BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7692
  • RUB
    1.6998
  • TRY
    0.0483
  • GBP
    2.1321
32974

Karyerasını elmi yöndə planlayır, bir müddət universitetin laboratoriyasında çalışır. Qısa müddət sonra biznes sektoruna keçir, daha sonra isə öz şirkətini qurmaq qərarı verir. Söhbət mobil operatorlara və banklara İT həlləri təqdim edən Simbrella şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədovdan gedir.

Bildirək ki, “EY” şirkətinin Azərbaycanın iş adamları arasında artıq dördüncü ildir ki, keçirdiyi “İlin İş Adamı” müsabiqəsinin 2023-cü il üçün qalibi Seymur Məmmədov olub.

Valyuta.az hazırda 15-ə yaxın ölkəyə xidmət göstərən “Simbrella”nın qurucusu ilə müsahibəni təqdim edir.

- Seymur bəy, necə bir mühitdə böyümüsünüz?

- Ziyalı ailəsində böyümüşəm. Valideynlərimin ikisi də həkim olub. Bir qardaşım var. Bakıda anadan olmuşuq. Azərbaycanda məşhur sual var: haralısınız? Bu sualı sevmirəm. Atam Füzulidən, anam İsmayıllıdan olduğuna görə, atam zarafatla deyirdi ki, siz metissiz. O vaxtdan məndən hardan olduğumu soruşanda, deyirəm ki, metisəm (Gülür).

- Həkimlərin övladı niyə tibbə getmədi?

- Atam uzun illər çənə-ağız əməliyyatları üzrə uşaq cərrahı olub. Sonra estetik cərrahiyyəyə yönəldi, Azərbaycanın ilk estetik cərrahı olub. O vaxt estetik cərrahiyyə indiki kimi geniş yayılmadığına görə, deyirdi ki, mənim yerimə səndən yaxşı əvəz kim ola bilər? 8-9-cu sinfə qədər atam mənə həkim olmağı məsləhət görürdü. Yəqin ki texniki fənlərə marağımı gördü deyə, 10-cu sinifdə dedi ki, özün qərar ver. Mənim seçimim də Politexnik İnstitutunun robototexnika fakültəsi oldu.

“Attestatımda 4 olmayıb”

- Məktəb vaxtı əsas fokusunuz texniki fənlərə idi?

- Mən məktəbi də, universiteti də əlaçı olaraq bitirmişəm. Attestatımda 4 olmayıb. 5 almağıma baxmayaraq, elə fənlər var idi ki, çox sevə-sevə məşğul olurdum, eləsi də var idi ki, sevsəm də, sevməsəm də oxuyurdum. Texniki fənlərə daha çox həvəsim var idi. Üstəlik, ictimai aktiv olmuşam. Məktəbdə komsomol komitəsinin sədri, universitetdə fakültə komsomol komitəsinin sədri olmuşam.

- 5-ci kursda proqramlaşdırma ilə tanış olana qədər hansı karyera planlarınız var idi?

- Biz 90-ların gəncləriydik. O vaxt heç kim bir həftədən artıq plan qura bilmirdi. Dövlət dağılırdı, hər kəs bir tikə çörək qazanmaq üçün çalışırdı. Mən robototexnika fakültəsinin metalkəsən dəzgahlar və alətlər ixtisasını bitirmişəm. Yəni mexanika mühəndisiyəm. Sovet dövrünün klassik karyera pillələri var idi, o da geniş deyildi. Ya ictimai yolla gedirsən, partiyada, həmkarlar komitəsində özünə karyera qurursan, ya elmi yöndə gedə bilərdin, ya da istehsalat karyerası qurursan. Mən isə karyeramı alim kimi görürdüm.

- Proqramlaşdırmada sizə nə maraqlı gəldi ki, dediniz elm yox, bu yöndə gedim?

- Universitetdə bizim kafedrada köhnə kompüterlər, böyük hesablama maşınları var idi, onları öyrənmişdik. Sonra “Microsoft” əməliyyat sistemli İBM kompüterləri Azərbaycana gəldi. Bizim kafedra 3 kompüter aldı və onlarda işləmək məqsədilə müəllimlər üçün kurslar təşkil etdi. Gələcəkdə universitetdə saxlamaq, elmi yöndə davam etməsini istədikləri əlaçı 3 tələbəni də ora cəlb etdilər. Yəni proqramlaşdırma öyrənəndə, fikrim elm yönündə davam etmək idi.

- Bəs niyə sonra elmdən uzaqlaşdınız?

- (Gülür) Əsas səbəb Sovet İttifaqının dağılması və həddindən artıq böyük inflyasiya idi. Universitetdəki maaşım 7 dollar idi. Bu, təxminən 125 sovet manatı edirdi. Görürdük ki, kommersiya şirkətləri böyüyür, orada maaşlar daha yüksəkdir. Yaxın bir dostum beynəlxalq ticarətlə məşğul olan şirkətdə işləyirdi. Şirkət Bakı Xalq Birjasında broker yeri almışdı. Şirkəti birjada təmsil etmək üçün məni dəvət etdilər. İl yarım universitetdə çalışdıqdan sonra özəl şirkətə keçdim. Orada verilən maaş kafedrada aldığımdan 7 dəfə çox idi. Qısası, maliyyə məsələsinə görə keçdim.

“Heç bir şirkətdə birbaşa vəzifəm İT şöbəsi ilə bağlı olmayıb”

- O istiqamət sahənizlə bağlı deyildi axı...

- Bakı Xalq Birjasında fəaliyyət gözlənilən kimi olmadı, ona görə də çalışdığım şirkət o istiqamətdə işi dayandırdı. Şirkət vaxtilə kompüter alıb-satıb, baxdım ki, anbarda çoxlu kompüter var. Hərəsində bir problem var. Mən onlardan birini ehtiyat hissələri üçün söküb, digərlərini təmir etdim, satdıq və sonra şirkətin bütün kompüter işləri mənim boynumda oldu. Ümumiyyətlə, universitetdən ayrıldıqdan sonra heç bir şirkətdə birbaşa vəzifəm İT şöbəsi ilə bağlı olmayıb. Bakı Xalq Birjasının brokeri olmuşam, sonra həmin şirkətdə kommersiya müdirinin müavini olmuşam. “Mobitel” şirkətində kommersiya şöbəsinin müdiri olmuşam. Heç vaxt sırf İT şöbəsi rəhbəri olmamışam. Əsas işim biznes yönü olub, lakin maraqlı olub deyə çalışdığım bütün şirkətlərdə İT hissəsini də üzərimə götürmüşəm.

- Paraleldə proqramlaşdırma sahəsində özünüzü inkişaf etdirirdiniz?

- Proqramlaşdırmanı bacarırdım, kod yazırdım, kifayət qədər yaxşı məhsullar ərsəyə gətirirdim, amma heç vaxt güclü proqramçı olmamışam. İndiki kateqoriyalarla dəyərləndirsək, sistem administratoru olmuşam. Şəbəkələr qurulması, proseslərin rəqəmsallaşdırılması  işlərində güclü olmuşam.

- Sonra “Nokia” şirkətinin Azərbaycandakı rəsmi distribütoru “Mobitel” şirkətində icraçı direktor vəzifəsində olmusunuz. Lakin sonra ordan ayrılıb texnoloji sahədə şirkət qurmusunuz. Şirkətdən niyə ayrıldınız?

- 1996-2000-ci illərdə o vəzifədə oldum. Şirkətin prezidenti də qardaşım idi. Orda işlərim normal idi, sadəcə gördüm ki, o anda şirkətdə nə isə maraqlı bir iş ortaya çıxarmaq imkanım yoxdur. Nə işlədiyim yerlərdə, nə də öz şirkətlərimdə əsas məqsədim pul qazanmaq olmayıb. Əsas məqsədim pulu sevə-sevə, həzz ala-ala qazanmaq olub. “Nəyin bahasına olursa olsun, qazanım” deyə yanaşmamışam. O şirkətdən gedəndə, qardaşımın xətrinə dəymədi. Ondan sonra 5 il ərzində hər iki şirkətdə fəaliyyət göstərirdim. Mənim o şirkətdə, qardaşımın da mənim şirkətimdə ortaqlığı var.

- İcraçı direktor vəzifəsində idiniz, ordan ayrılsanız, digər böyük şirkətlərdən eyni tipli vəzifələrdən təkliflər gələcəkdi. Niyə öz işinizi qurdunuz?

- “Mobitel”də icraçı direktor işləsəm də, bu, həm də ailə şirkətimiz idi. Orada mənim kifayət qədər geniş səlahiyyətim var idi. Nə qədər böyük şirkətə getsəydim, nə qədər yüksək maaş təklif edilsə də, sən öz vəzifə səlahiyyətləri çərçivəsində çalışa bilərsən. Mən öz şirkətimi qurmaq istəyəndə, öz vəzifə səlahiyyət və imkanlarımı genişləndirmək, özümü sınamaq məqsədi ilə yeni şirkət qurdum. Ona görə başqa şirkətdə vəzifə alıb maaşa işləmək arzum olmayıb.

- Maraqlıdır, böyük şirkətlərdə iş təklifləri olurdu?

- “Azercell” şirkəti açılanda, mənə orada yaxşı iş təklif olunmuşdu. Yaxın dostlarımı yönəltdim, mən öz şirkətimizdə qaldım. Çünki öz şirkətində azadlıqlar daha fərqli olur (Gülür).

“O vaxt əlimdə 3500-4000 dollar pul var idi”

- Çalışdığınız şirkətlərdə əsas işiniz texnoloji sahə olmasa da, öz şirkətinizi - “Digital Services”i quranda texnoloji istiqaməti seçmisiniz. Güclü proqramçı olmadığınızı da deyirsiniz...

- (Gülür) Texnoloji yönə həvəsim, marağım çox idi. “Nokia” da texnoloji məhsul idi. Mən o texnologiyaları öyrənmişdim, incəliklərini bilməsəm də, qlobal olaraq bu sahədə geniş imkanlar olduğunu bilirdim. Bu səbəbdən, öz şirkətimi quranda texnoloji, kommunikasiyalara bağlı istiqamət düşündüm.

- “Digital services”i nə qədər maliyyə ilə qurdunuz?

- O vaxt əlimdə 3500-4000 dollar pul var idi. Həm kompüter lazım idi, həm də o vaxt işıqlar tez-tez söndüyü üçün generator, UPS alınmalı idi. Əlimdəki pul yetmirdi. Kompüter şirkətində işləyən dostlarımız bizə 5 kompüter verdilər, dedilər pulunu yavaş-yavaş ödəyərsiniz. Əlimizdə olan pulla digər xərcləri qarşıladıq. Dostlarımız bizə artıq istifadə etmədikləri kiçik bir ofis verdilər, ayda 200 dollar ödənişi idi. Bizim ən böyük üstünlüyümüz o idi ki, biznesə başlayanda artıq proqramımızı yazmışdıq, “Azercell”lə danışmışdıq ki, bu servisimizi işə salacağıq. Yəni artıq xidmətimizə müştəri də tapmışdıq. Ona görə 2 ay ərzində biznesimiz pul gətirməyə başladı.

- 5 kompüter aldınız. Başlanğıcda 5 nəfər idiniz?

- Bəli, mən, ortağım Ramiz müəllim və 3 işçi götürdük. Mühasib, proqramçı və telefonlar üçün musiqi yazan bir əməkdaş. O komanda hələ də bizimlə çalışır. Bir nəfər ötən il öz işini qurdu deyə ayrıldı.

- Musiqi yazan xanım hansı işi görürdü?

- Ölkədə 1 milyon mobil telefon istifadəçisi var idi, onların 80 faizi “Nokia” istifadə edirdi. “Nokia”nın da cəmi 15 musiqi parçası var idi. Hamıda telefonun zəngi eyni olurdu. Birdən siz fərqli musiqi yükləyirsiniz və telefon zənginiz digərlərindən fərqlənir. Çox insan fərqlənməq istəyirdi. Zəng səsi üçün o musiqini telefonlarına yükləyirdilər. Həmin xanım telefonlar üçün fərqli melodiyalar yazırdı.

- Bu, sizin ideyanız idi?

- “Nokia” mühəndisləri o funksiyanı yaratmışdı, protokol kimi internetdə yerləşdirmişdilər. Biz də onu tapıb fərqli bir musiqi hazırlayıb öz telefonumuza yüklədik. Bir dostumuz telefon zəngimizi eşitdi, o da istədi, telefonunu kompüterə qoşub göndərdik. Bir, iki, baxdım ki, nə qədər adam fərqli musiqi istəyir. Artıq o qədər adam istədi ki, ortağım Ramiz müəllim dedi ki, bəlkə bunu biznesə çevirək. Bu o demək deyil ki, ofisimizdə 2-3 manata onu telefonlara köçürək. Fikirləşdik ki, necə gəlir qazanmaq olar? Belə bir sistemi fikirləşdik ki, fərqli melodiyalar hazırlayaq və onun sms vasitəsilə satışını təşkil edək. O cür həll hələ dünyada yox idi. “Azercell”ə dedik ki, belə ideyamız var, dedilər tətbiq edək. Uğurlu alındı. Hətta “Nokia”nın nümayəndələri Bakıya gələndə, biz onlara göstərdik ki, belə xidmət yaratmışıq. Dedilər ki, necə olub ki bu sadə ideyanı, yəni həll, biznes modeli olaraq biz düşünməmişik (Gülür).

- Yadıma gəlir, o vaxt televiziyada da reklam gedirdi. Filan kodu filan nömrəyə göndər, bu melodiyanı telefonuna yüklə - yazılırdı.

- Bəli, o vaxt insanlar istədikləri musiqiləri internet üzərindən yükləyə bilmirdilər. Mp3 çıxanda, o biznesimiz öldü (Gülür).

- Böyük bir şirkətə o xidməti təklif etmək üçün texnoloji avadanlıqlarınız var idi?

- 2 kompüter və 2 telefon üzərindən bu xidməti göstərirdik. Zamanla xidmətlərimiz artdı, avadanlıqlar da aldıq, komanda da genişləndi.

“3 gün ərzində 700 min adam “Sim kredit” götürdü”

- Şirkəti qurduğunuz ilk aylar və ilin sonundakı gəlir. Necə dəyişdi?

- Çox böyük sürətlə artan gəlirimiz olduğunu deməzdim. İlk aylar qazancımız 800 dollar civarında idisə, bir ildən sonra 3-4 min dollar oldu.

- 20 ilə yaxındır ki, tətbiq edilən “Sim kredit” də “Digital services” məhsulu olub.

- Zamanla şirkətimizin işi genişləndi. “Zəngim cell”in bütün musiqi parçalarını “Azercell”ə biz təqdim edirdik. “Qəfəs” verilişinin, “Maşın şou”nun bütün SMS səsverməsi bizim həllər üzərində qurulmuşdu. Tarkanın Bakıdakı konserti üçün mahnı yükləyib bilet qazanmaq da bizim sistem üzərindən olurdu. “Digital services” həddindən artıq çox layihədə iştirak edirdi. 2005-ci ildə həmkarımız dedi ki, bəlkə biz balans sıfıra düşəndə, həmin şəxsə kredit verək, o adam danışığa davam etsin. Gördük ki, əla ideyadır. “Azercell”lə danışdıq. Noyabr ayı idi, dedilər gərək yeni ilə bu xidməti işə salasınız. Çalışdıq, ay yarım içərisində  hazır oldu. 3 gün ərzində 700 min adam “Sim kredit” götürdü. İlk vaxtlar yanlışlıqla deyənlər də olurdu ki, “Azercell” pulsuz kontur verir (Gülür), amma nəticə uğurlu idi.

- O vaxt üçün yaxşı ideya olub...

- Bəli, təsəvvür edin ki, gecə yarı evdə oturmusan, konturun bitib, amma zəng etməlisən. Onlayn kontur yükləmə yox idi, yaxında mağaza da yoxdur. Ona görə tələb çox oldu. Bu gün də o sistem işləyir.

- Bazarda rəqiblər var idi?

- Sonradan bizim təqdim etdiyimiz xidmətlərə dünyada mobil operatorlarda əlavə gəlir servisləri deməyə başladılar. Mobil operatorlar əsas gəlir mənbələrindən fərqli mənbələrdən də gəlir qazanmağa başladılar. Bəlkə də dünyada biz birinci olaraq hansısa operatora əlavə gəlir gətirən servis göstərmişdik. Əlavə xidmət sahəsi dünyada çox sürətlə genişlənməyə başladı. Qoroskop, hava durumu, futbol və s. tipli məlumatlar göndərirdilər. Biz bunların hamısını göstərirdik. Rəqiblərimiz də yarandı, amma biz əvvəldən bazarda idik, mütəxəssislərimiz, sistemimiz var idi deyə, onlardan bir-iki addım öndə olduq. Bu gün rəqiblərimizin əksəriyyəti bu biznesini bağlayıb, bizim şirkət davam edir.

- “Digital Services” şirkəti ilə böyük layihələr edirdiniz, amma sonra paraleldə “Simbrella”nı qurdunuz. Yeni şirkət yaratmağınıza əsas səbəb baş ofisi ölkə xaricində olan şirkət qurmaq və xarici bazara çıxmaq olub. Tək səbəb bu idi?

- “Digital Services” fəaliyyətinə uğurla davam edirdi, onu bağlamadıq. İndi də fəaliyyət göstərir, adını dəyişib “Kibrit” etmişik. Paraleldə ayrı şirkət qurmaq tək mənim yox, kollektiv verilən qərar idi. Çünki “Simbrella”da qurduğumuz xidmətin spesifikası digər xidmətlərimizdən fərqlənirdi. Hətta texnologiyalar belə 50 faiz fərqli idi. Ona görə qərara gəldik ki, komandaları bölək. 2007-ci ildə “Simbrella”nı qurduq.

“Sim kredit”i Gürcüstanda, sonra Ukraynada qurduq”

- Əsas ofis üçün niyə Niderlandı seçdiniz?

- Biz “Simbrella” ilə beynəlxalq bazara çıxmalı idik. O vaxt beynəlxalq bazarda 4-5 ölkə - Amerika, Sinqapur, İrlandiya, Niderland, BƏƏ - var idi ki, orada beynəlxalq fəaliyyət üçün şirkət qurmaq daha effektiv idi. O ölkələrdə qurmalı idin ki, xarici şirkətlər səninlə müqavilə imzalamaqdan çəkinməsinlər. Afrika ölkələrində yerləşən şirkətlər ilə danışırdıq, “Azərbaycan şirkətiyəm” deyəndə, soruşurdular ki, bizim mübahisələrimizə hansı məhkəmə baxacaq? Sən Afrika məhkəmələrinə güvənmirsən, onlar da Azərbaycan məhkəməsinə. Deyəndə ki, müqaviləni Niderlandda bağlayırıq, mübahisələrimizə də Hollandiya məhkəməsi baxacaq, onda razılaşırdılar. Bu məsələlərdən dolayı Niderlandı seçdik.

- Azərbaycandakı uğurlu layihələriniz sizdə o əminliyi yaratdı ki, beynəlxalq bazarda da uğur qazana bilərsiniz?

- Əmin deyildik (gülür), amma özümüzə inanırdıq. Bizim bir çox dostlarımız artıq Azərbaycandan kənarda mobil operatorlarda işləyirdilər. Yəni bizi ölkə xaricindəki mobil operatorlara təqdim edəcək tanışlıqlarımız var idi. Digər tərəfdən əməkdaşlıq etdiyimiz “Azercell” şirkəti böyük bir “Telia-Sonera” qrupunun üzvü idi. Ora Gürcüstan, Ukrayna, Özbəkistan və s. ölkələrin operatorları daxil idi. “Azercell”dəki nəticələrimiz həmin ölkələr tərəfindən öyrənilirdi. Ona görə ilk olaraq Gürcüstana getdik. “Sim kredit” xidmətini Gürcüstanda, sonra Ukraynada qurduq. Həmin dövrdə Azərbaycana bir macar satış nümayəndəsi gəlmişdi. Yadınıza gəlir, o vaxt televiziyada belə oyun var idi. Müəyyən hərflər gizlədilirdi, sözü tapıb sms-lə göndərməli idin. O şirkət Azərbaycanda özlərinə partnyor olaraq bizə müraciət etdi, dedik ki, o, bizim üçün maraqlı deyil. Yerli, bizə rəqib bir firma ilə onları tanış etdik. Çox böyük şirkət idi. Öyrəndik ki, onların geniş satış imkanları var. O nümayəndələri işə götürdük. İşdən çıxıb “Simbrella”ya keçdilər (Gülür). Afrika ölkələrində nə kimi tanışlıqları var idisə, bizim xidməti onlara təklif etməyə başladılar.

- “Kibrit” və “Simbrella”nın xidmətləri arasındakı fərqdən danışaq.

- “Kibrit”in işinə gündəlik müdaxilə etmirəm. Ortaq olaraq o şirkətdə varam. Hazırda o şirkət operatorlara bəzi xidmətləri təklif edir. “Zəngim cell”i, “İnfo cell”. Eyni zamanda o şirkət vasitəsilə çağrı mərkəzləri qururuq. Öz həllimizdir, kimdənsə alıb satmırıq. Ağıllı binaların qurulması işini edirik. Bütün binada infrastrukturun bir yerdən idarə olunması, avtomatlaşdırılması sistemidir. Kifayət qədər texnoloji ağırlığı olan istiqamətdir. O istiqamətdə zavodlar, fabriklər, yeni tikilən binalar və s. müştərilərimizdir.

“Simbrella”nın 3 məhsulu var. Biri “Sim kredit”dir. Bu xidmət əvvəl digər şirkətimizdə idi, sonradan “Simbrella”ya keçirdik. İkincisi banklar və maliyyə qurumları üçün mikrokreditlərin verilməsi sistemidir. Üçüncüsü, operatorlarda böyük dataların əsasında qərarvermə sistemləridir.

“Mobil operatorlardan uzaqlaşırıq”

- “Simbrella” neçə ölkədə fəaliyyət göstərir?

- 15-ə yaxın ölkəyə xidmət göstəririk. Ən çox halda 25 ölkədə fəaliyyətimiz olub. Biz operatorlarla iş sektorundan yavaş-yavaş çıxdığımız, maliyyə sektoruna keçdiyimizə görə ölkə sayı azaldı.

- Mobil operator sektorunda artıq gəlir azdır?

- Əvvəl balansın bitəndə kredit alırdınsa, indi aylıq paket götürürsən və kredit ehtiyacı azalır. Düzdür, yenə ehtiyac var, amma əvvəlki qədər deyil. Bir çox ölkələrdə operatorlarda tariflər aşağı düşdü, bu xidmətin marja hissəsi azalmağa başladı. Ona görə mobil operatorlardan uzaqlaşırıq. Bu gün finteklər daha maraqlı istiqamətdir.

- “Balaca ölkəyik, xarici bazara məhsul çıxarmağımız asan məsələ deyil” - kimi yanaşma var. Balaca ölkə şirkətinin məhsulunu bazara çıxarması necədir?

- İngiltərə, İsveç, Norveç kimi ölkələrdə belə yaranan şirkətlər əvvəl-axır Amerikaya – Silikon Vadisinə gedib çıxır. Burda səbəb balaca ölkə olmaları deyil, getdikləri ölkədə maliyyə bazarının güclü olmasıdır. Məsələn, Azərbaycanda “Simbrella” kimi şirkətin 1-2 milyon dollar investisiyaya ehtiyacı olsa idi, bu investoru tapmaq çox çətin olardı. Sən Amerikada kiçik bir şirkət açıb özünü startap kimi qeyd etsən, daha tez investisiya tapa bilirsən. Hətta deyirlər ki, Silikon Vadisində kafelər var, orada oturub bir-iki nəfərlə ideyanı danışırsan, səhəri gün 3-5 milyon maliyyə cəlb edə bilirsən. Çünki investisiya fondları böyükdür, investorların sayı çoxdur. Bu faktorlar var. Azərbaycanda hazırda startaplara dəstək var. 30-100 min dollarlıq ilk kapital üçün müəyyən investisiya almaq olar, ancaq dünya bazarına çıxmaq çox çətindir. Avropada belə çətindir, tək Azərbaycanın məsələsi deyil.

- Bu gün İT sahəsində kadr çatışmazlığı yaşanır. Siz illərdir bu sahədəsiniz. Maraqlıdır, o vaxt kadr tapmaq necə idi?

- Kadr tapmaq həmişə çətin oub. Şirkət kiçik olanda, 2-3 əsas işçi sənin bütün İT məsələlərini həll edə bilir. Şirkət böyüdükcə, daha ağır olur. 23 il ərzində İT mütəxəssislərinə tələbatın artması və mütəxəssis sayının artması heç vaxt üst-üstə düşməyib. Həmişə tələb daha çox olub. Hazırda da ən böyük çətinliyimiz odur ki, kadr məsələsində də rəqiblərimiz xarici şirkətlər - “Meta”, “Microsoft”, “Google” və s.-dir. Bizim əməkdaşlarımızın böyük qisminin növbəti iş yeri qlobal şirkətlər olur. Çıxış yolumuzdan biri odur ki, gənc işçi götürürük, potensialını görürük, onu yetişdirməyə başlayırıq. Bilirik ki ən azı 3-4 il bizimlə olacaq. Bəlkə evləndi, bir az da qaldı (Gülür). Problem olur, amma hər zaman ona qarşı həllərimiz olur.

- Əslində, “Simbrella” şirkəti haqqında ən çox xaricdəki qlobal şirkətlərdə çalışan müsahiblərimdən eşitmişəm. Kadrlar üçün necə bir mühit yaratmısınız ki, burdakı təcrübə ilə beynəlxalq şirkətlərə gedə bilirlər?

- Bu nöqteyi-nəzərdən bizim fəaliyyətə baxmamışdım (Gülür). Bəxtimiz onda gətirdi ki, ilk müştərimiz “Azercell” oldu. “Azercell”də idarəetmə ilə bağlı bütün proseslər, sistemlər, standartlar beynəlxalq səviyyədə qurulmuşdu. Biz də onlarla işləmək üçün bu standartlara uyğun şirkət qurmalı idik. Digər tərəfdən, şirkətdaxili bütün yazışmalar ingilis dilində gedir. Çünki müştərilərimiz bütün dünya üzrədir. Ona görə xarici şirkətlərə gedəndə bu təcrübə onlara köməklik göstərir.

- Girişdə tennis stolu gördüm.

- Bəli, işdən yorulan, stress atmaq istəyənlər üçün əyləncə tərəfini də nəzərə almağa çalışmışıq. 

“Heç vaxt bazar günü işləməmişəm”

- 57 yaşınız var, amma o yaşı vermək olmur. İşiniz gərgin olmayıb?

- Gərgin olmayan biznes yoxdur. Bir gərginliyə münasibət məsələsi var, bir də bizim şirkətdə idarəetmə heç vaxt şaquli sistem olmayıb. Bizim menecerlərin geniş səlahiyyətləri var. Bir çox qərarları özləri verirlər, əziyyəti onlar çəkirlər. Məni qoruyurlar (Gülür). Ürək etmədikləri, məsuliyyəti mənim üzərimə atmaq istədikləri problemlər olanda, mənə deyirlər.

- Hər işə qarışan rəhbər deyilsiniz.

- Mən şirkətdə hansısa şöbə müdirinə desəm ki, filankəs gələcək, sizinlə işləyəcək. Səhəri gün ərizəsini yazıb gedərlər. Deyəcək ki, sən məndən soruşmamış kimisə işə götürürsən, sonra da məndən nəticə tələb edəcəksən. Belə bir sistem qurmuşuq.

- O zaman ailə-iş balansını qoruyacaq bir həyatınız olub.

- Hesab edirəm ki, ailəm işimə görə vaxt kasadlığı çəkməyib. 3 qızım var. Biri artıq universiteti bitirib Niderlandda elektrik mühəndisi işləyir. İkinci qızım da Niderlandda təhsil alır. Balaca qızım hələ məktəbdə oxuyur. Mən şənbə-bazar ailəmləyəm, işləmirəm. Çox nadir hallarda şənbə günü işləmişəm. Heç vaxt bazar günü işləməmişəm. Mən işqolik deyiləm. Sevdiyim işi qurmuşam, məşğul oluruq, amma bütün həyatım işdən ibarət deyil.

- İstirahət günlərini necə keçirirsiniz?

- Səyahət etməyi sevirəm. Hazırda bir hobbim var, təbiətə çıxıb quşların fotoşəkillərini çəkirəm. Onun spesifik texnikası var. Gərək gizlənib gözləyəsən, müşayiət edəsən, şərait yaradasan. Tələbə vaxtımdan son illərə qədər oxatma ilə məşğul olurdum. 6-7 ildir ona vaxtım çatmır. Kitab oxumağı çox sevirəm. Fəlsəfi və müasir dövrə bağlı kitablara üstünlük verirəm.

- Təsisçi olaraq qalmaq, idarəetməni başqa şəxsə vermək haqqında düşünmüsünüz?

- Təsəvvür edin ki, insan necə yaşlanırsa, şirkət də o cür yaşlanır. Mən 50-ni keçmişəm, Ramiz müəllim 60-ı. Biz artıq gənclərin dinlədiyi musiqiləri dinləmirik, oxuduqları kitabları oxumuruq. Biz onlardan təcrübəli, ağıllı da ola bilərik, amma müasir dövrü onlar kimi anlamırıq. Onlardan ağıllı olduğumu da düşünmürəm. Onların istifadə etdiyi texnologiyalar belə fərqlidir. Mən indi o texnologiyalara yiyələnə bilmirəm. Əvvəl öyrənirdim, indi eşidirəm ki, belə texnologiya var, amma dərinliyinə gedib ayaqlaşa bilmirəm. Biz çalışırıq ki, menecerlərimiz gənclər olsun və onların işinə müdaxilə etməyək. Düşünürəm ki, bir neçə ilə idarəetməni – öz yerimi gənc menecerlərə verəcəm.

Aygün Asimqızı // VALYUTA.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Fiber-optik kabelləri kim kəsdi? - Şübhəli gəmi Baltik dənizində xaosa səbəb oldu

"Okean Avto 2011" məhkəmə qarşısında

Robotlar və süni intellekt: Onların hüquqlarını kim qoruyacaq?

Texnologiya nəhənglərinin enerji strategiyaları - "CNN"

"Nur Avto Servis" cərimələndi

"Alibaba" və "E-Mart"ın 4 milyardlıq birləşməsi - "Bloomberg"

"iPhone"da "i" hərfi nə deməkdir? - 5 mənası var

"Medicare Klinika" 8000 manat cərimlənə bilər

Qəzada zərərçəkənlərə bu qədər kompensasiya veriləcək - Rəsmi

"Samsung"un səhmləri ucuzlaşmaqda davam edir

İqtisadiyyat Nazirliyi Ticarət İnformasiya Portalı yaradır

Qəza yerindən daha bir qara qutu tapıldı

Çində breyk-dans edə bilən robot təqdim olundu, qiyməti açıqlandı (VİDEO)

"Uniplaza" cərimələnə bilər

Gürcüstandan Ermənistana qaz nəqli müvəqqəti dayandırılacaq

"Uber"in 950 milyon dollarlıq razılaşması niyə bloklandı? - "Reuters"

"CRM CONSTRUCTİON"a protokol yazıldı

Aktauda AZAL təyyarəsini vuran Rusiyanın "Pantsir-S" raket sistemi nədir, necə işləyir?

Moskvanın hava limanları bağlandı

"Euronews": AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb

Sabahdan hava dəyişəcək: Yağış, qar yağacaq - XƏBƏRDARLIQ

Dünya Bankı Çinin ÜDM artımı ilə bağlı proqnozunu artırdı

İki şirkət arasında icarə mübahisəsi

Günəşə ən yaxın məsafə rekordu - Kosmik gəmi 6.1 milyon kilometrdən keçdi

Azərbaycanın aviaqəzada xəsarət alan bir qrup vətəndaşı ölkəyə yola salınıb

"Euronews": AZAL-ın qəzaya düşən təyyarəsi Qroznı yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub

"Euronews": AZAL-ın qəzaya düşən təyyarəsi Qroznı yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub

Türkiyədə ən çox maaşı bu sektorda işləyənlər alır

"Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb

Bağça müəllimlərinin sertifikatlaşdırma qaydasında dəyişiklik edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin