Şamaxı rayonunun içməli su təchizatı yaxşılaşdırılır
“Azərsu” ASC Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"na uyğun olaraq kənd və qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
Bu barədə Valyuta.az-a ASC-dən xəbər verilib.
Məlumata görə, Şamaxı rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Püdrəki yaşayış massivi və Bağırlı kəndində yeni layihələrin icrasına başlanılıb.
Bağırlı kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Kənddə layihə icra olunana qədər sakinlər məhsuldarlığı kəskin azalmış bulaqdan istifadə edib və maşınlarla uzaq məsafədən su daşımaq məcburiyyətində qalıb. 2019-cu ildə dövlət proqramına uyğun olaraq su təminatı zəif olan kəndə Oğuz-Qəbələ-Bakı su kəmərindən magistral xətt və kənddaxili paylayıcı şəbəkə yaradılıb, ə müxtəlif nöqtələrdə ümumi istifadə üçün su bulaqları quraşdırılıb. Əhalinin həmin bulaqlara qanunsuz qoşulmaları nəticəsində ciddi su itkilərinə yol verilib və kəndin bəzi ərazilərinə suyun verilişində problemlər yaranıb. Bunları nəzərə alaraq kənddə mərkəzləşmiş şəbəkənin yaradılması üçün layihə hazırlanıb və Cəmiyyətin daxili imkanları hesabına icrasına başlanılıb.
Hazırda kənddə hər bir evə su xətlərinin çəkilməsi və sayğacların quraşdırılması işi yekunlaşmaq üzrədir. İş başa çatdıqdan sonra hər ev təsərrüfatı kodlaşdırılacaq, suyun dəqiq uçotu aparılacaq və vətəndaşlar istifadə etdikləri suyun dəyərini ödəyəcəklər. Bağırlı kəndi ilə qonşu olan digər kəndlərdə də mərkəzləşdirilmiş içməli su şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Püdrəki yaşayış massivinin isə dayanıqlı içməli su təchizatının aparılması məqəsdilə anbar sahəsində yeni nasos stansiyası quraşdırılıb, 1 km uzunluğunda daşıyıcı xətt tikilib. Bu işlərin görülməsi ilə yaşayış massivində mövcud 150 abonentin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bununla yanaşı həmin massivin inkişaf zonasında yeni tikilmiş 100-dən artıq fərdi yaşayış evinin mərkəzləşmiş su təminatı məqsədilə layihə hazırlanıb və yaxın gələcəkdə icrasına başlanılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay