Azərbaycan "rəqəmsal manat"ın dövriyyəsinə hazırdırmı? - AÇIQLAMALAR
Dünyada innovativ texnologiyalar yeni inkişaf səviyyəsinə qədəm qoyduqca müxtəlif ölkələrdə rəqəmsal valyuta meylləri artır. Dünyanın bir çox ölkələri artıq bu istiqamətdə nəzəri araşdırmalardan konkret müzakirələrə keçiblər. Artıq Avropa Mərkəzi Bankı, habelə bir çox ölkələrin mərkəzi bankları ayrıca rəqəmsal valyuta yaratmağın hərtərəfli təhlil və araşdırmaları ilə məşğuldur. Çində rəqəmsal yuanla bağlı pilot layihəsinin elanından sonra qonşu Yaponiyada da bunu maliyyə təhlükəsi olaraq qəbul edərək sözügedən istiqamətdəki işləri sürətləndirdilər. Qardaş Türkiyədə də son dövrlər “rəqəmsal lirə” yaratmaq barədə müzakirələr sürətlənib. Azərbaycanda isə nağdsız ödənişlərin həcminin artmasına baxmayaraq rəqəmsal valyutanın dövriyyəsi reallaşdırılmayıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, Azərbaycanda hələ ki, rəqəmsal valyutanın tətbiqi üçün müvafiq infrastruktur və tələb yoxdur:
“Rəqəmsal valyutaların dövriyyəsi daha çox innovasiyanın geniş tətbiq olunduğu və ya innovativ texnologiyaları qəbul etmiş cəmiyyətlərdə perspektivli olur. Müəyyən zaman çərçivəsində Azərbaycanda da kriptovalyutaların tətbiq edilməsi, rəqəmsal milli valyutanın yaradılması və istifadə edilməsi baş tutacaq. Amma əgər söhbət 5-10 ildən gedirsə, indiki şərtlər daxilində bunun üçün müvafiq infrastruktur və tələb yoxdur. Azərbaycanda hələ ki, pul dövriyyəsinin 90 %-dən çoxu nağd şəkildə olur".
Ölkədə 8 milyona yaxın kartın olduğunu deyən ekspert qeyd edib ki, bunun ən yaxşı halda 15 %-i nağdsız ödənişlərin həyata keçirilməsi üçün istifadə olunur:
"Ölkədə əhalinin əhəmiyyətli hissəsi kartları nağdlaşdırma məqsədilə istifadə edir. Onlayn ticarət dövriyyəsi də pandemiya dövründə bir qədər artsa da, ümumilikdə çox aşağı səviyyədədir. Əhalinin əhəmiyyətli hissəsi, xüsusilə də orta və yaşlı nəsil məsələyə konservativ yanaşmır. Kriptovalyutanın dövriyyəsinin genişlənməsində digital bazarlıqların inkişafı çox əhəmiyyətlidir. Bizdə hələlik əhalinin digital bacarıqları, mövcud infratstuktur buna tam olaraq şərait yaratmır. Pandemiyaya qədər onlayn ticarət belə Azərbaycanda hətta böyük şirkətlər üçün o qədər də cəlbedici görsənmirdi. Hətta xarici şirkətlərin Azərbaycandakı nümayəndəlikləri belə bu istiqamətdə bir platforma təklif etmirdilər”.
R.Həsənov qeyd edib ki, Mərkəzi Bank əhalinin rəqəmsal valyuta barədə məlumatlı olması üçün maarifləndirici addımlar atmalıdır:
“Azərbaycan bazarında hələ uzun müddət bu istiqamətdə təşəbbüslər özünü doğrultmayacaq. Amma dünyada buna doğru gedilir. Artıq bütün sahələrdə rəqəmsallaşma sürətlənib. Valyutanın tədavülü sahəsində də rəqəmsallaşma vacib inkişaf istiqamətlərindən birinə çevrilib. Azərbaycan da bundan qaça bilməz. Bu, gələcəyin reallığıdır. Daha yaxşı olar ki, aidiyyəti qurumlar, o cümlədən Mərkəzi Bank özlərinin də qeyd etdiyi kimi, indidən mövqe ortaya qoysun, bu istiqamətdə müəyyən yanaşma və strategiya hazırlasın, bazarı dərindən öyrənsin, paralel olaraq da əhalini buna hazırlasın. Xüsusilə də maarifləndirmə yolu ilə. Əhalinin digital bacarıqlarının inkişaf etdirilməsi növbəti mərhələdə icmaların inkişafında əsas lokomativ rolunu oynayacaq. Çünki cəmiyyət fərqli istiqamətdə inkişaf edib. Buna görə də düşünürəm ki, Azərbaycanda da müvafiq qurumlar bu istiqamətdə ciddi addımlar atmalıdır”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, hazırda rəqəmsal valyutalarla bağlı dünyada bir qədər xaotik vəziyyət mövcuddur:
“Rəqəmsal valyutanın Azərbaycanda yaradılmasına ehtiyac var. Bu, kifayət qədər məqsədəuyğun addım kimi dəyərləndirilməlidir. Ümumiyyətlə gələcəkdə pul-kredit siyasəti nöqteyi-nəzərdən rəqəmsal valyutanın tətbiqinə bütün ölkələr bu və ya digər həcmdə getməli olacaq. Bu, müasir iqtisadi və texnoloji çağırışlarla bağlıdır. Bu gün artıq müəyyən rəqəmsal valyutalar dünyada tətbiq edilir. Amma bu istiqamətdə bütövlükdə dünyada bir xaotik vəziyyət var. Yəni anonim mənbələrə istinad edilən kriptovalyutalar dövriyyəyə buraxılır. Bu da çox ciddi mənfi fəsadlara səbəb olur. Düşünürəm ki, bu fəsadlar daha da dərinləşəcək. Amma bu o demək deyil ki, biz rəqəmsal valyuta tətbiqinə soyuq yanaşmalıyıq”.
E.Məmmədov qeyd edib ki, Azərbaycanda rəqəmsal valyuta Mərkəzi Bank tərəfindən emissiya edilərsə, lazımi nəticəni almaq olar:
“Rəqəmsal valyutalar olmalı, lakin onları hansısa özəl qurumlar, fiziki şəxslər yaxud anonim mənbələr yox, dövlət emissiya etməlidir. Bu, bir tərəfdən valyutanın dayanıqlılığına xidmət edəcək, digər tərəfdən pul kütləsinə nəzarət edilməsi baxımından böyük imkanlar açacaq.
Eyni zamanda real sektorun inkişafına mane olan amillərin bundan sonra ayaq açmasına tam şəkildə blok qoyacaq. Ona görə də real sektora investisiyaların çatması, biznes əməliyyatlarının şəffaflaşdırılması və operativliyi baxımından rəqəmsal valyutanın tətbiqi olduqca müsbət trend kimi dünya iqtisadiyyatında olacaq. Azərbaycanda da rəqəmsal valyutadan istifadə tətbiq edilməlidir. Amma bu dövlət tərəfindən emissiya edilən rəqəmsal valyutalar olmalıdır. Əks halda bazarlarda xaosun dərinləşməsinə və iqtisadiyyatın idarə olunmaz həddə çatmasına səbəb ola bilər. Əgər rəqəmsal valyutanı Mərkəzi Bank emissiya etsə, prosesə tam şəkildə nəzarət etmək və bütün mənfi nəticələrin qarşısını effektiv şəkildə almaq olar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay