EPF Amuldağ qızıl yatağında monitorinq aparmağa hazırdır
“Environmental Protection First” (EPF) Koalisiyası Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının Amuldağ (Amulsar) qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyir.
Valyuta.az xəbər verir ki, bu barədə “Environmental Protection First” Koalisiyası Amuldağ qızıl yatağında monitorinq aparmağa hazır olmasına dair bəyanatında qeyd edilib.
"Biz Ermənistandan olan həmkarlarımıza səsimizə səs verdikləri üçün təşəkkür edirik. Bu həmrəyliyin nəticəsidir ki, bu yaxınlarda Arazdəyəndə də başlanılması planlaşdırılan işlər dayandırıldı. Ermənistanda 100-dən çox vətəndaş cəmiyyəti təşkilatı və eko-fəalın qeyd etdiyi kimi, “Amulsar qızıl yatağı” layihəsi biomüxtəlifliyə və su ehtiyatlarına təhlükə törədir. Ermənistan hökuməti və “Lydian Armenia” şirkəti yatağın ətraf mühitə təsirinin qiymətləndirilməsinin nəticələrini nəzərə almayıb. Beynəlxalq qurumlar tərəfindən də fəaliyyətinə dəfələrlə etiraz edilmiş, əleyhinə qərarlar qəbul edilmiş Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları Bərgüşad (Vorotan) çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Amuldağ (Amulsar) qızıl yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir", - bəyanatın mətnində bildirilib.
Bəyanatda vurğulanıb ki, Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur:
"Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir. Eyni zamanda bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur".
Məlumatda həmçinin qeyd edilib ki, qızıl yatağını “Lydian Armenia” şirkəti istismar edir:
"Bu şirkətinin tam payçısı Böyük Britaniyanın “Lydian International” şirkətidir. Şirkətin əsas səhmdarları “Orion Mine Finance” (ABŞ), “Resource Capital Funds” (ABŞ), “Merk Investments” və “Tocqueville Asset Management LP” şirkətləridir. EPF Koalisiyası olaraq biz də Ermənistan hökumətini və bu yataqda qızıl hasilatına cəlb edilmiş şirkətləri heç bir ekoloji normaları nəzərə almadan istismarı aparılan “Amulsar qızıl yatağı”ndakı işləri dərhal dayandırmağa çağırırıq. Biz Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə “Amulsar qızıl yatağı”nda monitorinqə başlamağa hazırıq. Ermənistan hakimiyyəti etdiyi hərəkətlərin məsuliyyətini dərk etməli, dağ-mədən sənayesi müəssisələrinin qapılarını ekoloji monitorinqlər üçün açmalıdır".
Bəyanatı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov, “Sağlamlığa Xidmət” İctimai Birliyi icraçı direktoru Pərvanə Əliyeva, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova imzalayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay