Müəllimdən direktora ittihamlar: “Maaşdan əlavə 1300-1400 qazanıb”
“Müəllimə dərs çatmadığı halda fənn əsassız olaraq vakansiyaya çıxarılır. Buna səbəb isə məktəb direktoruna pul verməməyimizdir”.
Bu şikayətlə “Qafqazinfo”ya Gədəbəy rayonu, Novo-İvanovka kənd tam orta məktəbinin Biologiya-Kimya müəllimi Nurayyə Əzizova müraciət edib.
61 yaşlı müəllim deyib ki, 14 saatlıq dərsləri əllərindən alınaraq vakansiyaya çıxarılır: “Mən 1987-ci ildə ADU-nu Biologiya və Kimya ixtisası üzrə bitirmişəm və həmin ildən də müəllim işləyirəm. Düz 35 ildir bu fənləri tədris edirəm. 2016-cı ildə müəllimlər üçün keçirilən diaqnostik imtahanda iştirak edərək Biologiya fənnindən 42 bal toplamışam. 2-ci ixtisasdan da könüllü iştirak etmək istədikdə isə Rayon Təhsil Şöbəsindən bunun vacib olmadığını mənə bildiriblər. Məktəbdə eyni ixtisasdan 2 müəllimik. Bizim ikimizin cəmi 31 saat dərsimiz var. Bundan əlavə bizə 4 saat "Həyat bilgisi" dərsi verilib.
İyunun 13-də isə məktəbin direktoru Leysan Hüseynov bizim 14 saat- 9 saat Kimya, 5 saat da "Həyat bilgisi" fənni olmaqla dərsimizi vakansiyaya çıxdığını pedaqoji şurada bəyan elədi. Mən ona narazılığımı bildirdim və hörmətli nazirimizin iki qoşa fəndən dərs deyən müəllimlərin bir fənnən imtahan verməsini, digərinin isə vacib olmadığını ona söylədikdə direktor Leysan bu qərarın qüvvədən düşdüyünü mənə dedi. Onu da qeyd edim ki, bu tədris ilində üç sinifdə şagird sayı az olduğuna görə birləşir və biz - 2 müəllimə cəmi 12 saat Biologiya dərsi qalır”.
Nurayyə Əzizova iddia edib ki, adıçəkilən məktəbdə məktəb direktoru tərəfindən haqsızlıq, özbaşınalıq, rüşvətxorluq kimi hallar baş alıb gedir: “Leysan Hüseynov 2021/2022-ci tədris ilində çoxlu sayda dərs saatlarını gizlədib və həmin dərsləri müəllimlərin üzərinə yazaraq pulunu özü alıb. Hər ay da o, öz əmək haqqından əlavə təxminən 1300-1400 manat qazanc əldə edib. Hazırda bu məktəbin ciddi yoxlanılmasına və məktəb direktoru haqqında ölçülər götürülməsinə ehtiyac var”.
İddialarla əlaqədar Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbinin direktoru Leysan Hüseynovla əlaqə saxladıq. Direktor məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Nurayyə Əzizovanın şikayətləri əsassızdır: “Onun şikayət etməsinə səbəbi odur ki, müəllimin diplomunda Biologiya və Kimya sözü yazılır, ancaq müəllimlərin diaqnostik qiymətləndirməsində yalnız Biologiyadan keçib. Diplomunda hər iki fənnin adı yazılmış, ali təhsilli iki müəllimimiz var və Regional Təhsil İdarəsi yaranana qədər biz bu fənləri həmin iki müəllimə vermişdik. Ancaq indi müvəqqəti dərs bölgüsü aparılarkən idarədən bizə tapşırılıb ki, diaqnostik qiymətləndirmə balları ilə yazılıb, dərs bölgüsü aparılmalıdır. Biz də dərs bölgüsünü aparan zaman diaqnostik qiymətləndirmələri nəzərə almışıq. Sadəcə Kimya fənnindən diaqnostik qiymətləndirmə olmadığına görə, proqram avtomatik kimya dərsini vakansiyaya çıxarır. Mənə də idarədən tapşırılıb ki, diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərə əlavə dərs vermə. Yəni səbəb budur”.
Məktəbin direktoru onu da əlavə edib ki, sözügedən müəllimlə 12 ildir birlikdə işləyirlər və bu illər ərzində heç bir problemləri olmayıb: “Çox səmimi, mehriban, qarşılıqlı hörmət əsasında işləmişik. Aramızda heç bir problemimiz olmayıb. Düz bu dərs bölgüsü yaranana qədər… Bundan sonra aramızda belə problemlər başladı. O ki qaldı mənim müəllimlərdən pul almağıma, məktəbdə çalışan heç bir müəllim belə demir. Heç biri məndən şikayətçi də deyil”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay