Xaricdən Azərbaycana göndərilən pul niyə azalır?
Mərkəzi Bankın son məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi 890,75 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin I yarısının göstəricisindən 1,8 dəfə azdır. Hesabat dövründə köçürmələrin böyük hissəsi - 607,905 milyon dolları Rusiyadan həyata keçirilib. Bu ölkədən köçürülən pullarda azalma isə 2,1 dəfədir. ABŞ-dan pul köçürmələrdə də azalma baş verib. Bu ölkədən 43,982 milyon dollar pul köçürülüb ki, bu da 2,2 dəfə azalma deməkdir.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin ilk beşliyinə yer alan digər üç ölkədən pul köçürmələrində isə artımlar baş verib. Belə ki, Türkiyə Azərbaycana pul köçürülməsi 70,674 milyon dollar təşkil edib, bu da 27,4 faiz artım deməkdir. Böyük Britaniyadan 17,372 milyon, (artım 11,3%) və Gürcüstan isə 15,255 milyon dollar (13,3 faiz artım) pul daxil olub.
Görəsən, göndərilən pulun azalması nə ilə bağlıdır?
Maliyyə-bank eksperti Əkrəm Həsənov Valyuta.az-a açıqlamasında bildirib ki, xaricdən fiziki şəxslərin göndərdikləri pul həcminin azalması Azərbaycanın pul qoyuluşu üçün tədricən daha əlverişsiz ölkəyə çevrilməsilə bağlıdır:
“Bir qayda olaraq, xaricdən Azərbaycana pul köçürənlər azərbaycanlılardır. Onlar pulu ya Azərbaycanda yaşayan yaxınlarına kömək etmək, ya da yerli banklara, biznesə qoymaq üçün köçürürlər. Ölkəmiz pul qoyuluşu üçün əlverişsiz ölkəyə çevrilir. Ona görə də bura pul qoymağa maraq da azalıb. Bir sıra bankların bağlanması onları yerli banklara qoymaqdan çəkindirir. Bu da ondan irəli gəlir ki, bankların ləğvini həyata keçirən Əmanətlərin Sığortalanması Fondu prosesi qeyri-şəffaf aparır. Bir sıra xarici vətəndaşları tanıyıram ki, sonradan bağlanan Azərbaycan banklarına qoyduqları pullarını nəinki geri ala, heç bu barədə məlumat da ala bilmilər.
Digər tərəfdən, Azərbaycanda ev almaq da əlverişsizdir. Bu sahədə yüksək qiymət artımı gözlənilmir. Əksinə, ölkəmizdə mülk sahibi olmaq elə də təhlükəsiz deyil. Hamı bilir ki, Azərbaycanda mülkiyyət hüququnun müdafiəsi pisləşir. İstənilən tikinti şirkəti Nazirlər Kabinetindən icazə almaqla istədiyi yerdə bina tikə bilir. Ölkəmizdə sahibkarlığa pul yatırmaq da sərfedici deyil. Ona görə də soydaşlarımız xaricdən Azərbaycana getdikcə daha az miqdarda pul köçürürlər. Onlar vəsaitlərini daha çox Türkiyə və Şərqi Avropa ölkələrinə qoymağa üstünlük verirlər”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay