Xaricdə oxuyan həkimlərə 6500 manat əlavə ödəniləcək
Xarici ölkədə təhsil alan həkim-mütəxəssislər dövlət tibb müəssisələrində işə cəlb olunacaq.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun ötən ilki hesabatına həsr olunan brifinqdə deyib. Onun sözlərinə görə, Agentlik vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” təsdiq edib:
"Proqramda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması məqsədilə Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyədə təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə cəlb olunması nəzərdə tutulur. Cəlb olunacaq həkim-mütəxəssislər eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının tibb müəssisələrində çalışan yerli kadrlara öyrədilməsini, həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirəcəklər. Proqram üzrə müraciət edən və ya tibb müəssisələri tərəfindən təqdim olunan həkim-mütəxəssislərin işə qəbulu Agentlik tərəfindən təsdiq olunan Komissiya tərəfindən aparılacaq. Seçim zamanı üstünlük Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrinə və ölkə üzrə tibbi ərazi bölmələri mərkəzlərinə verilir".
A.Əhmədova bildirib ki, proqram çərçivəsində hər il üzrə prioritet ərazilərdəki tibb müəssisələrinin hər birinə 10 nəfərdən çox olmamaqla, ümumilikdə 100 nəfər həkim-mütəxəssisin (cərrahi və radioloji profilli ixtisaslar üzrə 60 nəfər, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 40 nəfər olmaqla) cəlb edilməsi nəzərdə tutulur:
"Cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500,0 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur. Məsələn, terapevtik və pediatrik profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 9-13-cü dərəcələr arası 415-487 manat təşkil edir. Əlavə olaraq 5000 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 5415-5487 manat arası təşkil edir. Cərrahi və radioloji profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 11-15-ci dərəcələr arası 450-528 manat təşkil edir.
Əlavə olaraq 6500 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 6950-7028 manat arası təşkil edir. Proqramın maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun 2022-ci il üzrə büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. İşə qəbul meyarları ilə linkdən tanış olmaq olar. Proqram çərçivəsində orta və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması da əsas hədəflərdən biridir. Belə ki, tibb müəssisələrində çalışan orta tibb işçiləri və biomedikal sahəsi üzrə mühəndislərin ixtisaslarının artırılması məqsədilə Türkiyə Cümhuriyyətinin aidiyyəti qurumları ilə əməkdaşlıq çərçivəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Hər il 50 nəfər orta tibb işçisi və 30 nəfər biomedikal sahəsi üzrə mühəndis müvafiq tibb müəssisəsinin rəhbərinin təqdimatı əsasında Komissiya tərəfindən seçilərək təlimlərə cəlb olunacaq". //AzVision.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay