“Naxçıvan Bank”ın xalis mənfəəti 1 milyon manatdan çox azalıb
“Naxçıvan Bank” 2023-cü ilin III rübünü 11,34 milyon manat xalis mənfəətlə bitirib.
Valyuta.az-ın hesablamasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% və ya 1,08 milyon manat azdır. Belə ki, bank 2022-cü ilin ilk doqquz ayını 12,4 milyon manat xalis mənfəətlə bağlamışdı.
Hesabat dövründə bankın faiz gəlirləri 18,47 milyon manata çatıb ki, bu da bir il əvvələ nisbətən 24% və ya 3,5 milyon manat çoxdur. 1,6 milyon manat faiz xərci çıxıldıqdan sonra bankın xalis mənfəəti 16,8 milyon manat təşkil edib. Başqa sözlə, bankın xalis faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən 2,7 milyon manat artıb.
Faiz gəlirlərində artımın əksinə olaraq, “Naxçıvan Bank”ın qeyri-faiz gəlirləri bu ilin III rübündə 1,18 milyon manat azalaraq 3,2 milyon manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 4,4 milyon manat təşkil edib.
Qeyri-faiz xərcləri isə son bir ildə 5,6 milyon manatdan 7,76 milyon manata kimi, və ya 2,1 milyon manat artıb. Nəticədə bankın əməliyyat mənfəəti 4,5% və ya 586,6 min manat azalaraq 12,3 milyon manata enib. Ötən ildən fərqli olaraq bu il bank həm də 1,8 milyon manat mənfəət vergisi ödəyib.
Qeyd edək ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay