Türkiyə ilə Rusiya arasında heç bir problem yoxdur - Bayraktar
Beynəlxalq qaz qovşağı layihəsi çərçivəsində İstanbulda qaz ticarət mərkəzinin yaradılması ilə bağlı Türkiyə ilə Rusiya arasında heç bir problem yoxdur. Türkiyənin BOTA şirkəti və Rusiyanın “Qazprom” şirkəti orada bərabər şəkildə təmsil olunacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib.
“Biz İstanbul maliyyə mərkəzində BOTA-Qazprom ortaqlığında bir beynəlxalq qaz ticarət mərkəzi və ya platforması üçün əməliyyat şirkəti yaratmağı planlaşdırırıq. Rusiya ilə qazın qiyməti burada müəyyənləşəcək, prinsipcə, tərəflərin hər birinin 50%-ə sahib olacağı bir struktur yaratmağa razıyıq, lakin bu, bir qədər vaxt aparacaq”, - nazir “Milliyet”ə bildirib.
Onun sözlərinə görə, Türkiyənin ildə istehlak etdiyi təbii qazın həcmi 50 milyard kubmetrə yaxındır. “Biz bu həcmlərin 15%-ni ixrac etməyə imkan verəcək infrastrukturun yaradılması üçün də çalışırıq, beləliklə, qaz ticarət mərkəzi reallaşmağa başlayıb”, - deyən Bayraktar Türkiyənin təbii qazı Rusiya, Azərbaycan, İran və digər ölkələrdən idxal etdiyini bildirib. O, həmçinin bildirib ki, Türkiyədə 5,8 milyard kubmetrə qədər qaz saxlaya bilən beş qaz anbarı var. 2028-ci ilə qədər qaz anbarlarının həcmini 10-12 milyard kubmetrə çatdırmaq planlaşdırılır.
2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyə ərazisində “Şimal axını” qaz kəməri ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyasını irəli sürüb. Türkiyə rəsmiləri bildirirlər ki, ölkədə infrastruktur baxımından layihə üçün demək olar ki, hər şey hazırdır. 2023-cü il dekabrın sonunda Rusiya baş nazirinin müavini Aleksandr Novak qovşağın yaradılması layihəsinin həyata keçirilməsinə 2024-cü ildə başlaya biləcəyini açıqlayıb. Türkiyənin Energetika Nazirliyinin rəhbəri isə öz növbəsində Türkiyənin BOTA və Rusiyanın “Qazprom” şirkətinin iştirakı ilə qovşaq layihəsi çərçivəsində İstanbulda mərkəzin yaradılması planlarını açıqlayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay