Xaricdən gətirilən avtomobillərdə hansı problemlərlə rastlaşılır? - Ölkələrə görə fərqlər
Ölkəmizə dünyanın bir çox yerlərindən avtomobillər gətirilir. Bu avtomobillərin içərisində yeni avtomobillər çoxluq təşkil etsə də, problemli avtomobillərin gətirilməsi halı da istisna deyil. Bəs xaricdən gətirilən avtomobillərdə hansı problemlər ilə rastlaşılır?
Bu barədə Valyuta.az-a danışan usta Əli Sultanov bildirib ki, hazırda ölkəmizə gələn əsas avtomobillər ABŞ və Koreya istehsalıdır: “Cənubi Koreyadan gətirilən avtomobillərdə əsasən yürüş problemi olur, avtomobilin yürüşünü dəyişərək az sürülmüş kimi göstərməyə çalışırlar. Başqa problemlər ilə çox rastlaşılmır. Demək olar ki, bu ölkədən gətirilən avtomobillər əla vəziyyətdə olur”.
Usta vurğulayıb ki, bizdə və Avropada avtomobilə çox qulluq edirlər, amma Amerikada bu belə deyil: “Biz avtomobili ailəmizin bir üzvü olaraq gördüyümüzdən daha çox diqqət yetiririk, lakin Amerikada avtomobili sadəcə hərəkət vasitəsi kimi görürlər. Buna görə də avtomobillərə qulluq məsələsinə çox əhəmiyyət vermirlər. Bu səbəbdən, Amerika bazarından gələn avtomobillərin demək olar ki, böyük əksəriyyəti əzilmiş, vurulmuş, hava yastıqları açılmış vəziyyətdə olur. Amerikadan gətirilən bəzi avtomobillərin mühərrikxanasına baxış keçirən zaman qulluq olunmadığının, sanki illərdir mükərrikin yağının dəyişilmədiyinin şahidi oluruq. Bu problemlər son vaxtlar aradan qaldırılıb. Bunun da səbəbi ölkəyə buraxılan avtomobillərə qoyulan istehsal tarixi tələb ilə bağlıdır”.
Əli Sultanov qeyd edib ki, Avropadan xüsusilə də, Almaniyadan gətirilən avtomobillərdə də ümumi problem ilə rastlaşılmır: “Sadəcə Almaniyanın şimal bölgəsindən gətirilən avtomobillərin alt hissəsində çürümələr olur. Bunun da səbəbi havanın qarlı keçməsi və yolları təmizləmək üçün istifadə olunan xüsusi maddələrdən irəli gəlir”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay