Azərbaycanın bank sektorunun aktivləri regionda ən keyfiyyətlidir - BVF
2021-ci ilin yekunlarına görə, Azərbaycan bank sektorunun cəmi aktivlərin rentabelliyi 1,73% təşkil edib.
"APA-Economics"in apardığı hesablamalara görə, bu, illik müqayisədə 0,03 faiz bəndi azdır. Aktivlərin keyfiyyətinə gəldikdə, yanvarın 1-nə ölkədə bankların kredit portfelinin 4,3%-i problemli kreditlər təşkil edib.
Beynəlxalq Valyuta Fondunun (BVF) region üzrə son araşdırmasında bildirilir ki, Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda aktivlərin keyfiyyətinə (problemli kreditlərin ümumi kredit portfelindəki payı) görə, Azərbaycan birincidir. Daha sonra bu göstəriciyə görə, Gürcüstan və Ermənistan gəlir. Aktivlərin ən aşağı keyfiyyəti isə Qırğızıstan və Tacikistanda müşahidə olunur.
Lakin aktivlərin rentabelliyinə gəldikdə, Azərbaycan üst sıralarda olmasa da, region ölkələri ilə müqayisədə orta göstəriciyə malikdir. Qazaxıstan bank sektorunun aktivləri CCA-də ən gəlirlidir və 3%-i keçir. Daha sonra 2%-dən bir qədər artıq göstərici ilə Özbəkistan və 2%-lik göstərici ilə Tacikistan gəlir. Qalan ölkələr – Qırğızıstan, Ermənistan, Türkmənistan və Gürcüstan Azərbaycandan geri qalır.
BVF qeyd edir ki, əksər CCA ölkələrinin maliyyə sektorlarında banklar üstünlük təşkil edir və sektor özü-özlüyündə nisbətən kiçik və inkişaf etməyib. Bundan əlavə, region ölkələrinin bank sektorlarının dollarlaşma nisbəti digər regionların inkişafda olan ölkələri ilə müqayisədə yüksək sayılır.
Xatırladaq ki, bu ilin yanvarın 1-nə Azərbaycanda cəmi depozit bazasının dollarlaşması 49,4%-ə bərabər olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay