
\"Turist niyə Azərbaycana gəlsin ki?\" - AZAL üzündən...
2 gün öncə "Azərbaycan Hava Yolları” ( AZAL) Qapalı Səhmdar Cəmiyyəti İnvestisiya Holdinqinin idarəetməsinə verilib. AZAL-ın işlərinə nəzarət etmək üçün Müşahidə Şurası yaradılıb.
Öncə qeyd edim ki, bu günə qədər İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş bütün təşkilatlardakı Müşahidə Şuralarının işi suallar yaradır. Məsələn, AZAL prezidenti və onun müavinləri yerlərində qalıb yenə qərarlar verəcəklərsə, Müşahidə Şurası nə işlə məşğul olacaq? Məsuliyyəti kim daşıyacaq?! Müşahidə Şuraları özü qərar verib, özü də yerinə yetirməsinə nəzarət edəcəksə, AZAL rəhbərliyinin səlahiyyətində hansı məsələlər qalacaq? Paralel idarəçilik yeni problemlər yaratmayacaqmı? Onsuz da məmur süründürməçiliyindən, bürokratiyadan xeyli əziyyət çəkirik.
Qayıdaq göylərlə uçan şirkətimizin xəyallarımızın qol-qanadını qıran qiymət siyasətinə. Artıq uzun müddətdir əhali AZAL-daki fantastik qiymətlərdən şikayətçidir.
Turizm üzrə ekspert Rəna Həsənova Valyuta.Az-a bildirib ki, Azərbaycandan İtaliya şəhərlərinə gedib qayıtmaq istəyən vətəndaşın bilet xərci 1200-1400 avroya başa gəlir.
“Hansı ki həmin dövrdə Gürcüstandan səfər edənlər 58 avroya biletlərini ala bilərlər. Azərbaycanda vəziyyət belə deyil. Çünki paketə hərəkətin təmin edilməsi xərcləri birbaşa daxil olur. Burda da AZAL elə vəziyyət yaradıb ki, dünya ilə müqayisə olunan vəziyyət deyil. Reyslərin sayının məhdud olması da səyahət etmək istəyənlərə baha qiymətə bilet almaqdan başqa seçim yolu qoymur. Məsələn, Moskva istiqamətində 18:51 və 18:53 reysləri var. 18:51 reysində sırf Azərbaycan vətəndaşları gedə bilər və bununla 18:53 reysi arasında 200 manat qiymət fərqi var. Tələbatın böyük olması səbəbi ilə may ayının ortasına qədər nə qədər ucuz bilet varsa hamısı satılıb. 1000 manatdan ucuz bilet tapmaq mümkün deyil. AZAL reyslərin sayını artırmadıqca, bu problem qalacaq. Dövlətin bütün imkanlarla qaldırmaq istədiyi turizm sektorunun belini məhz təyyarə biletlərinin yüksək qiymətləri qırır. Turits Azərbaycana ala biləcəyi biletin qiymətinə başqa ölkədə bütün istirahətinin xərclərini ödəyə biləcəyini görüncə, niyə Azərbaycana gəlsin ki? AZAL-ın bu anlaşılmaz siyasəti nəticəsində qonşu ölkələrimiz və turist qazanır, biz bir neçə illik müştərilərimizi itiririk, AZAL rəhbərliyi isə külli miqdarda qazanc əldə edir.
Rəqabət nisbətində Gürcüstan bazarı bizdən çox üstündür. Məhz AZAL-ın siyasətinə görə, Gürcüstandakı qiymətlər bizdən 5 dəfə ucuzdur”,- deyə ekspert gileylənir.
Hökumət səviyyəsində bir neçə dəfə müzakirələr aparılsa da, təyyarə biletlərimizin qiymətləri azalmaq əvəzinə qalxmaqda davam edib. Ümid edilir ki, Müşahidə Şurasının yeni tərkibi AZAL-ın işində, idarəçilik sistemində yeniliklər edə biləcək. Mütəxəssislər hesab edirlər ki, AZAL-a tərəfdaş yox, rəqib lazımdır.
AZAL-da qiymətlərin bu qədər baha olmasının səbəblərindən biri də şirkətin aerodroma sahib olmasındadır. Yəni AZAL-a məxsus hava limanından istifadə edən digər yerli uçuş şirkətləri də onun qiymət sisteminə ayaq uydurmağa sadəcə məcbur qalırlar. Çünki aerodromdan istifadə haqqını AZAL yüksək qiymətlərlə təyin edib. AZAL-ın bu mənada hegemonluğuna son qoymağın tək yolu onu parçalamaq, hava limanı ilə AZAL-ı bir-birindən ayırmaqdır.
İlhamə
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay