Ali məktəblərə müsabiqədənkənar qəbul şərtləri açıqlanıb
“Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər”.
Dövlət İmtahan Mərkəzindən Valyuta.az-a bildirilib ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:
- Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;
- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;
- Beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.
Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olmaq hüququ var.
“Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar”, “Beynəlxalq fənn olimpiadalarının siyahısı”, “Respublika fənn olimpiadalarının siyahısı” və “Beynəlxalq müsabiqələrin və yarışların siyahısı” Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunub. (//www.e-qanun.az/framework/42536).
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri DİM tərəfindən elan olunacaq müddətdə aşağıda göstərilən sənədləri Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə, Şəmkir) təqdim etməlidirlər:
- Ümumi qaydada təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi” formasının surəti;
- Beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin əsli;
- Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı yuxarıda qeyd olunan sənədlərin əsli ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.
Sənədlər təqdim olunduqdan sonra onların həqiqiliyi və təqdim edən şəxslərə məxsus olması DİM tərəfindən araşdırılır və araşdırmaların nəticələri barədə abituriyentlərə məlumat verilir.
Sənədlərinin həqiqiliyi və onlara məxsus olması təsdiqlənən şəxslər DİM tərəfindən elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədikləri ixtisasın kodunu yazılı şəkildə bildirməlidirlər.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər yuxarıda göstərilən sənədlərlə yanaşı, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim edirlər.
Beynəlxalq səviyyədə akkreditasiya olunan aşağıdakı təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər:
- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);
- Yüksək yerləşdirmə (Advanced Placement).
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına yalnız “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan verərək “məqbul” qiymət alan abituriyentlər malikdirlər.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq istəyən yuxarıda qeyd olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər DİM tərəfindən elan olunacaq müddətdə aşağıdakı sənədləri Dövlət İmtahan Mərkəzinə (Ünvan: Yasamal rayonu, Mikayıl Müşfiq küç., 1M) və ya onun regional bölmələrindən birinə təqdim etməlidirlər:
- “Abituriyentin elektron ərizəsi” nin surəti;
- Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin əslini və surətini, həmçinin həmin sənədin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.
Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin edirlər.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq üçün sənədlərini təqdim edən abituriyent DİM tərəfindən elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədiyi ixtisasın kodunu yazılı şəkildə bildirməlidir. Abituriyentlər yalnız yuxarıda qeyd olunan təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisasları seçə bilərlər.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları üzrə aşağıda təqdim olunub:
Beynəlxalq Bakalavriat Diplom Proqramı;
- Ödənişli əsaslarla qəbul üçün - 25 (“Hüquqşünaslıq” və “Tibb” ixtisasları üzrə - 30)
- Dövlət sifarişi əsasında qəbul üçün - 35
Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə);
- Ödənişli əsaslarla qəbul üçün - C
- Dövlət sifarişi əsasında qəbul üçün - B
Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə).
- Ödənişli əsaslarla qəbul üçün - 3
- Dövlət sifarişi əsasında qəbul üçün - 4
“Müvafiq üç imtahan fənni” dedikdə I ixtisas qrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupu üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay