Marşrut avtobuslarından istifadə edənlərin sayı artıb – Səbəblər
Bu ilin aprel ayında Bakıda müntəzəm marşrut xətləri üzrə 41 539 651 nəfər sərnişin daşınıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur. Marşrutlardan istifadə edənlərin sayının artması nə ilə əlaqəlidir? Sərnişinlərin marşrutlardan çox istifadə etməsində yeni salınmış avtobus zolaqları nə qədər əhəmiyyətlidir?
Valyuta.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyir ki, təhlükəsiz sərnişin daşımanın əsas xüsusiyyətlərindən biri də müntəzəm marşrutlar üzrə tıxaca düşmədən hərəkət trayektoriyasının təşkil edilməsidir:
“Yəni, avtobus nəqliyyat vasitəsinin digər hərəkət iştirakçılarına nəzərən daha üstün hərəkətə malik olması və kifayət qədər tıxacdan yayınma prosesi sərinişin daşımasının sayına təsir edir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu rəqəmlərin artmasının bir neçə faktorları var. Əhali daha çox şəhərdaxili hərəkət zamanı marşrutlardan istifadə etməyə meyillidir. Çünki bu gün hərəkətin əsas intensivliyi marşrutların və metro nəqliyyat vasitəsinin üzərinə düşür.
Avtobus zolaqlarının çəkilməsi və marşrutların fəaliyyətinin yaxşılaşdırılması üçün atılan addımlar müntəzəm marşrut xətləri üzrə sərnişin daşınmasının sayını artırır. Bütün bu kimi addımlar uğurludur və gələcəkdə də buna bənzər addımların davam etdirilməsi daha məqsədəuyğundur”.
Nəqliyyat eksperti İlqar Hüseynli isə bildirdi ki, aprel ayından etibarən taksi qiymətlərində artımın baş verməsi müəyyən sərnişin axınını taksilərdən avtobus xidmətlərinə yönəldib:
“Taksilərlə bağlı olan yeni qaydalar tətbiq olunur və taksi xidməti göstərənlərin sayı azalır. Bu marşrut avtobuslarından istifadə edənləri artırıb. Taksi xidməti göstərənlərin sayı azalsa, marşrut xətlərindən istifadə ilə bağlı artım bir az da sürətlənəcək. Şəhər nəqliyyat vasitələri ilə yükləndiyi və tıxacların çox olduğu üçün sərnişinlər taksidən və ya digər nəqliyyat vasitələrindən istifadə etməyin arasında çox fərq görmür”.
Ekspert onu da vurğulayıb ki, burada avtomobil sürücülərinin də rolu az deyil:
“Biz müşahidə edirik ki, bir çox avtomobil sürücüləri də avtobus zolaqlarının boş saxlanmasına şərait yaradırlar. Bu faktorun özü də hər gün marşrutdan istifadə edən insanları da stimullaşdırır ki, taksilərdən və ya fərdi avtomoillərdən deyil, marşrutlardan istifadə etməyə başlasınlar. Hər iki faktor sərnişin daşınmada avtobus və taksi balansının dəyişməsində mühüm rol oynayır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay