"Yelo Bank-ın daha da böyüyəcəyinə əminik" - Anar Həsənov
"Pandemiyanın təsirlərinə baxmayaraq Bankın uğurla həyata keçirilən inkişaf strategiyası fəaliyyət göstəricilərini qorumağa və hətta yaxşılaşdırmağa imkan verdi".
Valyuata.Az xəbər verir ki, bu sözləri Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 2021-ci ilin 4-cü rübünün maliyyə nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu inkişaf demək olar ki, Bank-ın bütün fəaliyyət istiqamətləri üzrə baş verib.
"2021-ci il Yelo Bank üçün parlaq bir il oldu. Əldə olunan pozitiv rəqəmləri analiz etdikdə başa düşülür ki, hər biri təsadüfi deyil, addım-addım qazanılmış uğurların nəticəsidir. Yalnız bu formada başlanılan inkişafı uzunmüddətli və dayanıqlı etmək olur. 2022-ci ilə əsas hədəfimiz daha çox xidmətlərimizin tam rəqəmsal təqdim olunmasıdır. Həmçinin, əsasən regionlarda olmaqla yeni xidmət şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulub. Filiallarla bərabər, kollektivimizin böyüməsi və göstərilən xidmət çeşidinin artırılması ilə Yelo Bank-ın daha da böyüyəcəyinə əminik. Əsas məqsədimiz sadəcə böyümək deyil, bu böyüməni keyfiyyətli formada reallaşdırmaqdır. Ötən il ərzində kredit portfelimizin artımı və portfelin keyfiyyəti düzgün yolda olduğumuzu göstərir. Bankın inkişafındakı əvəzsiz töhfələrinə görə müştərilərimizə, göstərdikləri etimada görə tərəfdaşlarımıza, əzmkarlarıqlarına görə komandamıza təşəkkür edirəm”.
Hesabata əsasən Bankın illik xalis mənfəəti 11.7 milyon manatdan çox olub. Eyni zamanda aktivləri də 2020-ci ilin eyni dövrü ilə müqayisədə 143 milyon, yəni 37% artaraq 533.7 milyon manat təşkil edib.
Ümumi kredit portfeli il ərzində təxminən 140 milyon manat artaraq 446 milyon manata çatıb. 2021-ci il ərzində Yelo Bank tərəfindən 240 milyondan çox biznes krediti verilib və bununla da biznes kredit portfeli 79.7%, yəni 114.7 milyon artaraq 258.7 milyon manata yüksəlib. Nəticədə, Bankın missiyasına uyğun olaraq ümumi kredit portfelinin 58%-i real sektorun payına düşüb. Qeyd etmək lazımdır ki, əvvəlki rüblərdə olduğu kimi biznes krediti əsasən mikro, kiçik və orta sahibkarların kreditləşməsi hesabına artıb. İl ərzində istehlak kreditləri üzrə portfel də 38.1% artaraq, 116 milyon manata çatıb.
Bütün istiqamətlər üzrə artım olduğu kimi, depozit portfelində də 79 milyon manatlıq 33.6% çoxalma müşahidə olunub. Belə ki, 2021-ci il ərzində 7 mindən çox müştəri öz əmanətlərini Yelo Bank-a etibar edib və nəticədə ümumi depozit portfeli 314 milyon manatı ötüb.
Bankın məcmu kapitalı da il ərzində 10 milyon manatdan çox artaraq 67.2 milyon manata çatıb. Bu göstərici requlyativ tələbdən 17.2 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.57%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.94% olmaqla, hər iki göstərici üzrə tələb olunan norma üstələnir.
Ötən il üzrə bankın xalis faiz gəlirləri 38 milyon manatı ötüb. Bu isə 2020-ci illə müqayisədə 3.5 milyon manat daha çoxdur. Hesabat dövrünə Bankın nizamnamə kapitalı 378 milyon manat təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay