Gürcüstanda Rusiyaya gedən yolda 1,5 km uzunluğunda tunel qazıldı
Yeni Kveşeti-Kobi avtomobil yolunda 1,5 km uzunluğunda tunel qazılıb ki, bu da Gürcüstan Hərbi Magistralı boyunca gediş vaxtını azaldacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
“23 kilometrlik Kveşeti-Kobi yolunun və tunellərin tikintisi fəal şəkildə davam etdirilir. Layihə iki hissəyə bölünüb, onun daxilində iki zolaqlı asfalt-beton yol, beş körpü, beş tunel tikilir, bir körpüdə təmir işləri aparılır. Hazırda layihənin ikinci hissəsində ən uzunu 1,5 km olan 4 tunel qazılıb”, - məlumatda deyilir.
Departamentin qeyd etdiyi kimi, Kveşeti-Kobi layihəsinin birinci hissəsinə aid edilən 9 km-dən 8-də tunel qazılıb. Ölkədə ən uzun, dünyada isə ən nadir tunellərdən birinə çevriləcək dağ tunelinin qazılması işləri layihə üçün xüsusi olaraq hazırlanmış qazma maşınları ilə aparılır.
Kveşeti-Kobi yolunun mövcud hissəsi 35 km uzunluğundadır, o, ölkənin şimalında Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars sərhəd keçidinin yaxınlığından Qudauri xizək kurortundan keçir. Qışda çətin hava şəraiti və uçqun təhlükəsi səbəbindən yol tez-tez bağlanır. Kveşeti və Kobi kəndlərinin altı körpü və beş tunel də daxil olmaqla 23 km-lik marşrutla birləşdirilməsi planlaşdırılır. Tikinti başa çatdıqdan sonra Tbilisi ilə Qudauri arasındakı yolda gediş müddəti 30 dəqiqə azalaraq 1 saat 30 dəqiqə, Tbilisidən Rusiya Federasiyası ilə sərhədə yaxın Stepantsmindaya isə əvvəlki 2,5 saat əvəzinə 1 saat 45 dəqiqə olacaq. İşlərin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Mtsxeta - Stepantsminda - Lars yolu (Gürcüstan Hərbi Yolu) Gürcüstan ərazisindən Rusiyadan Ermənistana gedən mühüm marşrutdur. Qışda uçqun təhlükəsi ilə əlaqədar yolun şimal hissələrində nəqliyyatın hərəkəti mütəmadi olaraq dayandırılır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay