Azərbaycanın iştirak etdiyi idxal sərgisində 78,41 milyard dollarlıq sövdələşmə
Şanxayda keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal Sərgisində 78,41 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.
Bu rəqəm ötənilki göstəricidən 6,7 faiz çoxdur. Noyabrın 5-10-da keçirilmiş sərginin gedişində 442 məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunub. Şanxay sərgisinə 154 ölkə və beynəlxalq təşkilatdan 3400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət qatılıb, 400 minən çox peşəkar ziyarətçi, o cümlədən idxalçı şirkətlərin nümayəndələri sərgini ziyarət edib. Çin Xalq Respublikasının Sədri Si Cinpinin himayəsi ilə keçirilən sərgi idxal məhsullarının və xidmətlərinin Çin bazarına daxil olmasını təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Şanxay sərgisi dünyada ölkə səviyyəsində keçirilən ilk böyük idxal sərgisidir.
Qeyd edək ki, Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçılarından olan Azərbaycanın İqtisadiyyat Nazirliyi və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə sərgidə vahid ölkə və kommersiya stendləri fəaliyyət göstərib. Birinci stenddə ölkəmizin turizm, innovasiya, “yaşıl” enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət, xalçaçılıq kimi sahələrdə qazanılan nailiyyətləri, perspektivlər, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri haqqında materiallar nümayiş olunub.
“Made in Azerbaijan” stendində isə Azərbaycan şirkətlərinin istehsal etdikləri şərablar, digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, fındıq, nar şirəsi, konservlər və digər məhsullar nümayiş olunub.//Azertag.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay