha əsaslı göstərici kimi əmək bazarındakı orta vəziyyətin öyrənilməsi baxımından qəbul oluna bilər. Nəzərə almaq lazımdır ki, bu baxımdan Azərbaycanda son illərdə müsbət dəyişikliklər var. Belə ki, biz median əməkhaqqının da artımının şahidi oluruq. Bu da, bütövlükdə sosialyönümlü tədbirlərin effektivliyindən söhbət etməyə əsas verir. Biz tədricən əməkhaqqı fondunun artımı nöqteyi nəzərdən median əməkhaqqının artırılmasına nail olmalıyıq. Bu da, sosial ədalət prinsiplərinin formalaşması nöqteyi nəzərdən böyük əhəmiyyət kəsb edir”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay