Necə deyə bilərik ki, “Muğan Bank”ın bağlanmasının bank sisteminə heç bir mənfi təsiri yoxdur?
“Necə deyə bilərik ki, Azərbaycanın bank sistemində aktivlərin 1,4%, kredit portfelinin 2%-ə sahib olan “Muğan Bank”ın bağlanmasının bank sisteminə heç bir mənfi təsiri yoxdur? Kiçik bankların bağlanması zamanı bank sisteminə olan zərərin gözlə görünməsi və yaxud dərhal hiss edilməsi mümkün olmasa da, amma istənilən təsərrüfat subyektinin bazardan çıxması o sahə üçün yaxşı heç nə vəd eləmir”.
Bu sözləri Valyuta.az-a iqtisadçı Eldəniz Əmirov “Muğan Bank”ın bağlanmasının bank sisteminə hansı mənfi təsirləri olacaq” sualını şərh edərkən deyib.
İqtisadçı əlavə edib ki, hansısa bir bankın bağlanması müştərilərdə bank sisteminə olan inama ciddi təsir göstərir. Bunun da müxtəlif səbəbləri var: “Mən bilirəm, siz bilirsiniz, Mərkəzi Bank, iri banklar, maliyyəçilər bilirlər ki, belə kiçik 24-cü bankın bağlanması ilə fəlakət olmayacaq. Amma insanlar bunu belə düşünmür. Məsələn, insanların çoxu bilmir ki, ölkədə 24 bank var idi, indi 23 bank qaldı. Sıravi bir vətəndaşı danışdırsaq, 10 bank ancaq saya bilər. Ona görə də vətəndaş düşünür ki, 5-10 bank var idi, biri bağlandısa, digər banklara pulu necə etibar etmək olar? Ələxsus da indiki depozitlərin üçdə bir hissəsi sığortalanmamış vəziyyətdədir. Lakin verilən açıqlamada bildirilir ki, 99.9 faiz müştərilər sığortalanıb. Belə çıxır ki, bankın depozitlərinin üçdə biri, yəni 106 milyon manatı müştərilərin 0.1-nə aiddir. Ayrı-ayrı şəxslər tərəfindən hətta vəsait qaytarılmasa belə, zərərçəkənlərin sayı çox olmayacaq. Yerdə qalan 99.9 faiz müştərinin vəsaiti qaytarılacaq”.
Ekspert son olaraq qeyd edib ki, bu, bütün hallarda banklara inam problemi yaradır. Biz isə bunun nəticəsini daşınmaz bazarında da görəcəyik: “İnsanlar öz vəsaitlərini banklara yox, daşınmaz əmlaka yatırmağa üstünlük verir”.
Qeyd edək ki, "Muğan Bank” ASC ləğv edilib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən "Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. "Muğan Bank" ASC 1992-ci ildən fəaliyyət göstərir. "Muğan Bank” ASC "Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı kimi tanınır. Bankın səhmlərinin 40%-i Munir Vəliyevə, 33,85%-i Samir Vəliyevə, 16,27%-i Vəfa Vəliyevaya, 9,22%-i Fəridə Mehdiyevaya, 0,66%-i Elmir Mehdiyevə məxsusdur.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay