Milli valyutada olan kreditlərin həcmi niyə artıb? (ŞƏRH)
"Milli valyutada istehlak kreditlərinin həcminin artması ilə bağlı heç bir problem yoxdur. Çünki bütün dünyada bu proses gedir".
Bu sözləri Valyuta.az-a Milli Məclisin deputatı Rüfət Quliyev milli valyutada olan problemli kreditlərin həcminin artmasına münasibət bildirərkən deyib.
Deputat deyib ki, problemli kreditlərinin həcminin artması bir neçə faktorlara bağlıdır:
"Əsas faktor oldur ki, insanlar üçün evlərini, ev üçün əşyaları, avtomobilləri istehlak krediti ilə almaq, istifadə etdiyi vaxtda tədricən pulunu ödəmək rahatdır. Bunda isə mənə elə gəlir ki, problem yoxdur. Burda rəqəmlərə baxsaq görərik ki, ümumi olaraq rüb ərzində cəmi 4-5 milyon manat artım olub. Bu isə elə də böyük rəqəm deyil".
Verilən kreditlərin həcminin artması haqqında da danışan Rüfət Quliyev deyib ki, sahibkarlıqla bağlı verilən kreditlərin artması isə müsbət xarakter daşıyır:
"Sahibkarlıq məqsədi ilə götürülən kreditlər də iki hissəyə bölünür. Birinci hissəyə sahibkarlıq fondundan az faizlə, yəni, 5-5.5 faizlə verilən kreditlər daxildir. Bu kreditlərlə bağlı dinamika müsbətdir. Sahibkarlar bu fürsətdən istifadə edərək aşağı faizlərlə kredit götürüb onu istehsal üçün, kənd təsərrüfatı, özlərinin bizneslərinin inkişafı üçün istifadə edirlər.
Sahibkarlar tərəfindən götürülən ikinci növ kreditlər isə iş fəaliyyətində maliyyə ehtiyacından götürülür ki, işi gücləndirsin və ya digər problemləri həll eləsin. Ümumiyyətlə kredit və problemli kreditlərin rüb ərzində belə rəqəmlərlə artımı elə də böyük problem deyil. Bütün dünyada hazırda bu proses gedir".
Qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda ümumi kreditlərdə 440.4 milyon manatdan 437.8 milyon manatadək azalıb. Azalma xarici valyutada olan kreditlərdə də müşahidə olunub. Həmin müddətdə 7.9 milyon manat azalma var. Bununla belə, milli valyutada olan kreditlər üzrə vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda 324 milyon manatdan 329.3 milyon manatadək yüksəlib. Son rəqəm eyni zamanda illik yekun olub. Bu o deməkdir ki, milli valyutada olan kreditlərdə problemli kreditlərin həcmi 2023-cü ilin sonuncu rübündə 5.3 milyon manat artıb.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay