Mərkəzi Bankın valyuta ehtiyatlarını artıran amillər... (ŞƏRH)
Mərkəzi Bankın valyuta ehtiyatları son 1 ildə 24,8% və ya 1 milyard 836,8 milyon dollar artıb. Belə ki, 2022-ci ilin eyni dövründə AMB-nin valyuta ehtiyatları 7 milyard 407.2 milyon dollar təşkil edib. İlin əvvəli ilə müqayisədə isə AMB-nin ehtiyatları 2,8% artıb.
Görəsən, AMB-nin valyuta ehtiyatlarının artımına hansı amillər təsir göstərib?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov Valyuta.az-a açıqlamasında bildirib ki, burada əsas rolu neftin qiyməti oynayıb:
"Neftin qiymətinin bahalaşması bu sektorda fəaliyyət göstərən şirkətlərin yerli istehlak və büdcə qarşısında vergi öhdəliklərini yerinə yetirməsi məqsədilə manata ehtiyacını artırıb. Bu isə həmin şirkətlər tərəfindən bazara valyuta təklifinin həcmini artıran faktordur. Bazara isə bir neçə mənbədən valyuta təklif olunur, Dövlət Neft Fondu, iri neft şirkətləri və iri ixracatçılar və turizm sektorunda fəaliyyət göstərən şirkətlər tərəfindən. Görünən odur ki, manatla ifadədə öhdəliyi artan xarici neft şirkətlər bazara daha çox valyuta təklif edir. Amma eyni zamanda, qeyri-neft adı altında ixrac olunan məhsulların həcmində də artımlar görürük. Qeyri-neft adı altında təqdim edilən məhsulun həcmi 3 milyard dollara çatıb. Bunun özü də dolayısı ilə bazara əlavə valyutanın daxil olmasına səbəb olur. Bu da öz növbəsində Mərkəzi Banka sterilizasiya imkanı yaradır”.
Ekspertə görə, növbəti aylarda AMB-nin valyuta ehtiyatlarının daha kəskin artımını müşahidə edə bilərik:
“Maliyyə Nazirliyinin açıqladığı hesabatdan görürük ki, Dövlət Neft Fondu büdcə qarşısında öhdəliklərini tam yerinə yetirməyib. Belədə ilin sonuna manatla öhədlikləri yerinə yetirmək məsuliyyəti yarananda, Neft Fondu bazara daha çox valyuta təklif etmək məcburiyyətində qalacaq. Mərkəzi Bank həmin valyutanı almaqla ehtiyatlarını daha da yüksəldəcək”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay