İrandakı proseslər geridönməz hal alır: Neftçilər də aksiyalara qoşulur (ŞƏRH)
İranda 22 yaşlı Məhsa Əminin əxlaq polisi tərəfindən döyülərək öldürülməsinə etiraz olaraq sentyabrın 13-dən başlanan aksiyalar davam edir.
Qaynarinfo xəbər verir ki, artıq İranın neft-qaz sənayesinin işçiləri də aksiyalara qoşulacaqlarını bəyan ediblər. Onlar hakimiyyətdən aksiya iştirakçılarına qarşı zorakı davranışları və repressiyaları dayandırmağı tələb ediblər. İşçilər bəyan edib ki, hakimiyyət həbsləri və zorakılığı dayandırmayacağı təqdirdə tətil elan edib, ailələri ilə birgə aksiyalara qatılacaqlar.
İşçilər həmçinin özlərinə qarşı haqsızlığa da diqqət çəkiblər. Onlar yaşayışlarını və iş şəraitlərini quldarlıq dövrünə bənzədiblər. İşçilər bəyan edib ki, hakimiyyət etiraf etməsə də, atılan repressiv addımların şahididirlər. "Biz özümüz də etiraz edəndə həmkarlarımızın həbsinin şahidi olmuşuq. Əgər repressiyalar davam edərsə, həbs olunanlar azadlığa buraxılmazsa, biz də ailələrimizlə birgə küçələrə çıxacağıq”, deyə işçilərin bəyanatında qeyd edilir.
Siyasi analitiklər hesab edir ki, neft-qaz sənayesinin işçiləri tətilə başlasalar, İrandakı proseslər geridönməz hal ala bilər. Əvvəla, ona görə ki, neft-qaz sənayesi İran iqtisadiyyatının bel sütunudur. İndiki qlobal böhran dövründə işçilərin tətili ilə neft-qaz sənayesi çökə bilər ki, bu da İran hakimiyyəti üçün ağır nəticələr doğuracaq.
İkincisi, neft-qaz sənayesində çalışanların tətili digər sahələrə də təsirsiz ötüşməyə bilər. İrandakı prosesləri təhlil edərkən aydın olur ki, etirazlar davam etdikcə ölkənin ən müxtəlif sosial qruplarının aksiyalara diqqəti artır və əksər hallarda onlar prosesə dəstək ifadə edirlər. Bura idmançılardan tutmuş, incəsənət nümayəndələrinə kimi müxtəlif sahələri təmsil edənlər daxildir. Neft-qaz sənayesinin işçilərinin tətili isə prosesin daha geniş vüsət almasına və İranda ümumilli tətil elan edilməsinə gətirib çıxara bilər.
Məlumat üçün deyək ki, İslam inqilabının qalibiyyətlə bitməsində neft-qaz sənayesinin işçilərinin tətili az rol oynamayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay