BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
35682

Azərbaycanda bank sisteminin vəziyyəti, bağlanan banklar, faiz dərəcələri və digər məsələlərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Əli Məsimlinin müsahibəsi:

- Bir il ərzində ölkədə 2 bank bağlandı. Bütün bunların fonunda Azərbaycanda bank sistemi nə qədər zəmanətlidir?

- Bu ilin mayın 17-də “Günay Bank” ləğv edildikdən beş ay sonra 19 oktyabrda “Muğan Bank”ın da ləğv edilməsi müzakirələr yaradıb. Bu, təbiidir. Çünki bank bağlananda həlli qanunvericiliklə müəyyən olunmuş şəkildə mümkün və asan olan məsələlərlə yanaşı, xeyli problem də yaranır. Mərkəzi Bank bildirib ki, "Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 %, kredit portfelində 2 %, sektorun öhdəliklərində isə cəmi 1,3 % təşkil edir. “Muğan Bank”ın bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

Fikrimcə, Mərkəzi Bankın açıqlamasının bu hissəsinin real tərəfi ilə yanaşı, reallığa uyğun gəlməyən nüansları da var... Zəif bankların müflisləşməsinə gətirib çıxaran səbəblər tam aydınlaşdırılmır. Şəffaflıq və sair bu kimi digər məsələlərdə də çatışmazlıqlar olur. Belə ki, vətəndaşların bankda olan qorunan əmanətləri ödənilir və onunla bağlı xərclər də qarşılanır. Sonra bankdan kartlarla əməkhaqqı alan vətəndaşların vəsaitləri, bankın kredit təşkilatları və digər qurumlar qarşısında öhdəlikləri icra edilir. Amma belə bankların digər öhdəliklərinin qarşılanmasında müxtəlif dərəcəli problemlər ola bilir. Xüsusən də hüquqi şəxslərin bankdakı vəsaitləri, o cümlədən sığorta olunmayan əmanətlərin taleyi problemli olaraq açıq qalır. Bu da biznes sahəsinə, həcmindən asılı olaraq müəyyən dərəcədə iqtisadiyyata da ziyan vurur. Beləliklə, kiçik bankların ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə elə bir təhdid yaratmasa da, bu sektordakı mühitin sağlamlığına və deməli, həm də banklara olan güvənə də mənfi təsir göstərir. Nəticədə maraqların konflikti baş verir. Bununla yanaşı, kiçik banklara münasibətdə Mərkəzi Bank bu problemin həllinin optimal variantlarının tapılmasına səy göstərməlidir ki, banklarda vəsaiti olan vətəndaşlar və biznes strukturları ləğv edilən banklarla bağlı ciddi problemlər yaşamasınlar.

Sözügedən məsələlərə münasibətdə əvvəlcə bank sistemində gedən proseslərin heç də hamısının Mərkəzi Bankdan asılı olmaması faktını xüsusi vurğulamaq lazımdır. Bununla belə həm də onu da qeyd etmək lazımdır ki, ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, inkişafına dəstək verilməsi; maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması; əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi Mərkəzi Bankın əsas fəaliyyət istiqamətlərində xüsusi yer tutur. Banklar ətrafında gedən və formalaşan fikirlər göstərir ki, Mərkəzi Bank bu sistemin tənzimləyicisi kimi onun üzərinə düşən vəzifələri yaşamağa başladığımız yeni mərhələnin tələbləri baxımından heç də həmişə yetərincə yerinə yetirə bilmir. Mərkəzi Bankın fəaliyyətindəki müsbət yüklü məqamlarla yanaşı, həm də rəqabətin qarşısını alan və bank sektoruna süni giriş maneələri yaradan siyasəti bank sisteminin sağlamlaşmasına və rəqabətli olmasına ciddi şəkildə mane olur. Bank sektorundakı problemlərin xeyli hissəsi məhz bu sistemin monopol xarakterli mahiyyətindən qaynaqlanır. Ona görə də Azərbaycanda bank sisteminin sözün əsl mənasında uzunmüddətli, davamlı və dayanıqlı qarantlılığı məsələsi xeyli dərəcədə həmin problemin uğurlu həll dərəcəsindən asılı olacaq. Bununla belə məsələyə ölkəmizin əsas banklarının mahiyyətı, imkanları və şəraitindən çıxış etməklə yanaşdıqda, bizdə bazarın çox böyük hissəsinə malik olan bankların timsalında bank sistemi hələlik qarantlı, orta bankların timsalında nisbətən qarantlı, kiçik bankların bir hissəsi isə problemlidir.

Bəli, doğrudan da, bankların yayımladığı hesabatlara istinad etsək görərik ki, ölkədə məcmu kapitalına görə vəziyyəti “Muğan Bank”dan da pis olan banklar var. Yaxın vaxtlarda digər bankların bağlanması ehtimalı nə qədərdir?

 - Bu sualın cavabı ilk növbədə xeyli dərəcədə Mərkəzi Bankın kiçik banklara münasibətinin dəyişib-dəyişməyəcəyindən asılı olacaq. Əgər zəif bankların ləğv edilməsi variantına üstünlük verilməsi siyasəti davam etdiriləcəksə, onda “Muğan Bank” sonuncu bağlanan bank olmayacaq. Amma sizin sualınızda qoyulduğu kimi, yaxın vaxtlarda digər bankların da bağlanması yox, bir müddət keçəndən sonra bir neçə bankın bağlanması ehtimalından danışmaq olar. Ona görə ehtimalı deyirik ki, kriteriyalara cavab verməyən bankların taleyinin onların ləğv edilməsi ilə sonuclanacağını və birmənalı şəkildə təsdiq və ya inkar etmək, eləcə də zaman kəsiklərini müəyyənləşdirmək çətindir. Çünki bu suala dəqiq cavab verməkdən ötrü, başqa bir sualın dəqiq cavabına ehtiyac var: Bank ləvğ ediləndə onun məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna və sair bayaq sadaladığımız səbəblərə görə bağlanır yoxsa başqa səbəblər də nəzərə alınır? Amma monopoliya aradan qaldırılsa, problemli bankların da adekvat bazar payı olsa və digər istiqamətlərdə də lazımı şərait yaradılsa, mövcud bankların xeyli hissəsi normal fəaliyyət göstərə bilərlər.

- Mərkəzi Bankın sədrinin bildirdiyinə görə Azərbaycanda bank faizləri qonşu ölkələrdən çox aşağıdır. Buna fikriniz necədir?

- Bəli, yadımdadır...Milli Məclisin bu ilin yayında keçirilən iclaslarında “Mərkəzi Bank haqqında” qanuna dəyişikliklər müzakirə olunarkən Azərbaycanda inflasiyanın səviyyəsi və faiz dərəcələri ətrafında diskussiya olmuşdu. Biz demişdik ki, Azərbaycanda idxal inflasiyasından əlavə, həm də məmur biznesindən qaynaqlanan monopoliya ucbatından, inflasiya qlobal inflasiyanın orta göstəricisindən yüksəkdir. Eyni zamanda, uzun illərdir ki, Azərbaycanda bank faizləri ikirəqəmli səviyyədə olduğundan, biz dəfələrlə dediyimizi yenə də təkrar etmişdik ki, bizdə tətbiq edilən bank faizləri soyğunçu xarakter daşıyır. Milli Məclisdəki həmin müzakirələr zamanı Mərkəzi Bankın sədri ölkəmizdə inflasiyanın yüksək olduğunu inkar etməklə yanaşı, həm də bildirmişdi ki, Azərbaycanda bank kreditləri faizinin 20-25 faiz olmasını görməyib.

O vaxt Milli Məclidə inflasiyanın səviyyəsi və bank faiz dərəcələri ətrafında baş verən həmin diskussiya mətbuatda geniş müzakirə obyektinə çevrildi. Biz, təbiət etibarilə müasir tələblərə cavab verən təfəkkür tərzinə malik kadrların təbii müttəfiqi oduğumuzdan, tam səmiyyətlə bildiririk ki, istəməzdik Milli Məclisdəki həmin diskussiyadan sonra baş bankir mətbuatda o cür geniş tənqid hədəfinə çevrilsin. Amma Taleh Kazımov Mərkəzi Bankın sədri olmazdan öncə 18 il maliyyə sektorunda çalışıb, o cümlədən 7 il Azərbaycanın ən böyük banklarından birinin rəhbəri olub. Ola bilməz ki, Azərbaycanda bank kreditləri faiz dərəcələrinin yüksək olması, kreditlərin bir qisminin 20-25 faizə və ondan da yüksək faizə verilməsindən, eləcə də bir sıra banklarda mövcud olan əyinti ucbatından kredit almağa nail olanlara həmin pulun rəsmi faizi ilə yanaşı əlavə neçəyə başa gəldiyindən xəbəri olmasın. Azərbaycanda inflyasiyanın da, bank faiz dərəcələrinin də rəsmi göstəricilərdən yüksək olduğu cəmiyyətin əksəriyyətinə məlum olan məsələdir. Belə açıq-aydın məlum olan məsələlərin inkar edilməsi və ya ciddi-cəhdlə tərsinə yozulması cəmiyyətdə adekvat dərəcədə çox ciddi qıcıq yaradır. Bununla belə onu da demək lazımdır ki, rəsmi rəqəmlər son vaxtlar Azərbaycanda bank faizlərinin bir qədər aşağı düşdüyünü göstərir. Məsələn,Mərkəzi Bankın aylıq statistik bülleteni göstərir ki, bu ilin ilk beş ayının nəticələrinə görə, Mərkəzi Bankın sədrinin dediyi kimi, ölkədə fiziki şəxslər üçün orta kredit faizi 16,1 % olub. Ancaq bu, rəsmi statistikadır və həmin göstərici, kreditin məbləğ və formasından asılı olmayaraq ölkədəki fiziki şəxslərin əldə etdikləri bütün növ kreditlərin orta faiz dərəcəsini əks etdirir. Ölkənin aparıcı kredit kart məhsullarına sahib olan iri banklarda kredit kartlarında illik faiz dərəcəsi 20-25 %, bəzən ondan da yüksəkdir. Fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsinin 16,1 %-ə bərabər olması, faizlərin hesablanması metodologiyasında ipoteka və digər böyük məbləğli kreditlərin də bu göstəricinin hesablanmasında istifadə edilməsi, güzəştli kreditlərin faizlərindən istifadə edilməsi və sair bu kimi amillərin təsiri ilə bağlıdır. Həmin kredit məhsullarında faiz dərəcələri daha aşağı olduğu üçün, fiziki şəxslər üzrə orta faizin də aşağı olmasına təsir edir. Bu baxımdan, 16,1 % göstəricisi istehlak kreditləri ilə bağlı real orta faiz göstəricisini əks etdirmir. 

- Bank sitemində hansı islahatları daha vacib hesab edirsiniz? Təklifləriniz nədir?

- Ölkənin sosial-iqtisadi tərəqqisinin dayanıqlılığı və davamlılığı məsələlərinin həllində ən mühüm strateji vəzifələrdən biri, iqtisadi sektorlarda idarəetmənin səmərəliliyinin mühüm göstəricisi kimi, rəqabətqabiliyyətli və səmərəli fəaliyyət göstərən sağlam bank sisteminin yaradılmasıdır. Hazırda Azərbaycanda formalaşmış bank sektoru daha çox neft bumu dövrünün nəticəsidir, monopoliya əsasında formalaşıb və neft gəlirləri azaldıqca problemləri də artacaq. Ona görə də bir sıra cəhətlərinə görə artıq yaşamağa başladığımız yeni mərhələnin məntiq, tələb və çağırışlarına lazımı səviyyədə cavab vermir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlər bank sistemində mövcud olan problemlərin həlli üçün yetərli deyil. Ona görə də Azərbaycan Respublikasının 2024-2030-cu illər üzrə maliyyə-bank sisteminin modernləşməsi strategiyası” və bu strategiyanın həyata keçirilməsi üzrə proqram hazırlanıb həyata keçirilməsini vacib hesab edirik. Mərkəzi Bankın məlumatlarına görə, bu ilin sentyabrına iqtisadiyyata kredit qoyuluşu 23 milyard manatdan çox olub. Bu, 2023-cü ilin dövlət büdcəsində iqtisadiyyata qoyulması nəzərdə tutulan investisiya xərclərindən 8,7 dəfə çoxdur. Amma bizdə bank sisteminin istehsal sektoru ilə əlaqəsi çox zəifdir. Sözügedən həmin 23 milyard manatdan çox kreditin cəmi 5 %-ə yaxını sənaye və istehsal sektoruna, 2,3 %-i isə kənd təsərrüfatına yönəldilib. Bu rəqəmlər açıqca göstərir ki, Azərbaycanda bank sistemi ilə istehsal sahələri arasında uçurum yaranıb. Bank sektoru pul-kredit mexanizmi vasitəsilə investisiya fəallığının, məşğulluğun artmasında, iqtisadi artımın sürətlənməsində generator rolunu oynamaq əvəzinə, həmin istiqamətlərdə əlavə problemlər yaradır. Bu yöndə problemlərin kəskinləşməsi digər fəsadlara yol açması ilə yanaşı, həm də son nəticədə bankların lisenziyalarının ləğv olunmasına da gətirib çıxarır.

Bu baxımdan Azərbaycanın bank sistemini müasir tələblər səviyyəsində sağlamlaşdırmaq və rəqabət qabiliyyətli etməkdən ötrü, bu sektorda yaşamağa başladığımız yeni mərhələnin çağırışlarına cavab verən əsaslı islahatlar həyata keçirilməlidir. Bu yöndə həllinin sürətləndirilməsi vacib olan məsələrlər sırasında Mərkəzi Bankın səlahiyyətlərinin artırılması ilə yanaşı, həm də onun fəaliyyətinin səmərəlilyinin yüksəldilməsi obyektiv təlabat xarakteri daşıyır. Bu ilin yayında bank sahəsindəki qanunlara edilən dəyişikliklər nəticəsində Mərkəzi Bankın səlahiyyətləri xeyli artırıldı. Mərkəzi Bankın əsas mandatı qiymətlərin sabitliyinə nail olmaqdır. Onun bu vəzifəni neçə yerinə yetirdiyi göz qabağındadır... Mərkəzi Bank öz fəaliyyətinin səmərəliliyini artırmaqla məzənnə siyasətinin aparılması və inflyasiyanın səngidilməsi ilə yanaşı, maliyyə sektorunda rəqabət mühitinin formalaşmasına, təmərküzləşmənin fəsadlarının minimuma endirilməsinə, şəffaflığa, ölkədəki məşğulluq probleminə və iqtisadi artıma da təsir göstərə bilməlidir. İslahatları dərinləşdirməklə, o cümlədən institusional islahatlar, maliyyə bazarı infrastrukturunun müasirləşdirilməsi, bank sektorunda rəqabət və kommersiya fəaliyyəti azadlığını məhdudlaşdıran hərəkətlərin qarşısının alınması, bütün banklar üçün ədalətli, rəqabət qabiliyyətli mühitin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilməlidir. Bankların iqtisadiyyatın real sektorunun istehsalla bağlı əlaqəsinin güclənməsi və real nəticəliliyinin artırılması istiqamətində sistemli və davamlı tədbirlər həyat keçirilməli, onun hüquqi mexanizmləri gücləndirilməli və bu işin mükəmməl hüquqi bazasının formalaşdırılması yolunda Bank Məcəlləsinin qəbulu sürətləndirilməlidir. Beynəlxalq praktikadan məlumdur ki, bankların qazanc əldə etmək üsulları çoxşaxəlidir, təklif etdikləri məhsul və xidmətlər çoxçeşidlidir. Bizdə isə banklar məlum xidmətlərin çox az hissəsini icra etdiklərinə görə gəlirinin böyük hissəsi məhz kreditləşdirmə sayəsində formalaşdırır ki, bu da rəqabtin zəif, bazar həcminin isə məhdud olduğu hazırkı Azərbaycan reallıqları şəraitində bankların bir hissəsinin ayaqda qalmasını çətinləşdirir və həm də getdikcə daha çox dərəcədə təhlükə qarşısında qoyur.

Ona görə də bank xidmətlərin dairəsinin və çeşidinin əsaslı surətdə genişlənməsininə, bank xidmətləri bazarının son istehlakçıya geniş çeşiddə bank məhsullarının təqdim edilməsinə, onların əhali üçün cəlbediciliyinin artırılmasına yönəlmiş yeni seqmentlərinin inkişafına yönəlik tədbirlər görülməlidir. Banklarla bağlı məsələlər müzakirə olunarkən, ən çox hallandırılan problem faiz dərəcələri ilə bağlı məsələlərdir. Faiz dərəcələrinin yüksək olması təkcə pul bazarı ilə bağlı olan bir məsələ deyil. Faiz dərəcəsinin yüksək olmasında normal rəqabət mühitinin olmaması; risk dərəcəsinin yüksək olması; depozitlərin faiz dərəcəsinin yüksək olması; bir sıra banklar istisna olmaqla, bank sisteminin idarə olunmasında problemlər; bankçılıq sahəsində lüzumsuz xərclərin çoxluğu və sair bu kimi amillər daha ciddi rol oynayır. Ona görə də faiz dərəcələrinin aşağı salınması üçün zəruri olan islahatlar həyata keçirilməlidir. İslahatları sürətləndirmək, risk amillərini səngitmək, məhkəmə sistemində islahatları dərinləşdirmək və sadaladığımız digər istiqamətlərdə müsbət meyllərə nail olmaqla, bu sistemə inamı artırmaq və sair vasitələrlə faiz dərəcələrinin aşağı salınması sahəsində sistemli iş aparılmalıdır. Sahibkarların maliyyə resurslarına çıxış imkanlarını dəstəkləyən alətlərin çeşidinin artması, özəl sektorun maliyyəyə əlçatanlığının genişlənməsi istiqamətində təsirli tədbirlər görülməlidir. Özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı ilə yanaşı, öz biznesini genişləndirə bilənlərin kredit təminatı da bu yeni fəaliyyət növünün davamlılığının və nəticələrinin səmərəliliyinin, eləcə də bu sahənin miqyaslarının artmasında mühüm rol oynaya bilər. Regionlarda verilən kreditlərə görə faiz dərəcəsi Bakıdakından xeyli yüksəkdir.

Regionlarda istehsal sahələri yaradanlara, yeni perspektivli iş yerləri açanlara, kənd təsərrüfatı məhsulları və onun emalı ilə məşğul olanlara aşağı faizlə kreditlərin verilməsi vacibdir. Eləcə də aqrar sahə üçün məqbul sayıla biləcək kreditə zəmanət mexanizminin yaradılması obyektiv tələbata çevrilib. Regionlara verilən kreditlər üçün girov problemi optimal şəkildə həll edilməlidir. İslahatlar kontekstindən yanaşanda, ölkəmizdəki bazarın parametrlərinə uyğun surətdə bankların sayının optimallaşdırılması, normal fəaliyyət göstərməyə qadir kiçik, orta və iri bankların fəaliyyətinin effektiv kombinasiyasına nail olmaq obyektiv tələbat xarakteri daşıyır. Bu kontekstdə erkən reaksiya sisteminin fəaliyyətinin təmin edilməsi, kommersiya bankının fəaliyyətindəki problemləri mümkün qədər erkən mərhələdə aşkar etməyə yönəlmiş bank fəaliyyətinin təhlili üçün effektiv mexanizmin yaradılması ölkənin maliyyə və sosial sabitliyi, dövlətin və hər bir vətəndaşın maraqlarının reallaşdırılması üçün zəruridir. Amma görünən odur ki, Mərkəzi Bank daha çox zəif bankların ləğv edilməsi variantına üstünlük verir.

Bu işin beynəlxalq praktikaya söykənən perspektivli tərəfləri ilə yanaşı, onu həyata keçirilməsi yolunda qarşılanan problemlərin fəsadlı nəticələrini minimuma endirməkdən ötrü islahatların dərinləşdirilməsi kontekstində bunu tamamilə ümidsiz banklar istisna olmaqla, qalanlarına münasibətdə kiçik bankların birləşdirilməsinə nail olub, sağlamlaşdırma tədbirləri həyata keçirmək yolu ilə də etmək olar. Ona görə də bankların sağlamlaşdırılması və restrukturizasiyası üzrə effektiv alətlərin formalaşdırılması, kredit təşkilatlarının birləşmə və ya qoşulma prosedurlarının sadələşdirilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır. Çünki bankların sayının azadılması vacib amil olsa da, bank sektorunda normal rəqabət mühitinin, hamı üçün bərabər şəraitin yaradılması, bank sistemi ilə istehsal sektorunun əlaqəsinin gücləndirilməsi, kreditorların hüquqlarının işlək müdafiəsi mexanizmlərinin yaradılması, maliyyə savadlılığının səviyyəsinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və sair bu kimi amillər say amilindən daha önəmlidir.

© Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin