
Sahibkar dövlət qurumundan çəkinməməlidir... – AÇIQLAMA
"Dövlət orqanları sahibkarların dostuna çevrilməlidir”.
Valyuta.az xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Milli Məclisin sabahkı iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi fonunda iş adamlarının maraqlarının təmini üçün hansı addımlara ehtiyac olduğundan danışan ekspertin fikrincə, bunun üçün ilk növbədə sahibkarlarla bağlı problemlər sistemləşdirilməlidir:
"Onlarla bağlı problemlərin bəziləri vergi və gömrük qanunvericiliyindən doğur. Bu sahədə təşviqedici addımlar kifayət edəcək səviyyədə deyil. Digər tərəfdən, uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanları üçün dövlətin təşviq siyasətinə ehtiyac var”.
N.Cəfərli qeyd edib ki, sahibkarlıq fəaliyyətinə əngəl olan başlıca maneə Rəqabət Məcəlləsinin olmamasıdır:
"Rəqabət Məcəlləsinin qəbulu və rəqabət mühitinin genişləndirilməsilə bağlı yaşanan problemlər həllini tapmalıdır. Hazırda sahibkarlıq subyektlərinin inzibati yoxlamaları məsələsinə monitorinq qoyulub. Bunu hər dəfə ildən-ilə uzatmaqdansa, qanuni şəklə salmaq lazımdır”.
Onun sözlərinə görə, dövrü yoxlamaların hansı formada aparılması və yoxlamalarla bağlı qərarın necə verilməsi ilə bağlı da qanuni əsaslar olmalıdır ki, sahibkarlar hansısa formada qeyri-qanuni yoxlamalara məruz qalmasınlar:
“Yəni, həm qanunvericilik, həm bir-birilə bağlı qanunların dəyişdirilməsi, həm də təşviq siyasətinin genişləndirilməsində sahibkarlara dəstəklə bağlı görüləsi işlər çoxdur. Dövlət orqanları sahibkarın çəkindiyi qurum yox, onun dostuna çevrilməlidir. Bunun üçün də qanunvericliklə, həm də iş qaydaları ilə bağlı müəyyən dəyişikliklərin olması mütləqdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay