AMB: "Biznes kreditlərinin şərtləri yumşaldılıb"
Azərbaycanda biznes kreditlərinin şərtlərində yumşalmalar olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
"Biznes kreditləri üzrə risklər nəzərə alınmaqla, real sektorun maliyyələşməsində bankların rolunun stimullaşdırılması məqsədilə onlara digər növ kreditlərlə müqayisədə (məsələn, istehlak kreditləri) daha yumşaq prudensial normalar tətbiq edilir. Bu növ kreditlər üzrə bankların requlyativ kapitalının hesablanmasına birbaşa təsir edən ehtiyat normaları və risk dərəcələri daha aşağı səviyyədə müəyyən edilib.
Məsələn:
- Kiçik və orta sahibkarlıq subyektlərinə verilən, habelə qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə yönəlmiş milli valyutada biznes kreditlərinin risk dərəcəsi 100%-dən 50%-ə azaldılıb;
- Qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə yönəlmiş xarici valyutada biznes kreditləri üzrə risk dərəcəsi 75% səviyyəsində müəyyən edililib, və s.
Həmçinin, bankların real sektorda irimiqyaslı və uzunmüddətli layihələrin maliyyələşdirilməsində rolunun artırılması, eləcə də tənzimləmə çərçivəsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə AMB 24 oktyabr 2022-ci il tarixində “Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası” təsdiq edib.
Sözügedən Qayda ənənəvi biznes krediti məhsullarından fərqli olaraq layihə maliyyələşdirilməsi kreditləri üzrə ödənişlərin borcalanın gəlirləri hesabına deyil, layihənin yaratdığı gəlir hesabına həyata keçirilməsi tələbləri, layihədə iştirak edən tərəflərin vəzifələri, kredit təşkilatının dayanıqlı kapital mövqeyinə və layihə idarəetməsi sahəsində təcrübəli insan resurslarına malik olması məsələləri əhatə edir. Qayda ilə müəyyən edilmiş requlyativ tələblərə əsasən layihə fazasında olan kreditlər faizlərin ödənilməsi uzun dövriliyinə görə əlavə ehtiyatların yaradılması tələbindən istisna olunmuş, bu növ kreditlərin xüsusiyyətləri nəzərə alınaraq, digər tələblər müəyyən edilib.
Eyni zamanda, AMB bankların iqtisadiyyatın real sektorunu maliyyələşdirməsinin stimullaşdırılması məqsədilə requlyativ alətlərin qabaqcıl beynəlxalq təcrübələr əsasında araşdırılmasını daimi əsasda davam etdirir və həmin alətlərin tətbiqi imkanlarını diqqətdə saxlayır", - deyə açıqlamada qeyd olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay