“Startap” şəhadətnaməsinin verilməsi üçün əsas tələblər
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startap şəhadətnaməsi ilə bağlı Valyuta.az-ın suallarını cavablayır...
“Startap” şəhadətnaməsi hansı KOB-lara verilir?
“Startap” şəhadətnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro və kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərə və fərdi sahibkarlara verilir. “Startap” şəhadətnaməsi innovativ təşəbbüsə əsaslanaraq sahibkarlıq fəaliyyəti həyata keçirən mikro və kiçik sahibkarlıq subyektlərini bu fəaliyyətdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Seçim hansı kriteriyalara əsasən aparılır?
“Startap” şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması Meyarları”na əsasən həyata keçirilir. Meyarlara əsasən “Startap” şəhadətnaməsinin verilməsi üçün əsas tələblər aşağıdakılardır:
“Startap” şəhadətnaməsinin verilməsi üçün əsas tələblər:
- məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;
- innovativ təşəbbüsə əsaslanması;
- mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;
- yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;
- rəqabətqabiliyyətli olması;
- qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;
- digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.
“Startap” şəhadətnaməsi kimlərə verilmir?
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən müraciətçi mikro və ya kiçik sahibkarlıq subyekti olmadıqda, orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olduğu müəyyən edildikdə və ya müraciətçinin rezident vergi ödəyicisi olmadığı müəyyən edildikdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən birbaşa imtina ilə bağlı qərar qəbul edilir. Digər halda “Startap” şəhadətnaməsini almaq üçün müraciət edən şəxslər tərəfindən təqdim edilmiş sənədlərdə (məlumatlarda) aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə müraciətçiyə sözügedən çatışmazlıqları aradan qaldırması üçün rəsmi məktub ünvanlanır. Çatışmazlıqlar 10 (on) iş günü müddətində aradan qaldırılmadıqda müraciətin baxılmamış saxlanılması barədə KOBİA tərəfindən qərar qəbul edilir.
Sənədlərdə çatışmazlıq aşkar edilmədikdə və ya çatışmazlıqlar sözügedən müddətdə aradan qaldırıldıqda isə müraciət Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müvafiq əmri ilə yaradılmış Ekspertlər Şurasının iclaslarında qiymətləndirilir və Ekspertlər Şurasının kollegial rəyləri nəzərə alınmaqla Agentlik tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi və ya imtina edilməsi barədə müvafiq qərar qəbul edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay