"Azərbaycan ərzaq məhsulları üzrə idxaldan asılılığı 50 faiz azalda bilər" - Ekspert
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, "istəsək də, istəməsək də ərzaq məhsulları üzrə idxaldan həmişə asılı olacağıq".
“Həm su, təbii ehtiyatlar, həm torpaqların şoranlaşması, eləcə də müxtəlif faktorlar baxımından idxaldan asılılığımız olacaq. Biz hansısa məhsul növləri üzrə idxaldan asılılığı azalda bilərik, amma taxıl, şəkər və ya ilkin istehlak üçün tələb olunan mallardan asılı olacağıq. Bu da logistika xərclərinə görə məhsulların qiymətinin qalxmasına səbəb olur. Ərzaq təhlükəsizliyimizi təmin etməliyik və bu işi görürük. Ona görə də bizim bu problemlərimiz olacaq və buna hazır olmalıyıq ki, bazarda qida məhsulları ilə bağlı inflyasiya yüksəkdir", deyə nazir müavini qeyd edib.
İqtisadçı ekspert Natiq Cavadlı Valyuta.az-a açıqlamasında bildirib ki, Azərbaycan ərzaq məhsulları üzrə idxaldan asılılığı ilk mərhələdə azı 50 faizə qədər azaltmaq imkanındadır:
“Bir var ölkəmiz ərzaq məhsulları üzrə idxaldan 10 faiz, bir də var 90 faiz asılı olsun. Azərbaycanın bu sahə üzrə idxaldan asılılığı xeyli dərəcədə azalmaq imkanları var. Təbii ki, qısa zamanda ərzaq üzrə idxaldan asılılığı tamamilə sıfıra endirmək mümkün deyil. Amma söhbət ondan gedir ki, hökumət əlində olan imkan və fürsətlərdən doğru istifadə etmir. Nəticədə ərzaqdan asılılığımız kifayət qədər yüksəkdir.
Ərzaq buğdasında xaricdən 75 faiz asılıyıq. Ölkəmizin ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən bu rəqəm ciddi təhdidlər yaradır. Halbuki, Azərbaycan bu asılılığı ən azından yarıbayarı endirmək imkanındadır. Problemin həlli üçün Azərbaycan geniş olan imkan və fürsətlərindən rassional şəkildə istifadə etməlidir. Asılılığın azaldılması yolunda hökumətin bir yol xəritəsi, addımların alqoritmi olmalıdır. Hökumət problemi deməkdənsə, onun həlli yolu ilə bağlı addımlar atmalı, hədəf qoyaraq, ona çatmağa doğru getməlidir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay