Yer orbitinə çıxan ilk heyvan - Laykanın faciəvi hekayəsi
Sovet kosmonavtı Yuri Qaqarin kosmosa uçan ilk insan olsa da, o, orbitə çıxmayıb. Daha doğrusu o, orbitə çıxan ilk canlı olmayıb. Qaqarinin səyahətindən (1961) bir müddət əvvəl, 1957-ci il noyabrın üçündə “Muttnik” kimi də tanınan Layka adlı it Yer orbitinə çıxan və orada ölən ilk heyvan kimi tarixə düşmüşdü.
Heyvanların kosmosa göndərilməsi, gələcəkdə oraya uçan astronavtların sağ qalmasını təmin etmək üçün ilk planlar idi. Bir canlı atmosferdən çıxıb kosmosa çatmaq üçün psixoloji olaraq müəyyən sərhədləri keçməlidir. Bu, o deməkdir ki, həmin canlı dəniz səviyyəsindən təxminən 100 km yüksəkliyə uçmalı və orada yaranan təzyiqə tab gətirməlidir. Buna nail olanlar isə, əslində, bir qutu meyvə milçəyi idi. Bu milçəklər 1947-ci ildə V-2 raketi ilə yerdən təxminən 109 km yüksəkliyə göndərildi. Araşdırmaların məqsədi kosmik şüaların canlılara necə təsir göstərməsi idi. Milçəklərin missiyadan sağlam şəkildə qayıtması sayəsində canlıların bu hündürlükdə sağ qala bildiyi və radiasiyadan təsirlənmədiyi kəşf olundu. 1950-ci illərdə SSRİ və Amerikanın kosmik proqramları çərçivəsində kosmosa siçovullar, itlər, meymunlar və dovşanlar göndərilməyə başlanıldı.
Biz kosmosa ilk uçan heyvan olaraq Laykanı tanısaq da əslində belə deyil. İlk dəfə kosmosa məhz Fransadan heyvan - bir pişik göndərilib. Kod adı "C 341" olan bu pişik daha sonra "Félicette" adlandırılmışdı. Ümumiyyətlə bir çox heyvan kosmosa göndərilsə də, onların heç biri Yerin orbitinə çatmamışdı. Layka iti isə istəmədən bu imtiyazı əldə edən ilk heyvan idi. Təəssüf ki, onun səyahəti faciəvi şəkildə birtərəfli oldu...
1958-ci ildə Brüssel Ümumdünya Sərgisinin Sovet Pavilyonunda nümayiş etdirilən Laykanı orbitə daşıyacaq "Sputnik 2" kapsulunun maketi nümayiş olundu. Aşağı kupedə bir it də var idi. 1957-ci ildə ABŞ və Rusiya arasında kosmos yarışı sürətlənmişdi. İlk süni peyk "Sputnik 1"in uğurundan sonra SSRİ lideri Nikita Xruşşov kosmosda SSRİ-nin hökmranlıq etməli olduğunu israrla bildirdi. Bolşevik İnqilabının 40 illiyi Sovet İttifaqının növbəti uğuru üçün yaxşı tarix idi. Bu şərəf isə Layka adlı üç yaşlı itin sayəsində olacaqdı.
Layka həyatını Moskvada keçirmiş sahibsiz bir it idi. Kosmos proqramı çərçivəsində küçələrdən çox sayda it toplanmışdı. Onların arasında sakitliyi və kiçik ölçüsü ilə seçilən Layka da var idi. Proqram üçün Layka, Albina və Muşka adlı üç it seçilməli idi. Onların hər üçü gərgin məşq proqramı keçəcəkdilər. Təlim zamanı itləri kiçik qəfəslərdə saxlayıb, xüsusi gellərlə qidalandırıb və kosmos mühitinə hazırlamaq üçün sağlamlıqları yoxlanılır. Albina Laykanın əvəzləyicisi rolunu oynayacaq, Muşka isə yerdə sonrakı sınaqlar üçün istifadə olunacaqdı. Bu vaxt kosmik gəmi öz sərnişinini qəbul etməyə hazırlaşırdı. Raketin içərisində karbon dioksidi udan, əvəzində oksigen buraxan bir cihaz və temperaturla aktivləşdirilən ventilyator var idi. Yeddigünlük səyahət üçün çoxlu gel şəklində olan it yemi də hazırlanmışdı. Onlar Laykanın yeddi gün kosmosda qaldıqdan sonra oksigen çatışmazlığından 15 saniyə ərzində ağrısız bir şəkildə öləcəyini gözləyirdilər. Sistem buna uyğun hazırlanmışdı.
Missiya çərçivəsində çalışan alimlərdən biri Vladimir Yazdovski başlanğıcdan qısa müddət əvvəl son dəfə balaları ilə oynaması üçün Laykanı evə aparmağa qərar verdi. Hamı bilirdi ki, bu sakit itin ömrünə çox az vaxt qalıb. Bu səbəbdən Yazdovski onun üçün yaxşı bir şey etmək istəyirmiş. Kosmosa yola düşməzdən üç gün əvvəl Laykaya bir az hərəkət etməyə icazə verildi, daha sonra o səyahət sahəsinə daxil oldu. Ona dar skafandr geyindirilmişdi. Noyabrın üçündə səhər saat 5:30-da gəmi qorxu yaşayan sərnişini ilə birlikdə suya salındı, “G-qüvvələri” normadan beş dəfə artıq ağırlıq dərəcəsinə çatdı. Lakin qəhrəman it yola düşməzdən əvvəl bəzi problemlər yaşadı. Uçuşdan əvvəl ürək döyüntüsü 103 idisə, sonradan bu rəqəm 240-a yüksəlmişdi və nəfəs alma sürəti 4 dəfə artmışdı. Buna baxmayaraq, Layka canlı şəkildə orbitə çıxmağı bacardı və Yer ətrafında 103 dəqiqə dövr etdi. Təəssüf ki, Layka bir neçə saat ərzində həddindən artıq istiləşmə və stresə tab gətirə bilmədi və hekayəsi faciəvi sonluqla bitdi.
Milli Hava və Kosmos Muzeyi hələ də Laykanın uçuş zamanı tənəffüsünü göstərən sənədləri saxlayır. Onun kosmosa səyahəti zamanı və sonra SSRİ tərəfindən onun raketdə bir neçə gün sağ qaldığını iddia etdilər. Müasir nəşrlər və hətta rəsmi sənədlər onun ölümünün təbii səbəblərdən olduğunu elan etdilər. Yalnız 1993-cü ildə Laykanın təlimçilərindən biri olan Oleq Qazenko itin raket havaya qalxdıqdan az sonra öldüyünü açıqladı. 2002-ci ildə alim Dmitri Malaşenkov bunun səbəbini izah etdi. Alim ölümün səbəbi kimi kosmik gəminin içərisindəki temperaturun 90 dərəcəni aşmasını göstərdi. Bu da, baş nazir Xruşşovun 1957-ci il noyabrın yeddisinə təsadüf etməsi üçün uçuş tələbindən sonra "Sputnik 2"nin səfərinin tələsik və ehtiyatsız planlaşdırılması nəticəsində yaranan texniki xəta ilə bağlı olub.
"Sputnik 2" 14 aprel 1958-ci ildə Yer atmosferinə yenidən daxil olduqdan sonra parçalandı. Gəminin müxtəlif hissələrinin Cənubi Amerikanın Amazon bölgəsində harasa düşdüyü bildirilir. Layka üçün hər şey mükəmməl, bol qida, su və oksigenə sahib olsa belə, kosmik gəmi yenidən atmosferə girəndə o, öləcəkdi. Çünki həmin dövrün texniki imkanları ilə bunun qarşısını almaq mümkün deyildi. Bununla belə, Laykanın faciəli missiyası kosmosda bir çox irəliləyişlərə yol açdı. Qəribədir ki, onun ölümünü vəd edən bir uçuş, kosmosun yaşamaq üçün əlverişli olduğunu sübut etdi. Layka cismən ölsə də bu gün vebsaytlarda, "YouTube" videolarında, şeirlərdə və uşaq kitablarında yaşayır.
Əslində, Sovet İttifaqı 1951-1966-cı illər arasında kosmosa 71 it göndərmiş, onlardan 17-si ölmüşü. Rusiya kosmik proqramı hələ də kosmik sınaqlarda heyvanlardan istifadə etməyə davam edir. Lakin bu dəfə araşdırmalar heyvanların sağ qalacağına dair müəyyən ümidlərin olduğunu deyir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay