“Banklar bu tarifi süni olaraq 2,5 dəfə artırır” – Deputat
“Mərkəzi Bank bankomatlar vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqqların aşağı salındığını bildirib. Bu xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq”.
Valyuta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputatın sözlərin görə, bu müsbət haldır:
“Amma bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar. Yəni, nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olaraq qalacaq.
Belə ki, bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2,5 dəfə artırmaq qərarı veriblər. Əvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Əslində, belə artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Çünki, nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə texnologiyanın yeniləşməsi sms göndərmənin maya dəyərini xeyili aşağı salıb”.
V.Bayramov vurğulayıb ki, belə olan halda bu xidmətlərdə kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil:
“Bu baxımdan, requlator kimi Mərkəzi Bank belə kəskin tarif artımlarının səbəblərinin araşdırması və yöndə interventiv addımlar atması çox vacibdir. Bəlkə də, sms xidmətinin 1 manata çatdırılması yüksək xərc kimi görünməyə bilər, amma sistemli əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq, bu kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan da, liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni tarif artımların tənzimlənməsi çox vacibdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay