Redaktor
Azərbaycanda iş adamları boşananda, biznes və əmlak necə bölünür?
Uzun illər bir yerdə qazandığınız hər şey bir anda mübahisə mövzusuna çevrilə bilər. Ev, maşın, hətta birgə alınan mebel belə. Boşanma zamanı bu əmlakın kimə məxsus olacağına qanun necə qərar verir? Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, boşanma zamanı ər-arvadın bütün əmlakı bərabər şəkildə bölünür. Bəs burada bərabər bölünmə deyiləndə, nə nəzərdə tutulur?
Hüquqşünas Ceyhun Məmmədov Valyuta.az-a açıqlamasında bildirir ki, bu tam doğru deyil: “Qanuna görə, yalnız nikah dövründə birgə gəlirlərlə əldə edilən əmlak birgə mülkiyyət sayılır. Yəni əgər əmlak nikahdan əvvəl alınmış, hədiyyə və ya miras yolu ilə əldə edilmişsə, bu artıq şəxsi mülkiyyət hesab olunur və boşanma zamanı bölünmür. Bu məsələ Ailə Məcəlləsinin 32-39-cu maddələrində ətraflı göstərilib. Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakılar şəxsi mülkiyyət sayılır:
-Nikahdan əvvəl ər-arvadın malik olduğu əmlak;
- Nikah dövründə hədiyyə və ya miras kimi əldə edilən əmlak.
- Hər iki tərəfdən birinin şəxsi istifadə üçün aldığı əşyalar (geyim, şəxsi cihazlar və s.). Bu hallarda həmin əmlak ümumi bölünmə predmeti sayılmır”.
Bəs tərəflərdən biri nikah dövründə hədiyyə və ya miras yolu ilə əmlak əldə edib, amma sonra o əmlakın dəyəri birgə vəsaitlə artıbsa, bu zaman bölgü məsələsi necə tənzimlənir?
- Bu halda fərqli yanaşma tətbiq olunur. Məsələn, həyat yoldaşlarından biri atasından miras qalan torpaq sahəsində birgə ailə vəsaiti ilə ev tikibsə, torpaq şəxsi mülkiyyətdir, amma tikiliyə görə digər tərəfin pay hüququ yaranır. Yəni, bu zaman məhkəmə həmin artımı nəzərə alaraq kompensasiya və ya pay bölgüsü qərarı verə bilər.
Nikah müqaviləsi olan və olmayan ailələr var. Nikah müqaviləsi varsa, bu hansı üstünlük qazandırır?
- Nikah müqaviləsi qanun qarşısında çox güclü sənəddir. Ailə Məcəlləsinin 38-ci maddəsinə əsasən, tərəflər əvvəlcədən razılaşaraq əmlakın hansı şərtlərlə bölünəcəyini müəyyən edə bilərlər. Əgər müqavilədə “hər kəs öz qazandığını saxlayır” kimi bənd varsa, boşanma zamanı ümumi bölünmə qaydası tətbiq edilmir. Bu, xüsusilə bizneslə məşğul olan ailələr üçün hüquqi təhlükəsizlik yaradır.
Nikah müqaviləsi yoxdursa, tərəflərdən biri nikah dövründə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, bu zaman əmlak necə hesablanır?
- Sahibkarlıq fəaliyyəti ilə bağlı əmlak, adətən, onu həyata keçirən şəxsin adına olur. Lakin digər tərəf sübut edə bilərsə ki, biznesin yaradılmasına birgə gəlirlər və ya onun əməyinin payı olub, məhkəmə ədalət prinsipi ilə kompensasiya təyin edə bilər. Məsələn, ər sahibkardır, amma arvad onunla birlikdə ofisdə işləyib, gəlirə birbaşa təsir edib. Bu halda onun da pay hüququ formalaşır.

Qadın evdə ev işləri ilə məşğul olub, uşağa baxıb. Bu zaman biznesdən pay ala bilir?
- Əgər nikah müqaviləsi bağlanmayıbsa, nikah dövründə ər-arvaddan biri sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda əldə edilən əmlakın hüquqi rejimi Ailə Məcəlləsinin 32 və 33-cü maddələri ilə tənzimlənir. Qanunvericiliyə əsasən, nikah müddətində ər-arvad tərəfindən əldə edilən bütün əmlak onların birgə (ümumi) mülkiyyəti hesab olunur, istər bu əmlak əməkhaqqı, istərsə də sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunsun. Nəticə etibarilə, nikah müqaviləsi olmadıqda sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən əmlak qanunla birgə mülkiyyət hesab olunur, lakin pay bölgüsünün konkret nisbəti tərəflərin faktiki töhfələrinə əsasən məhkəmə tərəfindən müəyyən edilir. Nikah müqaviləsi olmadıqda sahibkarlıq fəaliyyəti ilə bağlı əmlakın kimə məxsusluğu yalnız onun adına rəsmiləşdirilməsi ilə deyil, həmin fəaliyyətin nikah birliyinin birgə maraqları üçün həyata keçirilib-keçirilməməsi ilə müəyyən olunur. Məhkəmə bu zaman tərəflərin gəlir mənbələrini, əmək və maddi töhfələrini, ailə büdcəsinə verdikləri payı qiymətləndirir və nəticədə ədalət prinsipinə əsasən kompensasiya və ya pay bölgüsü təyin edir.
Uşaqların istifadəsində olan əşyalar necə bölünür?
- Uşaqların istifadəsində olan əşyalar bölünmür. Bu, qanunla qorunan sosial prinsipdir. Uşağın yatağı, mebeli, kompüteri, təhsil üçün ləvazimatları kimi əşyalar uşağın yanında qalan valideynin istifadəsində saxlanılır. Burada məqsəd – uşağın yaşayış şəraitinin pozulmamasıdır.
Bəzən insanlar nikah dövründə bir-birindən ayrı yaşayıb, amma rəsmi nikah davam edib. Həmin dövrdə alınan əmlak necə hesablanır?
- “Qanun burada “faktiki ailə münasibətləri” prinsipini əsas götürür. Əgər tərəflər uzun müddət birgə yaşamayıb, ailə büdcəsi formalaşmayıbsa, həmin dövrdə alınan əmlak birgə mülkiyyət sayılmır. Yəni, nikah kağız üzərində qalsa da, iqtisadi birgəlik yoxdursa, bölünmə də tətbiq edilmir.
Sonda oxucularımıza hansı məsləhəti verərdiniz?
- Boşanma zamanı emosiyalar çox olur, amma bu prosesin hüquqi tərəfi soyuqqanlı yanaşma tələb edir.
Əgər əmlak mübahisəsi varsa, hər bir tərəf öz hüququnu sənədlərlə sübut etməlidir: əmlakın alınma tarixi, mənbəyi, kim tərəfindən ödənildiyi və s. Ən əsası – peşəkar hüquqi yardım almadan bu prosesə başlamaq risklidir. Çünki bəzən bir sənəd və ya vaxtında təqdim olunmayan sübut illərlə qazandığınız haqqı itirməyə səbəb ola bilər.
Tənzilə Ağabalayeva
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBrendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025