Gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə, həmin ödəmələri geri tələb edə bilərsiniz
Ali Məhkəmə: Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər
Ali Məhkəmədə iddiaçı “X” MMC-nin cavabdeh inzibati orqana qarşı “artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması və bununla bağlı rəy verilməsi” tələbinə dair inzibati işdən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb.
İddiaçı “X” MMC tərəfindən 2 ədəd zibildaşıyan yük maşınının Azərbaycan Respublikasına idxalı həyata keçirilib. İddiaçının bildirdiyinə görə həmin malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün cavabdeh inzibati orqanın ünvanına 14.12.2020-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilib. Qeyd olunan mallar əvvəlcə 8705909000 kodu ilə bəyan edilsə də, gömrük ekspertizasi malların 8704229900 kodu ilə bəyan edilməli olduğunu əsas gətirərək bəyannamə bəyannaməçiyə geri qaytarılıb, malların ölkə ərazisində dövriyyəyə buraxılması üçün 17 445 AZN olmaqla idxal gömrük rüsumu ödənişlərinin edilməsi tələb olunub. İddiaçı bildirib ki, malların rəsmiləşdirilməsi prosesinin ləngiməməsi və alıcıya əlavə cərimə pulunun ödənilməməsi üçün gömrük orqanının tələbinin qanunsuz olmasına baxmayaraq ona əməl etmək məcburiyyətində qalıb. Lakin daha sonra malların Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə təsnifləşdirməsinin düzgün aparılmadığına istinadla idxal gömrük rüsumu üzrə 17 445 AZN məbləğin onlardan əsassız olaraq alınması ilə əlaqədar müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət edib. İnzibati orqan isə məbləğin geri qaytarılmasından imtina edilib. İddiaçı cavabdehə qarşı dövlət büdcəsinə artıq ödənilmiş idxal gömrük rüsumu üzrə həmin məbləğin geri qaytarılması və bununla bağlı rəy verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib.
Birinci instansiya məhkəməsinin 2023-cü il 26 aprel tarixli qərarı ilə iddia tələbi təmin edilib, məbləğin geri qaytarılması qərara alınıb. Məhkəmə öz mövqeyini onunla əsaslandırıb ki, həqiqətən iddiaçı tərəfindən idxal edilmiş malların mənşə ölkəsi tərəfindən verilmiş invoysda malların kodu iddiaçının birinci dəfə təqdim etdiyi bəyannamələrdə göstərilən kodla eynilik təşkil edib, iddiaçı həmin kodla malların rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edib, lakin cavabdeh tərəfindən malların 8705909000 kodu ilə deyil, 8704229900 kodu ilə rəsmiləşdirilməli olması tələb olunub. İddiaçı malların sərbəst dövriyyəyə buraxılmasına nail olmaq üçün malları sonradan cavabdehin tələb etdiyi 8704229900 kodu altında rəsmiləşdirilməsinə razı olub və malları həmin kod altında rəsmiləşdirib.
Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edib. Apellyasiya instansiya məhkəməsinin 2023-cü il 21 noyabr tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş edib.
Kassasiya instansiya məhkəməsinin kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edib ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilib.
Ali Məhkəmə ilk növbədə gömrük rəsmiləşdilməsi zamanı gömrük orqanının davranışının yardım etmə və obyektiv araşdırma prinsiplərinin tələblərinə uyğunluğu ilə bağlı məsələyə münasibət bildirib. Cavabdehin dəlillərindən biri ondan ibarət olub ki, iddiaçı idxal etdiyi nəqliyyat vasitələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə inzibati orqanın müvafiq ekspertiza idarəsi tərəfindən verilmiş rəydə qeyd olunan təsnifat kodu ilə razılaşaraq, həmin təsnifat kodunu öz iradəsi ilə elektron formada təsdiqləyərək təqdim etdiyi gömrük bəyannamələrində göstərib, buna uyğun olaraq müvafiq qaydada gömrük rüsumları hesablanaraq mübahisələndirilmədən ödənildiyi üçün iddiaçı sonradan hazırkı tələblə çıxış etmək hüququna malik deyildir. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edib ki, iddiaçının cavabdeh tərəfindən bəyannaməyə düzəlişlər edilməsi təklifi ilə razılaşması və öz iradəsi ilə bu düzəlişləri təsdiqləməsi onun sonradan aşkar etdiyi artıq ödəmələrin qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Bununla bağlı nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın gömrük rəsmiləşdirməsini həyata keçirən maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi tələblər ilkin olaraq Gömrük Məcəlləsində təsbit olunub. Həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Bu norma həm də onu nəzərdə tutur ki, gömrük rəsmiləşməsi zamanı gömrük ödənişlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin etmək üçün inzibati orqan şəxsə lazımi qaydada yardım etməyibsə və ya yanlış istiqamətdə yardım etmişdirsə, iddiaçı bu halı aşkar etdiyi zaman mübahisələndirməni həyata keçirə bilər. Bu, həmçinin “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş “inzibati orqanın yardım etmə vəzifəsi” və “işin hallarının obyektiv araşdırılması” prinsiplərindən irəli gəlir.
Sözügedən vəzifələr iddiaçının bunu tələb edib-etməməsindən asılı olmayaraq inzibati orqanın xidməti vəzifəsini təşkil edir. Hüquqi dövlət prinsipinin tələblərinə uyğun olaraq gömrük orqanlardan özlərinin inzibati praktikalarında məhz bu qaydada davranış nümayiş etdirmələri gözlənilir. Buna görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Nəticə etibarilə, bəyannamənin məzmunu rəsmiləşdirmənin həyata keçirildiyi mərhələdə bəyannaməçinin iradəsi ilə üst-üstə düşdüyü halda belə (şəxsin özünün bu qaydada bəyannamə təqdim etməsindən və ya gömrük orqanının təklifi ilə razılaşaraq yeni məzmunda bəyannamə təqdim etməsindən asılı olmayaraq), bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun və Gömrük Məcəlləsinin qanunvericilikdə təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmədiyindən, iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ artıq bəyannamənin verildiyi və ona uyğun ödəmələrin edildiyi halına istinad etməklə istisna edilə bilməz. Artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına dair iddia qaldırmaq hüququ həm də Gömrük Məcəlləsinin 267-ci maddəsindən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 saylı qərarına əsasən təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydalarının normalarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən müddəaları aşkar şəkildə maraqlı şəxslərə gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə, həmin ödəmələri geri tələb etmək hüququ verir.
Cavabdehin kassasiya şikayətinin bir digər dəlilini apellyasiya instansiyası məhkəməsinin mübahisənin həllinə Azərbaycan Respublikasının tərəfdar olduğu “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanı və Konvensiyanın ayrılmaz tərkib hissəsi olan “İzahnamə”ni deyil, Azərbaycan Respublikasının Statistika Komitəsinin 111/09 nömrəli, 2013-cü il 01 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş Rəsmi Statistika Hesabatını tətbiq etməsinin düzgün olmadığı təşkil edir. Cavabdeh hesab edib ki, iddiaçının idxalını həyata keçirdiyi “zibildaşıyan” təyinatlı yük maşını 8705 kodu ilə deyil, 8704 kodu ilə bəyan olunmalıdır. Çünki Azərbaycan Respublikasının tərəfdar olduğu “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanın ayrılmaz tərkib hissəsi olan “İzahnamə”də məhz bu kod “zibildaşıyan” təyinatlı maşınlar üçün nəzərdə tutulub.
Cavabdehin dəlili ilə razılaşan məhkəmə kollegiyası hesab edib ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə maddi hüquq normasının tətbiqində pozuntuya yol verib. Belə ki, “zibildaşıyan” təyinatlı sözügedən yük maşınlarının malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodunu müəyyənləşdirmək üçün Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş Rəsmi Statistika Hesabatı deyil, Gömrük Məcəlləsinin 319, 320 və 321-ci maddələrinin tənzimləmələrindən hərəkət edilməlidir. Məhz həmin normalar kodun və gömrük ödənişlərinin məbləğlərinin müəyyənləşdirilməsi məsələlərinə tətbiq edilməli olan maddi hüquq normaları kimi çıxış edirlər. Buna görə, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişikliklərin və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların izlənməsini və gömrük işində operativ tətbiqini təmin etməlidirlər. Qanunvericilik həmçinin nəzərdə tutur ki, bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər.
Nəticə etibarilə məhkəmə kollegiyası hesab edib ki, iş materiallarında mövcud olan “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanın tərkib hissəsi olan “İzahnamə”yə əsasən, “zibildaşıyan” təyinatlı yük maşınları Malların Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının “8704” kodu ilə bəyan edilməli olduğundan bu kateqoriya mallar idxal gömrük rüsumuna tabe tutulacaq və cavabdehin bununla bağlı dəlili əsaslıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilib, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay