"Mərkəzi Bank Amerika bankları kimi hədəfi dəyişib" - Ekspert
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb.
"Bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib", deyə AMB bəyan edib.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 20-də ictimaiyyətə açıqlanacaq.
İqtisadçı ekspert Natiq Cəfərli Valyuta.az-a açıqlamasında bildirib ki, AMB uçot dərəcəsini əvvəlki 9 faizlik səviyyədə saxamaqla qlobal trendlərə uyğun davranmağa üstünlük verdiyini göstərir:
“Uçot dərəcəsinin 9 faiz səviyyəsində saxlanılması onu göstərir ki, Mərkəzi Bank Amerika bankları kimi hədəfi dəyişib. İndi əsas hədəf inflyasiya ilə mübarizə deyil. İqtisadiyyatın daralmasının qarşısını almaqdır. Azərbaycanda da ABŞ Mərkəzi Bankına baxaraq eyni qaydada qərarlar verilir. Əsas hədəf inflyasiya ilə mübarizə olsa da, faizlərin artımı bank faizlərini yüksəldir. Bu isə öz növbəsində istehlak kreditlərinə nisbətən az olan kommersiya kreditlərinin daha da azalması ilə müşayiət olunur. Kommersiya kreditlərinin azalması da öz növbəsində yeni iş yerlərinin yaranması və kommersiya müəssisələrinin maliyyələşməsində problemlər yaradır. Uçot faiz dərəcəsinin yerində qalması bir tərəfdən kredit faizlərinin yüksəlməməsi baxımından müsbət addımdır. Amma Mərkəzi Bank inflyasiyanın düşəcəyini desə də, amma niyə, hansı səbəbdən düşəcəyilə bağlı hesabatlarını göstərməyib”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay